Əlaqə Arxiv
news Image
2014.06.19
10:30
| A A A
257 müəllim işsiz qala bilər

Bakının Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən A.N.Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasının 2-c korpusunun müəllimləri işlərini itirə bilər. Movqe.az -ın məlumatına görə, bu barədə müəllimlər Anspress-ə bildiriblər. Müəllimlərin sözlərinə görə, gimnaziya binasında məskunlaşan məcburi köçkünlər artıq mənzillərlə təmin olunub. Vaxtilə müəllimlərə məxsus olan özəlləşdirilmiş evlərin sakinlərinə isə dövlət tərəfindən kompensasiya verilib. Müəllimlərə isə qeyri-rəsmi olaraq köçmək göstərişi verilib. Gimnaziyada çalışan 257 müəllim isə buna etiraz edir.
Məsələyə aydınlıq gətirmək üçün hadisə yerinə yollandıq. Əraziyə baxış keçirərkən binanın təmir olunduğunu gördük. Onu da öyrəndik ki, bu gün müəllimlər etiraz aksiyası keçirmək istəyiblər. Lakin rəhbərlikdən onlara icazə verilməyib. Məsələ ilə bağlı gimnaziyanın direktor müavini Zümrüd İmanova ANS PRESS-ə açıqlamasında bildirdi ki, heç bir narahatçılıq keçirməyə ehtiyac yoxdur. Hələlik onlara binanın sökülməsi barədə rəsmi bildiriş verilməyib. Gimnaziyanın direktoru Mahizər Şabanbəyova isə açıqlmasında bildirib ki, məsələ barədə Təhsil Nazirliyinə müraciət edib. Lakin hələlik nazirlikdən konkret bir cavab gəlməyib. "Müəllimlər tərəfindən bütün aidiyyati instansiyalara məktub göndərilib, mən özüm də məsələyə aydınlıq gətirmək üçün təhsil nazirliyinə məktub göndərmişəm. Bizə deyiblər ki, məsələ araşdırılır və bir həftəyə sizə məlumat veriləcək", - deyə M. Şabanbəyova vurğulayıb

Gimnaziyanın müəllim heyəti işsiz qalmaqdan çox narahatdır. Şikayətşiləri təmsil edən İlqar Əkbərov deyir ki, məsələ ilə bağlı Təhsil Nazirliyində qəbulda olublar.

"Təhsil Nazirliyində bizi əmin etdilər ki, gimnaziyanın bağlanma söhbəti yoxdur. Müəllimlərdən də heç kim ixtisara düşməyəcək. Sadəcə məktəbə yeni bina verilməsi planlaşdırılır. Məsələ haqqında daha ətraflı və rəsmi cavabı isə bir həftəyə verəcəklər", - deyə İlqar Əkbərov bildirib.

Bu sözlərə baxmayaraq şikayətçi müəllimlər çox həyəcanlı idi.Onlar bildirdilər ki, artıq musiqi şöbəsindən başqa bütün şöbələrə qəbul dayandırılıb. Gimnaziyanın müdir müavini bu məlumatı təsdiqləməsə də, müəllimlər elə onun yanında bunun səhv olduğunu və qəbulun dayandırıldığını düşünürlər.

Qeyd edək ki, 1959-cu ildə yaranan Respublika İncəsənət Gimnaziyası ilk öncə musiqi məktəbi kimi fəaliyyət göstərib. Hazırda gimnaziya Milli Konservatoriyanın nəzdindədir.

Hazırda gimnaziyanın II korpusunda 100 sinif otağı, 458 şagird və 257 müəllim heyəti fəaliyyət göstərir. Gəzən söz-söhbətə görə, gimnaziya binası sökülüb, konservatoriya binasına qatılacaq.

Məsələ ilə bağlı Milli Konservatoriyanın prorektoru Akif Quliyev açıqlamasında məlumatı təqdiqlədi.

"Ümumiyyətlə o bina qarışıq binadır. Mütəxəssislərlə məsləhətləşmədən sonra məlum oldu ki, qəzalı vəziyyətdə olan binanın sökülməsi daha məqsədəuyğundur".

Bina söküləndən sonra gimnaziyanın digər şöbələrində çalışan müəllim heyətinin aqibətinə gəlincə, A.Quliyev bu məsələnin onlara aid olmadığını bildirib.

"Bizə maraqlı olan musiqi şöbəsidir. Digər şöbələrə məxsus aidiyyati qurumlar var ki, onların da o şöbələri qəbul edib etməyəcəyi öz işləridir".

Sizin Reklam Yeriniz