Sona Vəliyevanın kitabı İranda nəşr olundu
Filologiya üzrə fəlsəfə doktoru, şairə Sona
Vəliyevanın "Arazbarı" şeirlər toplusu İranda nəşr olunub. Movqe.az
AZADİNFORM-a istinadən xəbər verir ki, kitab İran Mədəniyyət
və İslami İrşad Nazirliyinin icazəsi ilə "Avayi Münci" nəşriyyatı
tərəfindən yüksək poliqrafiya və nəfis dizaynla ərsəyə gəlib.
Təbrizli tənqidçi Susən Nəvadeh Rəzi kitab haqqında yazır: "Şairə
miflərlə tanışdır, xalq yaradıcılığı sahəsində əhatəli məlumatlara
sahibdir, buna görə də fikirlərini ifadə edərkən onları gözəl
şəkildə qələmə alır, beləliklə də düşündüklərini biçimləndirərək
sözlərinin mənasını qat-qat gücləndirir". Sona Vəliyevanın
"Arazbarı"da cəmləşdirilmiş şeirləri orijinal üslubda oxucunun
görüşünə gəlmişdir. Bu orijinallığı yaradan şairənin rəvan yazı
dili, fəlsəfi düşüncəsi ilə şeirlərin məzumunundakı uyğunluq və
bağlılıqdır. "Arazbarı"dakı şeirlərin dərin məzmununda ana
məhəbbəti, vətəndaş məsuliyyəti, insan duyğuları, bəşəri dəyərlərin
qorunması arzusunu vahid bir xətt üzrə izləyə bilirik. Burada
inkaredici fikir və ifadəyə rast gəlinmir. Bunları nəzərə alaraq
deyə bilərik ki, əslində şairə poeziya yaradıcılığında özünün, özü
kimi görmək istədiklərinin, özünə, xalqına, ölkəsinə, dövlətinə aid
olanların ümumiləşdirilmiş obrazını yaratmışdır. Urmiyalı
tədqiqatçı, şair və tərcüməçi Əkbər Əlyar Həmidi kitabın İran
nəşrinə əlavə etdiyi girişdə yazır: "Həkimə Billuri və Mədinə
Gülgündən sonra belə bir qadın şairə ilə rastlaşmaq olduqca maraqlı
və gözlənilməzdir, çünki onlar müşəxxəs (bəlli) bir dövrdə müəyyən
səbəblərə görə, təbii olaraq nisgil və həsrət şeirinin bayraqçıları
olmuşlar, ancaq Sona Vəliyeva tam fərqli bir şəraitdə, özü də təkcə
nisgil yox, bəlkə yarınisgil, yarıepik bir yaradıcılığın
sahibidir". İranın Urmiya şəhərində dərc olunan "Dəniz" qəzetində
"Arazbarı" barədə yayılmış məlumatda oxuyuruq: "Sona xanım Vəliyeva
Azərbaycan ədəbiyyatında nadir yaradıcılıq üslubu ilə seçilən,
poetik düşüncələrini lirik-fəlsəfi biçimdə oxucuyla bölüşməyi
bacaran şairədir. Özünəməxsus deyim tərzi, xalq dilinə və
poeziyasına yaradıcılıqla yanaşması, Vətənə və insani dəyərlərə
olan tükənməz məhəbbəti, aydın və şəffaf mövqedən poetik dildə
ustalıqla təsvir etmək bacarığı şairənin ədəbi aləmdəki nadir
üslubunu ortaya qoymuşdur".