Əlaqə Arxiv
news Image
2014.07.03
11:29
| A A A
Bu gün imtahandır

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə imtahan keçirir.  TQDK-nın mətbuat xidmətindən  Movqe.az-a verilən xəbərə görə, bu il "Azərbaycan dili" fənni üzrə birinci imtahan bu il mayın 4-də keçirilib. Həmin imtahanda 7927 abituriyent iştirak edib, onlardan 7211 nəfəri imtahanı müvəffəqiyyətlə verərək "məqbul" qiyməti alıb.  Qəbul qaydalarına əsasən, mayın 4-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda "qeyri-məqbul" qiyməti alan abituriyentlərə iyulun 3-də keçiriləcək "Azərbaycan dili" imtahanında iştirak etmək imkanı verilir.  İmtahan Bakı şəhərində 2 binada təşkil olunacaq və saat 11-də başlayacaq. İmtahanda 1216 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 725 nəfəri oğlan, 491 nəfəri qızdır. 842 abituriyent orta ümumtəhsil müəssisələrinin builki, 374 nəfər isə əvvəlki illərin məzunudur. 11 abituriyent ali təhsil müəssisələrinin, 60 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunudur. 49 nəfər xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1998-ci il təvəllüdlüdür. İmtahanın idarə olunması üçün 9 imtahan rəhbəri, 98 nəzarətçi müəllim ayrılıb. İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Sizin Reklam Yeriniz