Əlaqə Arxiv
news Image
2014.06.30
17:27
| A A A
Orucu nələr batil edir?
Elşad Miri: "Oruc tutan qadının kosmetik vasitələrdən istifadə etməsi orucu pozmur,amma..."

Müsəlman dünyası mübarək Ramazan ayını qeyd edir. Azərbaycan müsəlman ölkəsi sayıldığından, ölkəmizdə də oruc tutanların sayı kifayət qədərdir. Çoxları İslam dinində 5 vacib əməldən biri sayılan orucun şərtləri barədə məlumatlı olsalarda, hər il Ramazan ayı başlayanda oruc, orucu batil edən səbəblər və sair barədə müxtəlif suallar yaranır. Movqe.az hər zaman mübahisələrə səbəb olan bəzi məqamlara aydınlıq gətirmək üçün ilahiyyatçılarla söhbətləşib.  Dini ekspert Elşad Miri bizimlə söhbətində bildirdi ki, Ramazan Allahın insanlara bəxş etdiyi nemət ayı sayılır. Ona görə də Ramazan ayında oruc tutmaq hər bir müsəlmana vacib buyrulur. Amma bununla belə "orucu kimlər tuta bilər, kimlər tuta bilməz" sualları yaranır. E. Miri deyir ki, oruc tutmaq tibbi baxımdan sağlam insanlara vacibdir: "Əgər hər hansı bir insanın həkim gün çıxandan, gün batana qədər ac qalmasını məsləhət görmürsə, belə insanlar oruc tutmaya bilərlər.  Belə insanların oruc tutması dində günah sayılır. Çünki Allah təala orucu sağlam insanlara vacib sayır.  Əgər hamilə və uşağına süd verən qadınlara da həkim ac qalmağı tövsiyyə etmirsə onlar oruc tutmamalıdırlar".

E. Mirinin sözlərinə görə, hər zaman mübahisələrə səbəb olan digər məqam orucu batil edən amillərlə bağlıdır. İcma sədri deyir ki, əsas amillər yemək, içmək sayılır. Amma cinsi əlaqə, bədəni qüvvətləndirən iynələr, buruna damızdırılan dərmanlar və başqa bu kimi yemək-içməyə bənzər şeylər, özünü qusdurmaq, heyz və nifas qanı, şəhvətlə bilərəkdən məni (sperma) ifraz etmək orucu batil edir: "Qalın tozu udmaq da orucu pozmur. İmalə də orucu batil edir. Bəzən oruc tutan insanlar siqaret çəkirlər. Bu düzgün deyil. Çünki siqaret çəkmək orucu batil edir. Əgər kimsə müalicə olunduğu səbəbindən iynə vurdurursa bu orucu pozmur. İynənin tərkibində vitamin varsa bu zaman oruc pozulur. Ətir vurmaq orucu batil etmir. Amma oruc insanın ətir vurması məkruh (yəni xoşagəlməyən) əməl sayılır".

E. Mirinin sözlərinə görə, ümumiyyətlə oruc tutan qadının kosmetik vasitələrdən istifadə etməsi orucu pozmur. Amma gərək dodaq boyası çəkən qadının boya boğazına getməsin.  Oruc tutan insanın qeybət edib onun-bunun arxasınca danışması da düzgün deyil. E. Mirinin dediyinə görə, oruc tutan insanlar yanaq-yanağa öpüşərlərsə oruc pozulmaz. Hətta diş fırçalamaq belə orucu pozmur. Yalnız bu halda su boğaza getməməlidir. İcma sədri bilməyərəkdən yemək yeməyin və yaxud su içməyin də orucu pozmadığını söyləyir: "Əgər insan bilməyərəkdən orucu pozursa, belə halda oruc batil olmur. Oruc olduğu yadına düşən halda son tikəsini boğazından geri qaytarırsa, belə halda oruc pozulmur. Oruc insan hamamda çimə də bilər. Yalnız başını yüksəklikdən suya vurmaq orucu batil edən əməl sayılır". 

Bəzi əməllər var ki, əksər insanlar o əməlləri Ramazan ayı boyunca etmirlər. Bu əməllərə Ramazan ayında toy etmək, kəbin kəsdirmək, saça boya qoydurmaq və sair aiddir. Amma E. Miri bu əməllərin heç birinin Ramazanda günah sayılmadığını söyləyir. Onun sözlərinə görə, Ramazan ayında toy etmək, kəbin kəsdirmək olar: "Bu ay bərəkət ayıdır. Ramazan matəm ayı deyil. Ona görə də xoş niyyətli hər bir şey etmək olar. Yalnız bir halda ki, ramazan orucuna təsir etməsin. Əksinə, toyda yemək iftar vaxtına düşərsə bu savabdır. Ramazan ayında oruc tutan adam saçına boya da qoya bilər".

E. Miri Ramazanda imsaq və iftar vaxtına düzgün riyayət edilmənin də vacib olduğunu söyləyir. Onun sözlərinə görə, imkan daxilində həmin vaxta riayət edilməlidir. E. Miri orucu açmağın bir ədəd xurma və yaxud su ilə buyrulduğunu da söyləyir. Onun sözlərinə görə, iftarı açmaq üçün xurmadan istifadə edilməsi heç də təsadüfi deyil: "Hətta vaxtıilə təbiblər də ac mədəyə birinci xurmanın düşməsini xeyirli hesab ediblər. Su isə yüngül olduğundan mədəni ağırlaşdırmır. Bu səbəbdən də saatlarla ac qalmış mədəyə su zərər vermir".  

E. Miri bu müqəddəs ay boyunca Allahın vacib buyurduğu oruc tutmaq əməlinə bütün müsəlmanların imkan daxilində əməl etməsini məsləhət görür. E. Miri deyir ki, insanların bəziləri namaz qılmırlar. Amma Ramazan ayında oruc tuturlar. Bu bəzən mübahisələrə səbəb olsa da, E. Miri namaz qılmayanın oruc tutmasında heç bir qəbahət olmadığını söyləyir: "Namaz qılmayan insan oruc da tutmamalıdır demək düzgün  deyil. Əlbəttə, Alllahın hər iki əmrini yerinə yetirmək daha yaxşıdır. Amma birini edə bilməyib, digərini yerinə yetirmək də olar. Axund sağlamlığı yerində olan qızlara oruc tutmağın 9, oğlanlara isə 14 yaşından etibarən məsləhət görüldüyünü söyləyir. 

Onun özlərinə görə, Ramazan başlayandan oruc tutmaq istəyən insan niyyət etməlidir: "Əgər kimsə bir aylıq oruc tutmağı nəzərdə tutursa bir ayın niyyətini bu başdan etməlidir. Müəyyən günlər oruc tutacaqsa, hər axşam Ramazan niyyətini etməlidir".

E. Miri səfərə çıxan insanlara da orucun vacib buyrulduğunu söyləyir. Onun sözlərinə görə, əgər insan xəstələnibsə, Ramazan ayından sonra yaxşılaşarsa, orucunu həmin vaxt tuta bilər. O ki qaldı oruc tutmaq istəyində olsalar belə oruc tuta bilməyənlərə, E. Miri deyir ki, belələri imkan daxilində üç oruc tutanın bir ay müddətində iftarını verməlidirlər. Yaxudda üç nəfərin iftar süfrəsi üçün çəkiləcək xərcin məbləğində pul ayırıb, həmin məbləği imkanı olmayanlara verməlidir. E. Miri deyir ki, Ramazan ayı bərabərlik ayıdır. Bu ayda varlılar da oruc tutmalıdırlar ki, ac insanların halını, durumunu anlayıb onlara hər zaman rəhm, xeyirhahlıq etsinlər.


Allah orucunuzu qəbul etsin!




Sizin Reklam Yeriniz