"Beynəlxalq Qızıl Xaç Komitəsinin
Azərbaycandakı işi sıfıra bərabərdir. Bu Komitəni Azərbaycanda niyə
saxlayırlar, biz anlamırıq. Dəfələrlə onlara müraciət etməyimizə
baxmayaraq heç bir müsbət irəliləyiş yoxdur".
Bunu ANS PRESS-ə açıqlamasında
Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində
girov götürülmüş Şahbaz Quliyev əmisi oğlu Natiq Quliyev deyib. O,
BQXK-nın fəaliyyətindən narazı olduqlarını
söyləyib: "Onlar niyə bu işi iki-üç
ayın içində həll edə bilmədilər? Mən Şahbazın əmisi oğlu olaraq
BQXK-nın fəaliyyətindən qətiyyən narazıyam. Mənim ailə üzvlərim,
bütün nəslimiz, kökümüz həmin təşkilatın fəaliyyətindən narazıdır.
Dəfələrlə onlara müraciət etmişik. Onlar isə çalışdıqlarını
söyləyirlər. Çalışsalar, əsirimizi geri
qaytararlar".
N. Quliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin
girovlarla keçirdiyi görüşlərin nəticəsiz qaldığını da ifadə
edib:
"Görüşlər keçirirlər. Görüşdən sonra 200 kiloluq
kişidən bir vərəq yazılı kağız gətirir. Görüş zamanı onun səsini
yazıb gətirsinlər. Şəklini gətirsinlər. Erməni dövləti o qədər
hegemon dövlətdir ki, onlar bir şəkil götürüb gələ bilmirlər?
Ürəyimiz partlayır. Keçi saqqalın biri Qızl Xaçın ofisində oturub.
Gedib əsirləri gətirsinlər. Erməni olsaydı, 10 dəfə qaytarmışdı.
Şahbaz diversant deyil. Nə vaxt görmüşük ki, azərbaycanlılar öz
torpaqlarında əsir götürülsün? Qızıl Xaç Komitəsi laqeyiq yanaşır.
Şahbazdan gətirdikləri məktubları da yalandan özləri yazırlar.
Bununla da başımızın altına yastıq qoyurlar. Qızıl xaç gedib mənim
əmim oğlunu alıb gətirsin. Bizim məktubla başımızı
aldadırlar".
Qeyd edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və
Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan Silahlı
Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı
Həsən Həsənov isə öldürülüb. İndiyə qədər BQXK-nın mandatına uyğun
olaraq girovlarla 3 dəfə görüş keçirilib.
Həsən Həsənovun Dağlıq Qarabağda dəfn edildiyi
deyilir.