Əlaqə Arxiv
news Image
2014.08.06
12:50
| A A A
Benzinin qiyməti qalxdı

Azərbaycanın yanacaqdoldurma məntəqələrinə yenicə gətirilmiş "Premium Euro-95" markalı benzinin qiyməti qalxıb. Movqe.az xəbər verir ki, 93 qəpiyə satılan "Premium" markalı benzin 4 qəpik artaraq 97 qəpik olub.  Ölkədə fəaliyyət göstərən bəzi yanacaq doldurma məntəqələri də  bu faktı təsdiqləyiblər. Bildirilib ki, "Premium Euro-95" markalı benzinin qiymətindəki artım dünya bazarında neftin qiymətindəki artımla əlaqəlidir. Sözügedən benzin markasının qiymətində artım dünən axşam saatlarından müşahidə edilib. "Lukoyl Azərbaycan" şirkətindən verilən açıqlamaya görə, "Premium Euro-95" markalı benzini Azərbaycan Dövlət Neft Şirkətinin tövsiyə etdiyi qiymətə uyğun olaraq satır: "Bildiyiniz kimi, bu növ yanacaq sərbəst qiymətlərlə satılır və gecə saatlarından etibarən qiymət 97 qəpik təşkil edib".

"Azpetrol" şirkətindən bildirilib ki, yanacaq markasının qiymətinin artmasına səbəb dünya bazarlarında neftin qiymətinin dəyişilməsidir: "Azərbaycanda yalnız iki şirkət - "SOCAR Petroleum" və "Azpetrol" "Premium Euro-95" markalı benzinin ölkəyə gətirilməsi ilə məşğuldur. "Azpetrol" adıçəkilən benzin markasını Yunanıstandan idxal edir. Dünya bazarında neftin qiymətində baş verən artım "Premium Euro-95" markalı benzinin satış qiymətinə təsirini göstərib".

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə bildirib ki, şirkət "Premium Euro-95" markalı benzinin satış qiymətinin artırılması ilə bağlı heç bir şirkətə tövsiyə verməyib. "Bir şirkətin başqa bir şirkətə bu istiqamətdə tövsiyə verməsi o qədər də inandırıcı deyil", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanda yanacaqdoldurma məntəqələrində satılan "Premium Euro-95" benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. 


Sizin Reklam Yeriniz