Mərkəzi Bank faizləri azaltdı
Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclası keçirilib. Mərkəzi
Bankdan Movqe.az-a verilən məlumata görə, iclasda qeyd edilib ki,
bu ilin birinci yarısında ölkə iqtisadiyyatında dinamik inkişaf,
milli gəlirin və rifah səviyyəsinin yüksəlməsi prosesləri davam
edib. Azərbaycan milli iqtisadiyyatın maliyyə dayanıqlığı və
makroiqisadi sabitlik göstəricilərinə görə dünyada ön mövqelərini
inamla qorumaqdadır. Bu ilin birinci yarısında ölkədə iqtisadi
artım 2,1% təşkil edib, o cümlədən qeyri-neft iqtisadiyyatı 7%
artıb. İqtisadi artımda daxili inkişaf mənbələri əhəmiyyətli rol
oynamaqdadır. Mövcud inkişaf dinamikası şəraitində iqtisadi artım,
məşğulluq və inflyasiya arasında optimal tarazlıq təmin olunub.
Dövr ərzində orta illik inflyasiya əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 0.4% bəndi azalaraq 1.6%-ə enib.İnflyasiyanın aşağı
səviyyəsini, iqtisadi artıma təsir edən məcmu tələb amillərini, pul
kütləsinin artım templərini nəzərə alaraq, habelə iqtisadiyyatın
şaxələnməsinə, real sektorda investisiya, o cümlədən kredit
fəallığının daha da yüksəlməsinə və iqtisadi artıma zəruri dəstək
vermək məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 30 iyul 2014-cü il
tarixindən etibarən uçot dərəcəsinin 4,25%-dən 3,5%-ə endirilməsi
barədə qərar qəbul edib. Həmçinin, faiz dəhlizinin parametrlərinə
də dəyişikliklər edilib. Dəhlizin yuxarı həddi 6%-dən 5%-ə, aşağı
həddi isə 0,5%-dən 0,1%-ə endirilib. Eyni zamanda bankların bütün
depozitləri üzrə məcburi ehtiyat normaları 3%-dən 2%-ə endirilib.