Əlaqə Arxiv
news Image
2014.07.31
16:25
| A A A
Gəncədə «Milli Qəhrəmanların təbliğində media mütəşəkkiliyi» mövzusunda «dəyirmi masa» keçirilib

İyulun 30-da Gəncədə "Milli Qəhrəmanların təbliğində media mütəşəkkiliyi: mövcud durum və perspektiv vəzifələr" mövzusunda "dəyirmi masa" keçirilib. "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı "Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili" layihəsi çərçivəsində baş tutan tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının rəhbər şəxsləri, yerli kütləvi informasiya vasitətələrinin, o cümlədən internet media resurslarının təmsilçiləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.


"Dəyirmi masa"nı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq bildirib ki, qədim və zəngin ənənələrə malik Gəncə şəhəri həmişə özünün qəhrəmanlıq salnaməsi ilə örnək olub. Müxtəlif dövrlərdə yadelli hücumlarına məruz qalan şəhər mətinlik və mübarizlik nümunəsi göstərib. Qəhrəmanlıq tarixinin yaşadılması isə son dərəcə mühüm vəzifə kimi müəyyənləşdirilib. Gəncə şəhər rəhbərliyi də fəaliyyətində buna üstünlük verir: "Cənab başçı Elmar Vəliyev torpaqlarımızın bütövlüyü uğrunda şəhid və əlil olmuş insanların ailə üzvlərinin qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir. Bu adamlara müxtəlif yardımlar edilir, yeni mənzillərlə təmin olunur, mənzil şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülür. Bundan başqa şəhidlərin və Milli Qəhrəmanların xatirələrinin əbədiləşdirilməsinə ciddi önəm verilməkdədir. Gəncədə 200-dək küçəyə şəhidlərin adı verilib. Bundan başqa şəhərin Şəhidlər Xiyabanı yenidən qurulub. Orada abidə kompleksi ucaldılıb", - deyən N.Həmzəyev əlavə edib ki, məzarı Gəncənin Şəhidlər Xiyabanında olan 369 şəhidin 5-i Azərbaycanın Milli Qəhrəmanıdır.


"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru, "Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili" layihəsinin rəhbəri Əvəz Rüstəmov çıxışında sözügedən layihə barədə məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilməkdə olan layihə 2014-cü ilin iyul-dekabr aylarını əhatə edir. "Çoxəsrlik qəhrəmanlıq ənənələrinə malik Azərbaycan xalqının əldə etdiyi ən böyük nemət dövlətçilikdir. İstər qədim dövrlərdə, istər orta əsrlərdə, istərsə də yeni və ən yeni tarix mərhələsində məhz qəhrəmanlıq keyfiyyətlərinə sadiqlik nəticəsində dövlət qurmağı və onu qorumağı bacarmışıq. Hesab edirik ki, Vətən torpaqları uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsini yaşatmaq təkcə mənəvi borc deyil, eyni zamanda Azərbaycanın gələcəkdə də müstəqil dövlət kimi öz varlığını sürdürməsi baxımından son dərəcə önəmlidir. Mövcud layihə həmin önəmi dəyərləndirmək, cəmiyyətdə vətənpərvərlik hissinin gücləndirilməsini, Milli Qərrəmanlarımızın rəşadətli həyat yolunun cəmiyyətə yaxından çatdırılması ilə bağlı ölkə miqyasında gedən proseslərə dəstək göstərilməsini nəzərdə tutur", - deyən Ə.Rüstəmov Milli Qəhrəmanların sistemli dövlət qayğısı ilə əhatə olunduğunu bildirərək bu prosesdə, ümumən şəhid ailələrinə, müharibə veteranlarına həssas yanaşılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mühüm rol oynadığını bildirib. Layihəni Nazirliyin sosial yönümlü tədbirlərinə əlavə ictimai dəstək kimi dəyərləndirib.


Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının ideologiya şöbəsinin müdiri Hüseyn Budaqov Vətən torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərmiş oğullarımızın


xatirəsinin əbədiləşdirilməsinin, onların örnək kimi gənc nəslə daha yaxından tanıdılmasının zəruriliyini vurğulayıb. Bu baxımdan layihənin əhəmiyyətini yüksək qiymətləndirən H.Budaqov xüsusən də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəhrəman övladlarımızın təbliğinə yönələn layihəyə dəstək verməsini yüksək qiymətləndirib. O, cənab Səlim Müslümovun nazir təyinatından sonra bu dövlət qurumunda aparılan islahatların sosial problemlərin həlli ilə yanaşı, ictimai məsələlələri əhatə etməsini vacib məqam kimi önə çəkib.


"Dəyirmi masa"da çıxış edənlər cəmiyyətdə hərbi vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyacın duyulduğunu qeyd edərək bildiriblər ki, mövcud prosesdə medianın üzərinə böyük missiya düşür. Bu baxımdan media peşəkarlığının aspektlərinə nəzər salınıb, müxtəlif situasiyalar təhlil olunub.


"Dəyirmi masa"da Gəncə Şəhər İcra Hakimiyyətinin yeni nəşri olan "Gəncə şəhərinin hərb tarixi və şəhidləri" kitabı ətrafında da müzakirələr aparılıb. Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının sədri N.Həmzəyev kitabın yeni nüsxələrinin də çap ediləcəyini, ümumən Gəncə şəhərinin qəhrəmanlıq tarixi ilə bağlı yeni nəşrlərin hazırlanacığını vurğulayıb. "Dəyirmi masa" çərçivəsində həmçinin Gəncə Şəhidlər Xiyabanı da ziyarət olunub.

Sizin Reklam Yeriniz