Müəllimlərə imtahan xəbərdarlığı
Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt
məktəblərinin rəhbərlərinə müraciət edib. BŞTİ-dən Movqe.az-a
verilən məlumata görə, müraciətdə Bakı
şəhərində yerləşən dövlət ümumtəhsil müəssisələrində fəaliyyət
göstərən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və
əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13
iyunda müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi
aparılacağı qeyd edilib. Bu məqsədlə
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən son
hazırlıqlar görülür, müəllimlərin qaynar xəttə etdikləri
müraciətlər və İdarənin rəsmi "Facebook" səhifəsində verilən
suallar cavablandırılır və bu barədə çıxan narahatlıqlar operativ
olaraq aradan qaldırılır. Çoxsaylı müraciətlərə əsasən əldə olunan
məlumata görə bəzi məktəb rəhbərliyində olan şəxslər Sınaq
Qiymətləndirilməsinin nəticələrindən gələcəkdə müəllimlərə qarşı
təzyiq vasitəsi kimi istifadə edəcəklərini
bildirirlər.Bununla əlaqədar bildirik ki,
əslində Sınaq Qiymətləndirilməsinin mahiyyəti, məqsədi müəllimləri
hədə, qınaq obyektinə çevirmək yox, onların peşəkar inkişaf
istiqamətlərini, karyera inkişafını müəyyənləşdirmək, nəticəyönümlü
əməkhaqqı sistemini stimullaşdırmaq, təhsilverənin daim öz bilik və
bacarıqlarını artırması üçün münbit şərait yaratmadır. Sınaq
Qiymətləndirilməsinin nəticələrinə görə heç bir müəllim sistemdən
kənarlaşdırılmayacaq.Sınaq
Qiymətləndirilməsindən keçməmə anlayışı yoxdur, çünki burada hər
hansı bir keçid minimumu müəyyənləşdirilməyib. Aşağı nəticə
göstərmiş müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaldırılması
üçün müxtəlif mexanizmlər tətbiq ediləcək.Qeyd edək ki, neqativ halların araşdırılması və tədbirlərin
görülməsi birbaşa Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
nəzarətindədir. Bildiririk ki, bu kimi mənfi hallara qarşı
mövqeyimiz qəti və barışmaz olacaq.