Əlaqə Arxiv
news Image
2014.07.17
12:11
| A A A
Nazirin tapşırığı ilə bir neçə rayonda bazar bağlandı – TƏHLÜKƏ

Bir müddət əvvəl İraq, Türkiyə  və İran ərazilərində qeydə alınan, iribuynuzlu heyvanlar arasında yayılan nodulyar dermatit virus xəstəliyinin kliniki əlamətləri ölkəmizin  Biləsuvar, Ucar, Cəlilabad və Ağdaş rayonlarında saxlanılan heyvanlar arasında müşahidə olunmaqdadır. Bu barədə Movqe.az-a Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətindən məlumat verilib. Hazırda xəstəlik müşahidə edilən heyvanlar arasında simptomatik (kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri zamanı orqanizminin müxtəlif funksiyalarının normallaşmasına yönəldilən tədbirlər) müalicə tədbirləri aparılır. Kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən, xəstəliyin qarşısının alınması məqsədilə bir sıra rayonların heyvan bazarları bağlanıb, həmin ərazilərdə ciddi şəkildə dezinfeksiya tədbirlər aparılır. Bu işlərin yüksək səviyyədə təşkili istiqamətində yerli rayon icra hakimiyyətləri də yaxından iştirak edirlər.  Nodulyar dermatit xəstəliyi virus mənşəli olmaqla qısa müddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir. Xəstəliyin qansorucu həşəratlar vasitəsilə-transmissiv yolla yalnız iribuynuzlu heyvanlar arasında yayılması aşkar edilib. Xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalması, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsi, inəklərdə cinsi siklin, törədici buğalarda müvəqqəti cinsi fəallığın pozulması iqtisadi zərərin baş verməsi ilə səciyyələnir. Xatırladırıq ki, hələlik heyvanlar arasında tələfat müşahidə edilmir. Təsərrüfatlarda mütəmadi olaraq profilaktiki baytarlıq-sanitariya tədbirləri həyata keçirilir. Dövlət Xidməti əhalinin nəzərinə çatdırır ki, heyvanlar arasında hər hansı narahatçılıq olduğu zaman yerli baytarlıq orqanlarına müraciət olunsun, heyvanların  bazara çıxarılmasına yol verilməsin, qansorucu həşəratlara qarşı dezinseksiya tədbirləri davam etdirilsin.  

Xəstəliyə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tam nəzarət edir, yeni yoluxan heyvanlarda müalicə-profilaktik, sağlam heyvanlarda profilaktiki tədbirlər,  dezinseksiya (çimizdirilmə)işləri görülür.

Sizin Reklam Yeriniz