Əlaqə Arxiv
news Image
2014.05.30
17:32
| A A A
Azərbaycanda məhkumlara məzuniyyət veriləcək

Məhkumlara məzuniyyət verilməsi ilə bağlı mövcud qanunvericiliyə əlavə və dəyişikliklər ediləcək

Azərbaycanda azadlıqdan məhrum edilmiş şəxslərə, cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlara məzuniyyət verilməsi ilə bağlı mövcud qanunvericiliyə əlavə və dəyişikliklər ediləcək.


Bunu Trend-ə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov deyib.


İdarə rəisinin sözlərinə görə, bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən Milli Məclisə təqdim edilmək üçün müvafiq təkliflər hazırlanır: "Müəyyən hadisələr zamanı, məhkumların əzizlərinin, doğmalarının xeyir-şər günlərində iştirak etmək üçün onlara məzuniyyət verilməsi nəzərdə tutulur. Təkliflər yaxın gələcəkdə parlamentə təqdim ediləcək. Bunun mexanizmi, məzuniyyətin hansı formada və nə qədər müddətə verilməsi məsələsi müzakirələrdən və Milli Məclis tərəfindən qanunvericiliyə dəyişikliklər qəbul edildikdən sonra dəqiq bilinəcək".


R.Ramazanov qeyd edib ki, hazırda Penitensiar Xidmətdə 15-20 il bundan əvvəlki münasibətlər tamam dəyişib. Getdikcə cəmiyyətin demokratikləşməsi, eyni zamanda, Penitensiar Xidmətdə aparılan islahatlar azadlıqdan məhrum edilmiş şəxslərə öz doğmaları, əzizləri, ictimaiyyət nümayəndələri ilə görüşmələrinə daha geniş imkan verir, daha yaxşı şərait yaradılır: "Ümumiyyətlə, bu gün penitensiar müəssisələrdə saxlanma şəraiti ilə bağlı heç bir ciddi problem yoxdur. Hətta elə müəssisələr var ki, orada o qədər tamaşa və konsertlər verilir ki, məhkumlar bəlkə də azadlıqda olarkən heç bu qədər teatr və konsertdə olmayıblar. Təbii ki, bunun məhkumların islah edilməsində də çox böyük əhəmiyyəti var".


Sizin Reklam Yeriniz