Əlaqə Arxiv
news Image
2014.06.05
18:02
| A A A
Millət vəkili: ""Yehova şahidləri”dini təriqəti ölkədə sabitliyi pozmaq üçün maliyyələşdirilərək təşkilatlandırılır"

"Azərbaycanda qeydiyyatdan keçən dini təriqətlərin məqsədi heç də xoş deyil. Onların çoxu elə ölkədə sabitliyi pozmaq üçün maliyyələşdirilərək təşkilatlandırılır. "Yehova şahidləri" adlı dini təriqətin də gah Sumqayıtda, gah da Gəncədə palatka qurub dini təbliğat aparması düzgün deyil. Bu təriqətin üzvlüyə cəlb etdiyi insanlara ayda 200 manat maaş verərək dul qadınları, imkansız ailələri öz icmasına cəlb edir. Ümumiyyətlə . "Yehova şahidləri" və bu kimi dini təriqətlərə ciddi nəzarət olunmalıdır".

Bu sözləri Movqe.az-a "Yehova şahidləri" dini təriqət üzvlərinin son vaxtlar qeyri-qanuni əməllərlə gündəmə gəlməsinə münasibət bildirən millət vəkili Yevda Abramov söyləyib.  

Y. Abramov bildirib ki, son vaxtlar "Yehova şahidləri" dini təriqət üzvlərinin Azərbaycanın iri rayon və şəhərlərini hədəf seçərək təbliğat aparması heç də təsadüfi deyil: "Çünki bu cür dini təriqətlərin arxasında müxtəlif ölkələrdə qarışıqlıq yaratmaq istəyən siyasi qüvvələr durur və bu məqsədlə külli-məbləğdə maliyə ayrılır. Bizim şeyximiz də bildirib ki, Azərbaycanda heç bir dini təriqətə yer yoxdur. Bu insanların dini azadlıqlarının məhdudlaşdırılması demək deyil. Azərbaycan kifayət qədər tolerant ölkədir. Elə olmasaydı, Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanlar yaşaya bilməzdilər. Dinləri təriqətlərə bölənlərin məqsədi xoş olmadığından bizim hüquq mühafizə orqanları da ayıq-sayıq olmalıdırlar. Əgər "Yehova şahidləri" dini təriqətinin üzvləri öz nizamnamələrində göstərilənlərdən kənara çıxırlarsa, bunun qarşısı alınmalıdır".

Qeyd edək ki, son vaxtlar "Yehova şahidləri" dini təriqətinin üzvlərinin qeydiyyatdan keçdikləri ərazidən başqa yerlərdə təbliğat aparması, dini ədəbiyyatlar yayması halları ilə tez-tez rastlaşılır. 

Buna misal kimi Gəncə şəhər sakini Yeganə Qəhrəmanovanın 37 nəfərin iştirakı ilə "Yəhova şahidləri" dini icmasının qanunsuz yığıncağını keçirməsi faktını göstərmək olar. Daxili İşlər Nazirliyinin (DİN) verdiyi məlumata görə, bu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi və Gəncə şəhərinin Nizami rayon Polis Şöbəsi əməkdaşlarının iyunun 12-də birgə həyata keçirdikləri tədbirlər nəticəsində baş verib. Onlar rayon Polis Şöbəsində dəvət olunub, Y. Qəhrəmanova və həmyerliləri Rəna Sadıqova, Rəşad Niftəliyev və Bakı şəhər sakini Teymur Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 299-su (dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsinə əsasən protokol tərtib edilərək tədbir görülməsi üçün məhkəməyə göndərilib. Digər şəxslərə isə xəbərdarlıq edildikdən sonra buraxılıblar. Lənkəranda da "Yehova şahidləri" dini təriqət üzvlərinin qanunsuz 

əməlləri ifşa edilib.  Aprelin 29-da Lənkəran Şəhər Rayon Polis Şöbəsi, Milli Təhlükəsizlik Nazirliyinin Lənkəran rayon şöbəsi və Dini Qurumlarla İşlər Üzrə Dövlət Komitəsinin Cənub Bölgəsi əməkdaşlarının birgə tədbirləri zamanı Lənkəran şəhər sakini Gülnaz Nəsirovanın müvafiq icazəsi olmadan "Yəhova şahidləri" dini təriqətini təbliğ etməsi müəyyən edilib və evinə baxış zamanı oradan 19 ədəd təbliği və yayımı qanunla qadağan edilmiş dini kitablar aşkar edilərək götürülüb. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyyad Aran da dəfələrlə qeyd edib ki, respublika ərazisində dini təriqətlərin qeydiyyatdan keçdikləri ərazilərdən başqa yerdə təbliğat aparması yolverilməzdir: "Xristian icmalarının əksəriyyəti Bakıda qeydiyyatdan keçib. O nümayəndəliklərin Bakı şəhərində nəzərdə tutulan yerlərdə öz dini etiqadlarına uyğun olaraq mərasimlərini, ayinlərini keçirmək hüquqları var. Dövlət buna tam məsuliyyəti ilə təminat verir. Amma tutaq ki, "7-ci gün adventistləri", xristian baptistləri və yaxud "Yəhova şahidləri" gedib Tovuzda, Qazaxda təbliğat aparırsa, bu yolverilməzdir. Çünki Tovuzda, Qazaxda onların dini icması qeydiyyatdan keçməyib".

 S.Aran qeyd edib ki, bəzən bu sahədə müəyyən anlaşılmazlıqlar meydana çıxır. O, xarici ölkələrin radiostansiyalarında Azərbaycanın hüquq-mühafizə orqanlarının belə dini təriqətlərə qarşı sərt münasibət bəsləməsi haqda səslənən fikirləri əsassız hesab edib: "Artıq dini ədəbiyyatlar respublikada xüsusi holoqramla satılır. Prezident tərəfindən imzalanan qanuna görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi respublikaya gətirilən dini kitablara müvafiq holoqramlar hazırlayaraq vurur. Əgər kitabın üzərində holoqram yoxdursa, demək, o kitablar ölkəyə qeyri-qanuni gətirilib".

Xatırladaq ki, 2012-ci ildə Yehovanın Şahidlərinin ümumi sayı dünyada 7,96 milyon nəfəri keçib. Azərbaycanda isə onların sayının 1196 nəfər olduğu bildirilir. Bütün dünyada 113 min yıǧıncağı mövcuddur. Onlar 239 ölkə və ərazilərdə təbliǧ işi aparırlar. Bu ölkələrə Yehovanın Şahidlərinin qadaǧan olunduǧu 30 ölkə də daxildir ki, bunların arasında Çin, Şimali Koreya, Özbəkistan, Türkmənistan, Tacikistan, Səudiyyə Ərəbistanı, İran, İraq və s. kimi ölkələrin adlarını çəkmək olar.


Sizin Reklam Yeriniz