Əlaqə Arxiv
news Image
2014.06.04
10:54
| A A A
İnsan alverinə qarşı mübarizə sahəsində təsirli tədbirlər görülür

Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konstitusiyasının və "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırıması və cəzalandırılması" haqqında Protokolunun, həmçinin, "İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında" Brüssel Bəyannaməsinin prinsipləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarızə üzrə Milli Fəaliyyət Planı" təsdiq edilib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19 may 2004-cü il tarixli əmri ilə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxs – Milli Koordinator, Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov təyin edilib.

Milli Fəaliyyət Planına əsasən insan alverinə qarşı mübarizə sahəsində, demək olar ki, bütün dövlət strukturlarının, eləcə də Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Ədliyyə Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Respublika Baş Prokurorluğunun və digər mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi təmin edilir. Lakin şəxsiyyətin şərəf və ləyaqətini alçaldan insan alverinin qarşısının alınması, onunla mübarizəni, insan alveri qurbanlarının müdafiəsini təmin edən, insan və vətəndaş hüquq və azadlıqlarını Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və tərəfdar çıxdığı müqavilələrə uyğun olaraq cinayətkar qəsdlərdən qoruyan, bu məqsədlərlə qanunvericilikdə müəyyən edilmiş qaydada təhqiqat orqanı funksiyasını yerinə yetirən və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən ixtisaslaşdırılmış struktur qurum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsidir. Eyni zamanda DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi müvafiq beynəlxalq qurumlarla da əlaqəli fəaliyyət göstərir.

Qeyd olunmalıdır ki, Baş İdarə tərəfindən bir sıra təsirli tədbirlər həyata keçirilərək xeyli sayda transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri halları aşkar edilərək təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Yalnız 2014-cü ilin ilk dörd ayı ərzində əxlaqsızlıq yuvalarının saxlanılması və insan alveri ilə əlaqədar 72 fakt üzrə təhqiqat işlərinin aparılması və cinayət işlərinin başlanmasına dair DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi rəsmi məlumatlar yaymışdır. Təəssüflə qeyd olunmalıdır ki, son illərdə insan alveri, əxlaqsızlıq yuvalarının saxlanılması faktlarının sayında artım, bu cinayətlərlə məşğul olan və onlara cəlb edilən şəxslərin yaş həddində azalma müşahidə olunmaqdadır. Belə ki, 2011-ci ildə bu kimi cinayətlərin sayı 174, 2012-ci ildə 228, 2013-cü ildə isə 238 olmuşdur. Və ya analoji fakt kimi 2014-cü il yanvarın 17-də DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1990-cı il təvəllüdlü, Bakı şəhər Yasamal rayonu Ə.Ələkbərov 559, ev-D, mənzil 18-də yaşayan İsgəndərov Elşad İbrahim oğlunun gəlir əldə etmək məqsədilə qadınları Türkiyə Respublikasına apararaq cinsi istismara məruz qoyması faktı ilə əlaqədar saxlanılmasını göstərmək olar ki, hazırda bu faktla əlaqədar araşdırma aparılır. Bu fakt cinayət işi üzrə təqsirləndirilən şəxsin yaşının azlığı ilə yanaşı, cinayətkar şəbəkənin transmilli xarakter daşıması ilə də diqqət çəkir. Təkcə bu il "Siyəzən", "Dəniz", "Dərəçiçək", "Turob", "Köhnə Qala" kafe və restoranlarında, "Titanik", "Olimpik" otellərində əxlaqsızlıq yuvaları aşkar edilmişdir. Görünür, insan alverinə görə cəzaların, yumşaq deyilərsə, yüngül olması toxunulan hallara rəvac verilməsinə şərait yaradır, ona görə də təbiidir ki, bu cəzaların sərtləşdirilməsi gündəlikdə duran başlıca vəzifələrdən hesab edilə bilər. Digər tərəfdən, mövcud vəziyyət əxlaqsızlıq yuvalarının saxlanılmasl faktlarına qarşı, başlıcası isə azyaşlılara qarşı cinayətlərin törədilməsi halları ilə əlaqədar barışmaz mövqe tutmağı, effektli mübarizə aparmağı tələb edir. Bütün bunlar, heç şübhəsiz, qanunvericiliklə yerli idarəetmə orqanlarının da rolunun artırılmasına, hətta buna görə məsuliyyətin müəyyən olunmasına da zəmin yaradacaqdır.

Sizin Reklam Yeriniz