Əfsanəvi diktorun yubileyi qeyd olundu
Siyəzən şəhər Mədəniyyət Sarayında Azərbaycanda
peşəkar diktorluq məktəbinin yaradıcısı, əfsanəvi səsə malik olan
diktor Aydın Qaradağlının 85 illik yubileyi qeyd olunub. Movqe.az
xəbər verir ki, tədbirdə yerli icra orqanlarının nümayəndələri,
Azərbaycanın tanınmış incəsənət xadimləri, eləcə də yubilyarın ailə
üzvləri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Aydın
Qaradağlının ifasında Cəfər Cabbarlının "Ana" şerinin səs yazısını
dinləyiblər. Siyəzən rayon icra hakimiyyətinin başçısı Arif Qasımov
xalqımız tərəfindən sevilən unudulmaz diktorun adının rayonda
əbədiləşdirildiyini qeyd edib. Belə ki, 85 illik yubileyi
ərəfəsində Siyəzən şəhərindəki küçələrdən birinə Aydın Qaradağlının
adı verilib. Tədbirdə Teatr Xadimləri İttifaqının sədri, Xalq
artisti Azərpaşa Nemətov, filologiya elmləri doktoru, professor,
şair və nasir Vüqar Əhməd, Azərbaycan Televiziya və Radio
Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Cavanşir
Cahangirov və başqaları çıxış edərək təkrarolunmaz səs sahibi,
böyük ziyalı Aydın Qaradağlı haqqında xatirə və düşüncələrini
bölüşüblər. Əfsanəvi diktorun həyat və yaradıcılığı haqqında
məlumat verilərək bildirilib ki, Aydın Qaradağlı 20 avqust 1929-cu
ildə anadan olub.17 yaşından diktor kimi fəaliyyətə başlayan Aydın
Qaradağlı 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında
Radio və Televiziya Verilişləri Komitəsinin diktoru işləyib. O,
1948-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr
Məktəbini (aktyorluq ixtisası üzrə), 1949-cu ildə isə Moskvada
ümumittifaq diktorluq kurslarını uğurla başa vurub. Aydın Qaradağlı
uzun ömür yaşamasa da, onun səsinin Azərbaycan mədəniyyətində rolu
olduqca böyükdür. Görkəmli sənətkar, istər rəsmi mövzuları, istərsə
də bədii əsərləri dinləyicilərə böyük məharətlə çatdırıb. Hazırda
respublikada tanınmış diktorların əksəriyyəti məhz Aydın Qaradağlı
məktəbindən bəhrələnir, onun səs yazılarından öyrəndiklərini
işlərində tətbiq edirlər. Azərbaycan radiosunun "Qızıl fond"unda
Aydın Qaradağlının ifasında Nizami Gəncəvi, Məhəmməd Füzuli, Cəfər
Cabbarlı, Məhəmmədhüseyn Şəhriyar və digər klassiklərin, habelə
Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin
səs yazıları qorunub saxlanılır. Aydın Qaradağlı 1980-ci ilin 28
yanvar tarixində, 50 yaşında dünyasını dəyişib.Yubilyarın qızı
Aygül Qaradağlı ölməz sənətkar Aydın Qaradağlının 85 illiyinin
keçirilməsinə görə tədbirin təşkilatçılarına minnətdarlıqlarını
ifadə edib. Yubiley tədbirində tanınmış incəsənət ustalarının
ifasında konsert proqramı da təqdim olunub.