Bakı İstintaq Təcridxanasında saxlanan psixoloq, baxıcı İlham Mirzəyev tibb məntəqəsinə köçürülüb.
Movqe.az xəbər verir ki, vəkil Adəm Məmmədov media
forum saytına bildirib ki, İlham Mirzəyevin onurğasında yırtıqlar
var: "Ağrıları şiddətlənib, ayağı tutulub. Həkimlər iynə vurub,
qoluna girib onu ağır vəziyyətdə tibb məntəqəsinə aparıblar. Bir
həftəyə yaxındır həmin məntəqədə müalicəsi davam
etdirilir".
Vəkil istintaqın davam etdiyini deyib: "Sonuncu dəfə İlham
Mirzəyevin həbs müddəti iki ay uzadılmışdı. Ehtimal ki, yaxın
günlərdə işi yekunlaşdırıb məhkəməyə göndərəcəklər".
Adəm Məmmədov əlavə edib ki, İlham Mirzəyev ailə üzvləri ilə
görüşə, telefonla danışa bilir.
İlham Mirzəyev aprelin 11-də polis orqanlarının keçirdiyi
əməliyyatda tutulub, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq)
maddəsi ilə ittiham olunur.