Əlaqə Arxiv
news Image
2014.07.25
12:00
| A A A
İlham Əliyev: "Ölkəmizin maliyyə vəziyyəti çox sabitdir"

" Kənd təsərrüfatında inkişaf müşahidə olunur. Kənd təsərrüfatımız təxminən 6 faiz artıbdır. Ümid edirəm ki, indi aparılan islahatlar nəticəsində biz gələn illərdə daha da böyük artıma nail olacağıq ..."




Məlum olduğu kimi iyulun 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Prezident İlham Əliyev 2014-cü ilin birinci yarısınında da  Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafını davam etdirdiyini və beynəlxalq imicinin möhkəmləndiyini vurğulayıb.O, qeyd etmişdir ki, Nazirlər Kabinetinin bugünkü iclasında biz ilin altı ayının sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Deyə bilərəm ki, ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilmişdir. Qarşıda duran bütün məsələlər uğurla icra edilmişdir. Bir dənə də olsun icra edilməmiş məsələ yoxdur. Əlbəttə, bu, deməyə əsas verir ki, ilin sonuna qədər də bütün vəzifələr icra ediləcək, ölkəmizin dinamik uğurlu inkişafı davam edəcəkdir.


Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuşdur. Siz də yaxşı xatırlayırsınız ki, vaxtilə bizim uğurlarımızı bəziləri ancaq neft amili ilə bağlayırdılar. Belə bir fikir irəli sürülürdü ki, Azərbaycanın nefti var və buna görə ölkə iqtisadiyyatı inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz rolunu oynamışdır. Ancaq bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır.


Bu, düşünülmüş siyasətin nəticəsidir və bizim islahatlarımız mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Mötəbər beynəlxalq maliyyə qurumları öz proqnozlarını müəyyən edərkən, Azərbaycanın bundan sonra da uzun illər ərzində uğurlu inkişafını qeyd edirlər. Bizim islahatlarımız, eyni zamanda, müxtəlif qurumların reytinqlərində də özünü göstərir. Dünyanın aparıcı reytinq agentlikləri bizim kredit reytinqlərimizi artırırlar. Bu gün xarici maliyyə bazarlarından kredit resurslarının cəlb edilməsi üçün bizdə heç bir problem yoxdur. Əksinə, biz bu məsələyə bir qədər təmkinlə yanaşırıq. Çünki hesab edirik ki, daha çox daxili imkanlardan istifadə etməliyik. Davos Dünya İqtisadi Forumu - dünyanın bir nömrəli iqtisadi forumu Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksək qiymətləndirərək bizi 39-cu yerdə yerləşdiribdir. Hesab edirəm ki, gənc müstəqil ölkə üçün bu, çox böyük göstəricidir.


Bir sözlə, müxtəlif amillərin nəticəsində ölkəmizin uğurlu inkişafı mümkün olmuşdur. Ölkəmizdə çox gözəl investisiya şəraiti vardır. Xarici və daxili investorlar Azərbaycana inamla yanaşırlar. Daxili sabitlik, xalqla iqtidar arasındakı birlik, cəmiyyətdə ölkəmizin gələcəyi ilə bağlı nikbin fikirlərin üstünlük təşkil etməsi, əlbəttə ki, dinamik iqtisadi inkişafımıza təkan verir.

Дövlət başçısı söyləmişdir ki, b irinci altı ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir - iqtisadiyyat 2,1 faiz artmışdır. Bəlkə də əvvəlki dövrlərlə müqayisədə bu, o qədər də böyük rəqəm deyildir. Ancaq bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, - mən bunu sevinc hissi ilə qeyd edirəm, - son illər ərzində qeyri-neft sektorumuz uğurla artır və qeyri-neft sektorumuzda inkişaf 7 faiz səviyyəsindədir. Bu da əlbəttə ki, dediyim məsələlərin nəticəsidir. Çünki əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Bəlkə də tənəzzülə uğrayardı və onda biz ancaq neft amilindən asılı ola bilərdik. Gələcək illərdə ayrılan vəsait və aparılan islahatlar qeyri-neft sektorunun daha da böyük çəkiyə malik olmasına gətirib çıxaracaqdır.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demiıdir ki,  İnflyasiya Azərbaycanda nəinki birrəqəmlidir, hətta 1,6 faiz təşkil edir. Bu, çox gözəl göstəricidir. Xüsusilə nəzərə alsaq ki, ölkəmizə bu qədər həm daxili, həm xarici investisiyalar qoyulur, maaşlar, pensiyalar ildən-ilə qaldırılır, sovet vaxtından qalmış əmanətlər kompensasiya şəklində, MDB-də ən böyük əmsalla, ən qısa müddət ərzində insanlara qaytarılmışdır - bütün bu amillərə baxmayaraq, inflyasiya cəmi 1,6 faizdir. Əhalinin pul gəlirləri isə 4,7 faiz artıb, yəni, inflyasiyanı 3 dəfə üstələyir. İstənilən ölkə üçün bu, ən arzu olunan balansdır. Ona görə bu amillər, iqtisadiyyatımızın əsas göstəriciləri bizə ümid verir deyək ki, biz bu templəri ilin sonuna qədər saxlayacağıq. Ümid edirəm belə də olacaqdır, ümumi daxili məhsul daha da artacaqdır.

İqtisadiyyatın ayrı-ayrı sahələrindəki duruma toxunan prezident qeyd edib ki, bu ilin əvvəlindən kənd təsərrüfatında inkişaf müşahidə olunur. Kənd təsərrüfatı təxminən 6 faiz artıb. "Ümid edirəm ki, indi aparılan islahatlar nəticəsində biz gələn illərdə daha da böyük artıma nail olacağıq" - deyə prezident vurğulayıb. O əlavə edib ki, kənd təsərrüfatında məhsuldarlığın artırılması təmin edilməlidir. Eyni zamanda, yeni əkin sahələrinin dövriyyəyə buraxılması da diqqət mərkəzində olmalıdır: "Əminəm ki, biz bu istiqamətdə uğurlu inkişafa nail olacağıq. Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, belə olan halda yeni ixrac bazarlarının müəyyən edilməsi məsələsi gündəliyə düşür. Burada əlbəttə ki, ənənəvi bazarlara daha da geniş şəkildə çıxışımız təmin edilməlidir.


Yeni bazarlara çıxmalıyıq, regional bazarlara çıxırıq. İndi bu istiqamətdə də işlər görülür və çalışmalıyıq ki, Avropa bazarlarına da böyük həcmdə kənd təsərrüfatı məhsulları ilə çıxa bilək. Buna nail olmaq üçün əlbəttə ki, keyfiyyət yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycanda bu sahədə tətbiq olunan yanaşma hesab edirəm ki, keyfiyyəti də təmin edir. İndi Azərbaycanda elə məhsullar var ki, ən yüksək keyfiyyətə malikdir. Nə vaxtkı biz bu sahədə özümüzü tam şəkildə təmin edəcəyik və keyfiyyətli, rəqabətqabiliyyətli məhsullar Azərbaycanın emal sənayesində üstünlük təşkil edəcəkdir, o vaxt əminəm ki, biz Dünya Ticarət Təşkilatına da üzv olmağa hazır olacağıq. Əgər biz bunu bu gün etsək fermerlərimiz ziyan çəkəcək, məhsulumuz azalacaq, Azərbaycan bazarına xaricdən ucuz, keyfiyyətsiz mallar gələcək və beləliklə, iqtisadi inkişafımız, xüsusilə kənd təsərrüfatındakı inkişafımız lazımı səviyyədə olmayacaqdır. Ona görə, Dünya Ticarət Təşkilatına üzv olmaq üçün indi hazırlıq prosesi gedir. Bu, bizim hədəfimizdir".


Azərbaycan Respublikasının Prezidenti demişdir:


"Ölkəmizin maliyyə vəziyyəti çox sabitdir. Mən dəfələrlə demişəm, bizim iqtisadi və maliyyə vəziyyətimiz müstəqilliyimizi şərtləndirən əsas amillərdən biridir. Azərbaycan böyük maliyyə resurslarına malikdir. Bu resursları biz özümüz yaratmışıq, bizə heç kim kömək etməmişdir. Azərbaycan xalqının istedadı və düşünülmüş siyasət nəticəsində bunu əldə etmişik. Bu gün dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə, hesab edirəm ki, Azərbaycan aparıcı, yəni, ən qabaqcıl yerlərdədir. Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız vardır. Bu da bizə inam, əminlik verir, imkan verir ki, bundan sonra da böyük infrastruktur və sosial layihələrimizi icra edək.

Bunu da xüsusilə qeyd etməliyəm ki, biz bu vəsaitdən çox qənaətlə istifadə edirik, ən vacib olan sahələrə yönəldirik. Eyni zamanda, ölkə daxilinə dövlət tərəfindən qoyulan investisiyaların artırılmasına da imkan verməməliyik. Çünki bu, xoşagəlməz hallara gətirib çıxara, inflyasiyanı sürətləndirə bilər və buna ehtiyac yoxdur. Biz növbəti illərdə bu templə inkişaf etsək, hesab edirəm ki, kifayətdir.

İl ərzində bizim valyuta ehtiyatlarımız artıb. Yəni, biz ildən-ilə, aydan-aya valyuta ehtiyatlarımızı artırırıq. Ona görə, mən bilirəm ki, biz çox qənaətlə istifadə edirik. Biz populist vədlərdən tamamilə uzağıq, heç vaxt bunu etməmişik. Ancaq praqmatik, düşünülmüş siyasət aparmışıq və bu siyasət imkan verdi ki, biz bütün çətinliklərdən şərəflə, üzüağ çıxa bildik.

Dünyanı bürümüş iqtisadi, maliyyə böhranı Azərbaycan əhalisinə, iqtisadiyyatına bir faiz də təsir etməmişdir. Bunu yəqin, gələcəkdə alimlər araşdıracaqlar və təhlil aparacaqlar ki, bu, nə üçün belədir. Bizim, sadəcə olaraq, buna vaxtımız yoxdur, biz işlə məşğuluq və işimiz göz qabağındadır. Biz böyük maliyyə resurslarına malik olan ölkəyik. Bir daha qeyd etmək istəyirəm, biz ildən-ilə maliyyə resurslarını artırırıq, artıracağıq. Bu resurslardan səmərəli şəkildə istifadə etməyimiz, bizə əlbəttə ki, əlavə gəlirlər gətirir və bu gün öz investisiya portfelimizi şaxələndiririk - həm sahələr üzrə, həm də xaricdə qoyulan investisiyaların coğrafiyası genişlənir."


Bu il üçüncü regional inkişaf proqramı qəbul edilmişdir   . Bu proqramın icrası nəticəsində artıq ilin altı ayında 65 min yeni iş yeri açılmışdır ki, onlardan 52 mini daimi iş yeridir. 2003-cü ildən bu günə qədər - bu proqramlar icra edilməyə başlayandan sonra 1 milyon 300 min iş yeri açılmışdır ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir. Demək olar ki, işsizlik böyük dərəcədə aradan qaldırılmışdır, çox aşağı səviyyədədir. Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda, - bu da çox sevindirici bir haldır, - əhali sürətlə artır. İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Biz deyə bilmərik ki, artıq bir milyon daimi iş yeri açılıbdır, gəlin, indi bu məsələyə diqqət yetirməyək. Yox, bu, daimi proses olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək.


Ona görə hesab edirəm, vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı düşünülmüş bir konsepsiya hazırlansın. Bu günə qədər bu, bir qədər kortəbii proses kimi gedirdi. Ancaq bizim əhalimiz bundan sonra da artacaqdır. Əhali nə qədər artsa, sonrakı illərdə o faiz də bir o qədər böyük rəqəmlərlə ölçüləcəkdir. Bir var ki, 8 milyon əhali bir, ya iki faiz artır, biri də var ki, on milyon əhali. Yəni, rəqəmlər də mütləq böyüyəcəkdir. Ona görə biz uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsini başlamalıyıq. Müəyyən işlər görülmüşdür, biz bunu gərək daha da konkretləşdirək ki, hansı sahələrdə nə qədər iş yerləri açılmalıdır. Buna görə biz nə etməliyik, hansı institusional islahatlar aparılmalıdır, buna nə qədər investisiyalar cəlb edilməlidir? Hesab edirəm ki, bundan sonra dövlət investisiya xərclərinin müəyyən edilməsində bu amil əsas olmalıdır. Çünki biz əvvəlki illərdə, hətta indi də vəsaiti ən böyük inkişafa ehtiyacı olan sahələrə yönəldirik.


Prezident qeyd edib ki, kənd yollarının təmiri diqqət mərkəzində olmalıdır: 


"Mənim bölgələrə səfərlərim zamanı bu məsələ daim müzakirə edilir. Yerlərdən gələn təkliflər sonra dövlət investisiya proqramına salınır. Üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. Eyni zamanda, vətəndaşlar tərəfindən il ərzində də müraciətlər olur. İl ərzində çalışıram ki, Prezidentin ehtiyat fondundan da kənd yollarının tikintisinə vəsait ayırım. Bəlkə də Prezidentin ehtiyat fondundan ayrılan vəsaitin böyük hissəsi kənd yollarının tikintisinə gedir. Çünki bu məsələ öz həllini tapmalıdır. Hesab edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaqdır. Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər".

Dövlət başçısı regionların qazlaşdırılması ilə bağlı da tapşırıqlarını verib. O qeyd edib ki, bu il bu proses bir qədər ləng gedir: "Əvvəlki illərdə daha sürətlə gedirdi və biz əlbəttə, çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Ona nail olmaq üçün imkanlar vardır. Dövlət büdcəsində də vəsait nəzərdə tutulub. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz vəsaitindən də istifadə etməlidir. Mənə yeni qazlaşdırılan kəndlərin demək olar ki, hər ay mütəmadi qaydada siyahısı verilir. Ona görə, bu məsələ nəzarətimdədir. Son vaxtlar o arayışlarda hər ay bir, iki, maksimum üç kəndin qazlaşdırıldığı göstərilir. Bu, qəbuledilməzdir, dözülməzdir. Dövlət Neft Şirkəti, "Azəriqaz" bu işləri daha da sürətlə aparmalıdır".


Prezident geridə qalan 6 ay ərzində neft-qaz sahəsində, xüsusilə "Cənub" qaz dəhlizi ilə bağlı ciddi addımlar atıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, artıq TANAP layihəsinin icrası, demək olar ki, başlayıb. Tikintiyə hazırlıq dövrü çox uğurla gedir: "Hesab edirəm ki, biz bu böyük layihəni vaxtında icra edəcəyik. "Cənub" qaz dəhlizinin təşəbbüskarı Azərbaycandır. Bu layihənin icrası nəticəsində həm Azərbaycan, həm də onun qonşuları və Avropa ölkələri böyük fayda götürəcəklər. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərib. Bu üç layihə - "Şahdəniz-2", TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına çevirəcək və ən vacibi, Azərbaycan xalqının bundan sonra da iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində rifahını təmin edəcəkdir. Biz bu layihənin icrası nəticəsində bundan sonra ən azı yüz il ərzində qaz ixracatından böyük fayda götürəcəyik və Azərbaycanın dünyadakı rolu daha da artacaq". Prezident əlavə edib ki, növbəti illərdə TANAP layihəsinin icrası ilə bağlı Azərbaycanda on minlərlə yeni iş yeri açılacaq. Azərbaycan şirkətləri bu layihələrdə iştirak edəcəklər. Son vaxtlar imzalanan kontraktlar üzrə tenderlərdə Azərbaycan şirkətləri ya birbaşa, ya da xarici şirkətlərlə birlikdə qalib gəlib. Azərbaycan şirkətlərinə həvalə edilən kontraktların həcmi bir neçə milyard dollardır. Prezident deyib ki, gələcəkdə də bizim inşaatla, xidmətlə, digər sahələrlə və əlbəttə ki, energetika sahəsi ilə bağlı şirkətlər TANAP, "Şahdəniz-2" layihələrinin icrası prosesinə hazır olmalıdırlar. Tenderlərdə iştirak etməli və yaxşı təklif verməlidirlər ki, qalib gəlsinlər: "Bir sözlə, bizim enerji siyasətimiz bu yolla ölkə iqtisadiyyatının inkişafına xidmət etməlidir, nəinki qazanılan pulların sonra infrastruktur layihələrinə yönəldilməsi ilə. Kontraktların icrası nəticəsində yerli şirkətlərin fəaliyyəti hesabına iş yerlərinin açılması, yeni sənaye sahələrinin yaradılması prosesi də sürətlə gedəcəkdir. Biz dövlət olaraq buna hazırıq. Bu məqsədlə artıq neçə ildir ki, sənayeləşmə siyasəti aparılır, texnoparklar yaradılır, digər təşəbbüslər vardır və olacaqdır".

Sizin Reklam Yeriniz