Əlaqə Arxiv
news Image
2014.07.03
13:00
| A A A
Krımda İkinci Dünya müharibəsi dövrünün Azərbaycan döyüşçülərinin nəşləri aşkar edilib

Krımda arxeoloji ekspedisiya zamanı İkinci Dünya müharibəsi dövrünün Azərbaycan döyüşçülərinin nəşləri aşkar edilmişdir. Krımın Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətovun AzərTAc-a verdiyi məlumata görə bu nəşləri Azərbaycanda yenidən torpağa tapşırmaq olar.


Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi, 

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV AzərTAc-a istinadən bildirir ki, Rəhim Hümbətov verdiyi məlumatda demişdir: 


-Kerç yaxınlığında arxeoloji ekspedisiya zamanı bir qrup tədqiqatçı İkinci Dünya müharibəsi dövründə həlak olmuş əsgərlərin məzarlarını aşkar etmişlər. Onlardan bəzilərinin üzərindəki əsgər medalyonu sayəsində bu şəxslərin adlarını müəyyən etmək mümkün olmuşdur. Onların arasında azərbaycanlılar da vardır. Məsələn, Süleymanov Əliağa Ramazan oğlu 1924-cü ildə Xızı rayonunda, ehtimal ki, Giləzi kəndində anadan olmuşdur. Orduya Azərbaycanın Xızı rayon hərbi komissarlığı tərəfindən çağırılmışdır. Qızıl əsgər Ə.Süleymanovun minomyotunun nömrəsi 259 olmuşdur. O, Ali Baş Komandanın Ehtiyatında olan 29-cu əlahiddə minomyot briqadasının minomyotçular alayında xidmət etmiş, 1944-cü il yanvarın 26-da döyüşlərdə həlak olmuşdur.


Əsgərin nəşi bu il may ayında "Acımuşqay-2014" adlı ekspedisiya çərçivəsində axtarış tədbirləri zamanı aşkar edilmişdir. Onun nəşi fərdi tanıma nişanına və "Döyüş xidmətlərinə görə" 604333 nömrəli medalına əsasən eyniləşdirilmişdir.

Daha bir azərbaycanlı döyüşçünün – Miriyev Xudam Alışerunoviçin (ola bilsin ki, Miriyev Xudat Alışirin oğlu) nəşi aşkar edilmişdir. O, 1924-cü ildə Astranxanbazar (indiki Cəlilabad) rayonunun Mikayıllı kəndində anadan olmuşdur. Qızıl əsgər X.Miriyevin minomyotunun nömrəsi 259 olmuşdur. O, Ali Baş Komandanın Ehtiyatında olan 29-cu əlahiddə minomyot briqadasının minomyotçular alayında xidmət etmiş, 1944-cü il yanvarın 26-da döyüşdə həlak olmuşdur.


Krımın Azərbaycan icmasının rəhbərinə bu barədə məlumat vermiş "Patriot" axtarış dəstəsinin üzvü Natalya Dzyuba daha sonra bildirmişdir ki, qəhrəmanların nəşləri Kerçdə qardaş məzarında ehtiramla yenidən dəfn ediləcəkdir.


Rəhim Hümbətov sonda demişdir: "Mənim fikrimcə, Azərbaycan döyüşçülərinin nəşlərinin öz vətənimizdə yenidən torpağa tapşırılması həm Allaha xoş gedər, həm də vətənpərvərlik tərbiyəsi baxımından əhəmiyyətli olardı.


Məlum olduğu kimi, İkinci Dünya müharibəsi illərində Azərbaycanın on minlərlə övladı Krımın, Ukraynanın, Rusiyanın və Avropanın faşizmdən azad edilməsi uğrunda canlarından keçmişlər. Onların çoxu həmişəlik Krım torpağında qalmışdır. Bəziləri hələ də itkin düşmüş hesab edilir. Buna görə də çox fərəhli haldır ki, bəzi insanlar müharibə qəhrəmanlarına münasibətdə tarixi həqiqəti bərpa etmək üçün imkan daxilində çalışırlar.


Əgər həlak olmuş döyüşçülərin yaxınları tapılsa və onlar bu döyüşçülərin nəşlərinin Azərbaycanda yenidən dəfn edilməsini istəsələr, biz bu məsələdə onlara hərtərəfli kömək göstərərik".


Sizin Reklam Yeriniz