Əlaqə Arxiv
news Image
2014.07.09
23:16
| A A A
İsraildə Azərbaycanın təbliği istiqamətində daha bir tədbir

Altı aydan artıqdır ki, "Azərbaycan – tolerantlıq məkanıdır" adlı fotosərgi İsrailin müxtəlif şəhərlərini dolaşır. Hər bir şəhərdə maraqlı hadisələrlə müşayiət olunan sərginin Lod şəhərindəki açılışı xüsusilə yaddaqalan olub. Belə ki, Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə Azərbaycan-İsrail Assosiasiyası (Azİz) tərəfindən təşkil olunmuş sərginin Lod şəhərində açılışı əvvəlcədən iyulun 8-nə təyin edilib. İsraildəki son vəziyyət – ölkənin davamlı raket zərbələrinə məruz qalması ilə əlaqədar tamaşaçıların açılışa gələcəyinə böyük şübhələr olsa da, təşkilatçılar açılışı təxirə salmayıb. Və insanlardakı Azərbaycana, vətənə məhəbbət hissi bombardman qorxusunu üstələdiyindən tədbir bir qədər ləngimə ilə amma planlaşdırıldığı qaydada baş tutub. Az qala həyəcan siqnalının sədaları altında keçirilən tədbirdə həmin vaxt qərargahı tərk etmək hüququ olmayan Lod şəhərinin meri Yair Revivodan başqa bütün dəvətlilər iştirak edib. Həyəcanlı ortama baxmayaraq, açılışda digər şəhərlərdən qonaqlar – Akka şəhər merinin qafqazlılarla iş üzrə müşaviri Rauf Ağalarov, Kiryat-Yam və Or-Akiv şəhərinin deputatları Marqarita Kazakova və Yosi Peysarov, absorbsiya idarəsinin rəisi Yekatrina Baysbrod da iştirak edib. Sərgini Azİz-in nəzdindəndəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman açaraq qonaqlara göstərdikləri cəsarətə və sədaqətə görə təşəkkür edib. Daha sonra vəkil İlana Laytman Azərbaycanda əsrlərdən bəri mövcud olmuş yəhudilərin həyatı barədə maraqlı məruzə ilə çıxış edib. Çıxışlardan sonra israilli telejurnalistin Bakı səfəri zamanı hazırladığı sənədli film nümayiş etdirilib. Bunun ardınca isə fotosərginin iştirakçıları hər an çala biləcək həyəcan təbilini unudaraq böyük məmnuniyyətlə Qafqazdan çıxmış incəsənət ustalarının konsertinə tamaşa ediblər. Konsertdə Farid Aloni və Sofi Liberman dueti, "Rəqs edən mirvarilər" Qafqaz rəqs qrupunun solistləri, nağaraçalan Hikmət Sabiroğlu iştirak edib.

Sizin Reklam Yeriniz