Əlaqə Arxiv
news Image
2014.06.13
12:37
| A A A
Deputatlar Naxçıvanla bağlı yayılan xəbərlərə reaksiya verib

Naxçıvandan ziddiyyətli müharibə xəbərləri gəlir. Muxtar Respublikanın Culfa rayonunda Ləkətağ yüksəkliyinin ermənilər tərəfindən ələ keçirildiyi, postlar qurulduğu söylənilir. Müdafiə Nazirliyi isə qızğın döyüşlərin getməsi haqda məlumatları təkzib edir.


Hətta hərbçi ekspert Üzeyir Cəfərov deyib ki, Ermənistanın hərbi rəhbərliyi uydurma məlumatlar sızdırır. Çünki ölkədə əsgər ölümləri statistikaya çevrilir, etirazlar baş qaldırır. Bu narazılığı yatırmaq üçün ermənilər dezinformasiya yayırlar.


Naxçıvandan olan jurnalist Məlahət Nəsibova deyib ki, bir azərbaycanlı, bir erməni hərbçisi ölüb. Kəsəsi, Naxçıvan cəbhəsindəki vəziyyətlə bağlı ciddi bir narahatlıq var. Əslən Naxçıvandan olan deputatlardan artıq bu hadisələrə reaksiyalar var. Deputat Fazil Mustafa "Yeni Müsavat"a bildirib ki, Sədərəkdə və Culfada atışmalar olur.


Onun sözlərinə görə, cəbhədə atəşkəsin pozulması qeydə alınsa da, yaxın təmasdan söhbət gedə bilməz: "Mənim özəl mənbələrdən aldığım xəbərlər təsdiqləmir ki, yaxından bir təmas var. Ola bilsin ki, otlaq sahələrində ermənilər post qurublar. Ancaq ermənilər postlarda oturmurlar. Bizdə qışda şərait daha yaxşıdır deyə, bizimkilər postlarda olurlar".


Deputat təlatümlü informasiyalar yayıldığını və atəşkəsin tez-tez pozulmasının arxasında Rusiyanın dayandığını qeyd etdi: "Ermənilər torpaqlarımızı işğal ediblər. İşğal etmiş ölkənin nəyinə gərəkdir ki, atəşkəsi pozsun, ölüm-itim olsun? Ermənistanda əsgər ölümlərindən narazılıq var. Bu, Rusiya ilə bağlı məsələdir. Ermənistan gərginliyin yaranmasında ən az maraqlı olmalıdır.

Çünki bir hərəkət yox, inkişaf, irəliləyiş yoxdur. Rusiya isə Azərbaycanı narahat vəziyyətdə saxlamaq üçün ən asan yol kimi atəşkəsi tez-tez pozmaq xəttini tutur. Bununla həm nəzarətdə, həm təzyiq altında saxlamağa çalışır".


Deputat Fərəc Quliyev qeyd etdi ki, Naxçıvanla bağlı şişirdilmiş xəbərlər verilir: "Mən Naxçıvanda nə baş verməsi ilə maraqlanıram. Naxçıvanda həmişə atəşkəs pozulur. Amma əhalinin kəndlərdən köç etməsi, döyüşlər getməsi şişirdilmiş məlumatlardır.


Cəbhə boyunca atəşkəs pozulursa, Rusiyanın Ermənistan vasitəsi ilə Azərbaycana təzyiq göstərdiyini istisna etmirəm. Enerji layihələri, Avrasiya İttifaqı, Türk Dövlətlərinin inteqrasiyası və başqa məqsədlərə görə Rusiya təzyiq edir. Qarabağ məsələsindən hər zaman yamaq problem kimi istifadə olunur".

(Anspress)

Sizin Reklam Yeriniz