Əlaqə Arxiv
news Image
2014.07.07
16:32
| A A A
Azərbaycanda nərə balıqlarının artırılmasında yeniliklər tətbiq olunacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup media nümayəndəsi Neftçala rayonu ərazisində yerləşən Xıllı Nərə Balıqartırma Zavodunda olub. Movqe.az-ın xəbərinə görə, səfər zamanı jurnalistlərə müəssisədə yetişdirilən nərəcinsli balıqların saxlanılması, artırılması və ümumilikdə, zavodun fəaliyyəti ilə bağlı məlumat verilib. Zavodla jurnalistləri yaxından tanış edən Xıllı Nərə Balıqartırma Zavodunun direktoru Zaur Salmanov bildirib ki, zavod 2003-cü ildə istismara verilib, 2004-cü ildən isə zavodda yaz-yaz balıq artırma mövsümü icra edilib. Onun sözlərinə görə, 2004-cü ildə bu günə kimi zavodda 45 milyondan artıq nərə cinsli balıq körpələri yetişdirilərək Kür çayının mənsəbinə buraxılıb. Zavod direktoru qeyd edib ki, 2013-cü ildən ilk dəfə olaraq zavodda yaradılan Təmir törədici fondu uğurlu nəticə verib və kürüdən yetişdirilən nərəcinsli balıqlar cinsinin yetişkənliyə çataraq onlardan cinsi məhsullar almaq imkanı əldə olunub: "2014-cü ildə eyni uğur təkrar olunub və daha geniş vüsət alıb. Hazırda Təmir törədici fondda ümumilikdə 5 min ədədə yaxın müxtəlif yaş qrupuna aid çəkidə olan balıqlar saxlanmaqdadır. Bu uğur gələcək planları qurmağa vadar edib. Hesab edirik ki, ən qısa zamanda zavodumuzda infrastruktur dəyişiklikləri, genişləndirmə işləri aparılacaq və nəticədə Təmir törədici fondunun 5 min ədəddən 10 min ədədə qədər artırmaq imkanımız olacaq. Bu da öz növbəsində nəinki Xıllı Nərə Balıqartırma Zavodunu, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən digər nərə balıqartırma zavodları keyfiyyətli törədici balıqlarla təmin etməyə imkan verəcək".

Z.Salmanov jurnalistlərə açıqlamasında qeyd edib ki, yaxın gələcəkdə süni yetidirməçilik-akvakultura sahəsinin inkişafı gözlənilir. Hazırda həmin sahənin hüquqi bazanın formalaşdırılmasının müzakirə mərhələsində olduğunu deyən direktor vurğulayıb ki, Təmir törədici fondun vasitəsilə özəl sektorunda inkişafına töhfə vermək mümkün olacaq.

Zavod direktoru əlavə edib ki, 2004-cü ildən etibarən normativ çəkiyə görə 1-1.2 qram çəkisində nərəcinsli körpələr Kür çayının mənsəbinə buraxılır. Onun sözlərinə görə, 2007-ci ildən başlayaraq elmi və praktiki müzakirələr nəticəsində balıqların bir qısmini daha yüksək çəkiyə - 80-150 qrama qədər çatdırıb Kür çayının mənsəbinə buraxılmasına başlanılıb: "Hər il bu iş davam etdirilir. Nəticədə buraxılan balıqların həyatda qalma faizi bir neçə dəfə artıb. Bu işi də eyni zamanda geniş şəkildə təşkil etmək istəyirik və bununla bağlı təkliflər hazırlanaraq nazirliyə təqdim ediləcək. Yaxın illərdə müvafiq infrastruktur dəyişikləri nəticəsində böyüdülmüş körpələrin sayını 20-30 min yox, 300-400 minə qədər artırmaq imkanı olacaq".

Direktor əlavə edib ki, bu il ümumilikdə 5 milyon ədədə qədər nərəkimi balıqların yetişdirilməsi proqnozlaşdırılıb. Bu gün zavodun ümumi gücünün standart ölçüyə görə 15 milyon ədəd olduğunu deyən Z. Salmanovun sözlərinə görə, hazırda müəyyən işlərin görülməsi nəticəsində istehsal olunan yüksək çəkiyə malik körpələrin sayı da artırılacaq.

Zavodla tanışlıq zamanı məlum olub ki, Xıllı Nərə Balıqartırma zavodu əsasən nərə cinsli balıqların dörd növünün - bölgə, nərə, kələmo və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğul olur. Qeyd olunub ki, 2010-cu ildən Azərbaycanda ilk dəfə olaraq məhz Xıllı Nərə Balıqartırma zavodunda bir neçə nərə balığından onları öldürmədən "yumurtalıq yolunun kəsilməsi" üsulu ilə yetkin kürü alınır. Kürüsü öldürülmədən alınmış törədici nərə balıqları reabilitasiya məqsədilə 3-5 gün plastik hovuzlarda saxlandıqdan sonra ehtiyat nohura köçürülür. Qeyd olunan metodla kürünün alınması təcrübəsinin gələcəkdə nəsli kəsilmək təhlükəsi olan nərə cinsli balıq növlərinə də (kələmo, bölgə) şamil edilməsi planlaşdırılır.

Zavodla tanış olduqdan sonra jurnalistlərin iştirakı ilə yetişdirilən balıqların Kür çayının mənsəbinə buraxılması prosesi həyata keçirilib. Bu proses mövsümi olaraq yayda və oktyabrda həyata keçirilir. Jurnalistlərin iştirakı ilə təxminən 2 aylıq olan və standart normativ çəkisi 1-1.2 qram olan 100 minə qədər balıq Kürə buraxılıb. Qeyd olunub ki, bu proses iyulun sonuna kimi 1-2 gündən bir davam edəcək.

Sizin Reklam Yeriniz