Zəngin qarderob, fəsillərə uyğun aksesuarlar, cürbəcür zinət əşyaları və s. xanımlar üçün əsas olsa da onlar gözəl görsənməkdə kosmetikanı özlərinə yeganə yardımçı sayırlar. Makiyajın gözəlliyi birə-beş artırdığı fikrində olan xanımlar imkanları daxilində bahalı və keyfiyyətli kosmetik vasitələrdən istifadə etməyə çalışırlar. Məşhur firmaların istehsalı olan kosmetik vasitələri almağa imkanları çatmayanlar isə həmin firmaların adı altında satışa çıxarılan ucuz kosmetikalardan istifadə edirlər. Gözəlləşmək xatirinə belə ucuz kosmetikalarla bəzənib-düzənənlər isə çox vaxt qaş düzəltdikləri yerdə vurub göz çıxardırlar. Saxta kosmetik məhsulların dəridə yaratdığı xoşagəlməzliklərdən danışan həkim-kosmetoloq Nazilə Əhmədova onlardan istifadəni orqanizm üçün də təhlükəli sayır. N. Əhmədova deyir ki, saxta məhsulların ekspertizası zamanı onların tərkibində əsasən fenol mənşəli kimyəvi turşuların çoxluq təşkil etdiyi məlum olub. Bu da dəridə müalicəsi çətin olan yanıq və yaraların əmələ gəlməsi ilə sonuclanır. Kosmetoloqun sözlərinə görə, bundan əlavə belə tərkibli məhsullar insanın dərisi ilə təmasda olduğundan daxili orqanlara da mənfi təsir göstərir. Orqanizmdə maddələr mübadiləsinin pozulmasına, xroniki dəri-zöhrəvi və əsəb xəstəliyinin yaranmasına səbəb olur. N. Əhmədova bu yaxınlarda rastlaşdığı bir faktı da diqqətə çatdıraraq xanımları kosmetikadan istifadə edərkən ehtiyatlı olmağa çağırır. N. Əhmədova son zamanlar populyarlaşan tərkibində meyvə turşusu olan tonal kremlərin zərərli olduğunu dedi. "Bu cür alfa-hidroturşulu kremlər dərinin cavanlaşdırılmasında istifadə olunur və yaxşı effekt verir. Bu kremlər dərinin üst qatlarını "kəsərək" daha dərin təbəqədə yerləşən cavan dərini üzə çıxarmaq yolu ilə kömək edirlər. Dərinin üst təbəqəsi isə ölü hüceyrələrdən ibarətdir. Bu da dərini günəşin zərərli şüalarından, küləkdən və nəmdən qoruyur. Meyvə turşusu isə bu təbəqəni yox edərək cavan dərini təbiətlə birbaşa təmasda qoyur. ABŞ-ın FDA və CTFA assosiasiyası dərinin belə həssaslaşması nəticəsində yüzlərlə qadının üzündə ləkə və yanıqların əmələ gəlməsini sübut edib".
N.Əhmədova yay aylarında belə kosmetikanın digər mövsümlərə nisbətən daha təhlükəli olduğunu deyir. Və onlardan bu mövsümdə istifadədən mümkün qədər çəkinməyi məsləhət görür. Onun sözlərinə görə, küçədə satılan pudralar, dodaq boyaları, əsasən də gözün makiyajı üçün istifadə olunan kosmetik məhsullar xüsusilə təhlükəlidir: "Onların əksəriyyəti birbaşa insanın dərisi ilə təmasda olduğu üçün və günəş şüalarına məruz qaldığından hətta dəri xərçənginin yaranmasına da gətirib çıxarır". Kosmetoloq xanımlara keyfiyyətsiz kosmetikanı ayırd etmək üçün məsləhət də verdi: " Kirşanın keyfiyyətsiz olduğunu ilk növbədə ondan gələn kəskin ədviyyat qoxusundan müəyyən etmək olar. Dodaq boyalarının keyfiyyətsizliyini isə onun quru və parlaq olmasından başa düşmək olur. Saxta ənlikləri isə digər keyfiyyətsiz kosmetik vasitələrdən daha tez seçmək mümkündür. Onların tərkibinə quru məişət boyaları qatıldığından ənlik qablaşdırılan qutuda da tez ovxalanır".