Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtda fəaliyyət göstərən qumarxana fəaliyyətinin qarşısını alıb.
Nazirliyin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, bu istiqamətdə keçirilən növbəti əməliyyat axtarış tədbirləri nəticəsində Səbayel rayon Bayıl qəsəbəsində yerləşən kafedə "poker" kart oyunları təşkil olunması müəyyən edilib. Araşdırmalarla məlum olub ki, obyekti Səbayel rayon sakini, 31 yaşlı Elşad Kərimov kirayəyə götürüb və qumar oyunları təşkil edib.
Elşad Kərimov tanışı, 52 yaşlı Mahir Əsədovu da ətrafına cəlb
edərək qumar oyunlarına nəzarət etməyi ona tapşırıb. Hər gün axşam
saatlarından başlayan qumar oyunları gecə saatlarınadək davam edib
və uduşdan əldə edilən pulların bir hissəsi obyekt sahiblərinə
çatıb. Qumarxanaya baxış zamanı oyun kartları və qumar oyunlarına
qoyulmuş külli miqdarda pul vəsaiti aşkar edilərək maddi sübut kimi
götürülüb. Qumar oyunlarında iştirak edən şəxslər, eləcə də
oyunların təşkilatçılığında təqsirli bilinən 2 nəfər barəsində
qanunla müəyyən olunmuş qaydada tədbir görülüb.