Əlaqə Arxiv
news Image
2014.09.02
12:09
| A A A
DOSTLUĞA ALTERNATİV YOXDUR

Hər bir əsər yazılanda müəllif nəticə etibarilə qarşısına, millətinə, ölkəsinə yararlı, faydalı ola biləcək kimi şərəfli vəzifə qoyur. Bunu qələm sahibləri daha yaxşı bilir və məsuliyyəti dərk edirlər. Xüsusilə də yaşadığımız bu qəliz, Qarabağ problemi kimi dərdimiz olan, bir çox hallarda yüksək beynəlxalq instansiyalar səviyyəsində ikili standartlar işlədilən zəmanədə, yazılan kitab xalqı qürurlandırmalı və onu bəhrələndirməlidir, ən azı təbliğat vasitəsi olaraq doğma el-obaya sədaqət nümunəsi kimi ləyaqətlə xidmət etməlidir. Haqqında söhbət açacağım kitabın müəllifi ilə söhbətimiz zamanı onun bu yüksək amallara vəfalı olduğuna, öz publisistik əsərlərilə əsil vətənpərvərlik missiyasını yerinə yetirdiyinə və bu aktivliyindən haqlı olaraq qürur hissi keçirdiyinə növbəti dəfə şahidlik elədim.

Artıq öz əsərləri, uzun illər boyu qəzetlərdə, jurnallarda dərc olunan publisistik yazıları, tele-radio çıxışları ilə geniş oxucu, tamaşaçı kütlələrinə tanış olan Ramin Hüseyn oğlu Məmmədovun yenicə işıq üzü görmüş "Dostluğa alternativ yoxdur" kitabı bugünki informasiya müharibəsi getdiyi və bütün proseslərin intensiv inkişaf etdiyi, eləcə də ağılagəlməz dərəcədə sürətlə istiqamətini dəyişdiyi dünyada, fikrimizcə lap yerinə düşür. Belə ki, xalqımızın, dövlətçiliyimizin, ümumiyyətlə bütün türk dünyasının qatı düşməni Zori Balayanın (başdan ayağa Yalanyanın) "Qarabağ Azərbaycanın da deyil, Ermənistanın da deyil, Qarabağ Rusiyanın tərkib hissəsidir" sözləri ilə bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinə uzun-uzadı, bir sözlə 30 səhifəlik məktub ünvanladığı və "Sizdən cavab alacağıma şübhə etmirəm, amma Sizə əlavə məktub da göndərəcəm" deyə sanki kövrəksayağı bir tərzdə sadəlövhlük qədər də xəyallara bərabər ümidlərini gerçəkləşdirəcəyinə arxayınlığı puça çıxdığı bir vaxtda R.Məmmədovun öz sadə üslubu ilə bütün kateqoriyalı oxucular üçün başa düşüləcək xüsusiyyətli kitabı kütlələrə hədiyyə edilib. Burda hədiyyə edilib sözlərini də təsadüfi dilə gətirmədik. Bəli, aşağıda adını ehtiramla çəkəcəyimiz SEBA (Seul – Bakı) Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının rəhbərliyi bu kitabı oxuculara da pulsuz paylamağa qərar verməklə insanların maariflənməsi kimi ciddi işə daha bir qayğıkeşlik imzası atmışdır.

Bu adi bir təsadüfdürmü, yoxsa İlahinin iradəsidir?- hər halda bu reallıqdır. Və Vladimir Vladimiroviçin lakonik cavabından, internetlə yayımlanmış çox tutarlı, boş-boş xülyalara son qoyan, Serj Sarkisyanın ikiüzlülüyünü də açıq - aşkar ictimailəşdirərək kinayə ilə "Zori Qaykoviç, səndə olan həvəs məndə yoxdur ki, sənin kimi lavaş ölçüsündə məktub yazım... Pis deyil ki, sətirarası Qərbə dişlərini qıcayırsan, Rusiyanı Qafqazın hakimi hesab edirsən. Bəs nə üçün Serj Azatoviçin qərbyönümlü siyasət aparmasından, onların Rusiya əleyhinə siyasətini şirnikləndirməsindən, öz hakimiyyətini saxlamaq naminə Qarabağı qurban verməyə can ataraq qaytarmağa razılaşmasından danışmırsan... Sən məni Qarabağa dəvət edirsən. Mən onu qəbul edərəm, ancaq ləyaqətini bərpa etmiş xalqdan. Mən anlaya bilmirəm, Azatoviç nəçi adamdır, doğrudanmı bir damcı ləyaqəti olmayan adamın da prezident olması mümkündür... Zori Qaykoviç, mənə bir daha məktub yazmayın – Rusiyada tualet kağızı çatışmazlığı yoxdur" kimi sərt və təhqiramiz cavabı ilə çoxsifətli adama, deməli ermənilərə, əlvida dediyi bir vaxta təsadüf edir. Eləcə də ermənilər mətbuat, xüsusilə də Rusiya qəzet, jurnal, internet və telekanalları vasitəsilə dəridən – qabıqdan çıxaraq adamları inandırmağa cəhd edirlər ki, Rusiya və Azərbaycan arasında dostluq əlaqələri mümkün deyil. Bu mövzunu "işıqlandırmaqda" Moskvada çıxan "Noyev kovçeq" qəzeti çox canfəşanlıq edir, daha irəlidə getməyə çalışır. Bax belə bir şəraitdə rusdilli oxucular üçün və Azərbaycan, Rusiya məkanında yayımlanması nəzərdə tutulmuş "Dostluğa alternativ yoxdur" kitabı oxucuların mühakiməsinə verilib.

İlk növbədə onu söyləməliyəm ki, bu kitab Ümummilli liderimiz Heydər Əliyevin 90 illik, Rusiya xalqlarının lideri Vladimir Putinin 60 illik yubileylərinə ithaf olunmuşdur. Toplu Azərbaycan Respublikasının Pezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şəkilləri və ölkələrimiz arasında mövcud olan isti, dostluq əlaqələrinə dair iki dövlət başçılarının deyimləri ilə açılır.

Onu da qeyd etməliyəm ki, kitabın ilk səhifələrində, əsərin işıq üzü görməsi üçün maddi və mənəvi dəstək vermiş, bir çox dəyərli mədəni, böyükk layihələr müəllifi kimi çıxış edən SEBA (Seul – Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının rəhbərliyinə və kollektivinə layiq olduqları dərin təşəkkürünü ünvanlamışdır. Bəli, belə xeyirxah insanların köməyi olmasa, bu gün qələm sahibi üçün kitab nəşri agır işə çevrilə bilir.

Bir halda ki, Ramin Məmmədovun bu kitabında söhbət ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin yeni mərhələdə inkişafından gedir, bir haşiyə çıxmaq istəyirəm. Müəllifin sözü gedən mövzunu hələ çox gənc vaxtlarından vacibliyini duyaraq ictimaiyyətin diqqət mərkəzinə çəkməyə çalışmasını qeyd etməyi unutmaq olmaz. Bu bir həqiqətdir ki, o uzun illər qürbətdə yaşamış bir adam kimi millətlərarası münasibətləri daha yaxından izləyə bilmiş və şəxsi arxivində rast gəldiyim, səliqə ilə saxlanmış, illər ərzində saralmış qəzetlərdən görünür ki, xeyli illər öncə yaranmış problemə öz yazılarilə dəfələrlə münasibət bildirmiş, Rusiya bölgələrindəki insanların bizlə bağlı düşüncələrində yaxşıya doğru dönüş yaratmağa çalışmışdır. Belə ki, hələ sovetlər dönəmində, Nijnevartovskda fəaliyyət göstərdiyi illərdə yaranmış kritik vəziyyətlə əlaqədar şəhər qəzetində "Millətlərarası münasibətlər" rubrikası altında onun xeyli yazıları dərc edilmişdir. Məsələn, 29 aprel 1987-ci il tarixli "Leninskoye znamya" (indi "Mestnoye vremya") qəzetində "Dostluğu möhkəmlədək" adlı məqaləsində beynəlmiləlçilik təbliğatının aşağı səviyyədə olduğundan həyəcanla söhbət açır. Qeyd edir ki, hamı düşünür ki, bu vacib sahədə problem həll olunub, yaxud öz-özünə həll oluna bilər. Amma anlamaq istəmirlər ki, hər addımbaşı burda yaşayan Qafqaz millətləri kəskin, normal ağıla sığışmayan təhqirlərə məruz qalırlar. Millətlərarası tərbiyə işinin gücləndirilməsinin vacibliyini vurğulayaraq "Qoy bu işdə bizə təbliğatçıların alovlu çıxışları kömək etsin"-deyir.

Mütəmadi olaraq bu mövzunu inkişaf etdirərək "Beynəlmiləlçilik hisslərini gücləndirək" (yenə orada 24.02.1988) yazısında açıqlama verərək bildirir ki, onun da yaşadığı Nijnevartovsk şəhərinin əksər müəssisələrində bir çox millətlərin nümayəndələri birgə fəaliyyət göstərir. Və burda milli zəmində yaranan hörmətsizlik özünü büruzə verir, bunların qarşısı tezliklə alınmalıdır, yoxsa hadisələr inkişaf edərək adi təhqirlərdən kütləvi münaqişələrə keçə bilər. Müxtəlif millətlərdən olan adamların bir-birinə belə təhqiramiz yanaşmasını R.Məmmədov o dövrdə ictimaiyyətdə bərqərar olan davranış mədəniyyətinin aşağı səviyyədə olması ilə də əlaqələndirir. Mövzudan çox da uzaqlaşmayacam. Bircə onu qeyd etmək istəyirəm ki, R.Məmmədovun ötən əsrin 80-ci illərinə aid Rusiya qəzetlərində getmiş yazıları ilə tanışlıqdan sonra görürəm ki, "Siz bazarlarda daha çox görünürsünüz" deyənlərə cavab olaraq məqalələrində "Bakı nefti olmasaydı müharibədə böyük qələbənin mümkünsüzlüyünü, ümumiyyətlə Azərbaycanın və azərbaycanlıların İkinci cahan müharibəsində rolunu, millətimizin bir istedadlı xalq olaraq saysız-hesabsız dövlət xadimi alim, yazıçı, şair, general, qəhrəman... yetişdirməsi faktlarını oxuculara lyiqincə açıqlamışdır.

Daha bir məsələni də qeyd etməmək haqsızlıq olardı. Dostluq əlaqələrinə dair yazılmış kitabla tanış olan oxucu elə düşünməsin ki, R.Məmmədov tariximizdə qara əllərin törətdiyi faciələri görmür, nə də ki, görmək istəmir. Əsla bu belə deyil. Onun 2010-cu ildə "Qoşa ulduz" jurnalına göndərdiyi "Xalqlar dostluğu" (rusca) adlı publisistik materialda bir mühüm məsələni də yan keçməyərək belə faciəli hadisələri də xatırlatdığını oxudum: "İndi dostluqdan yazdığım halda mən tam məsuliyyətlə dərk edirəm ki, qonşu taleyinə biganə, düşməncəsinə yanaşanlar 200 il öncə milli maraqlarımızın əleyhinə olaraq 1813-cü və 1828-ci illərdə "Gülüstan" və "Türkmənçay" müqavilələri imzalayaraq xalqımızı qəddarcasına parçalamış, 1918-ci il mart qırğınlarını törətmiş, 20 yanvar 1990-cı il, 26 fevral 1992-ci il qanlı faciələrini əvvəlcədən hazırlanmış planlar əsasında təşkil edərək bizə sağalmaz yaralar,misilsiz zərbələr vurmuşlar. Lakin hər bir sağlam düşüncəli adam anlayır ki, bunlar rus xalqının yekdil iradəsindən əmələ gəlməyib, məhz vicdansız I Nikolayın, II Aleksandrın, xülasə Qorbaçovsayağı əli qana batmışların cinayətkar əməlləridir".

Gəlin qayıdaq əsas mövzuya. "Dostluğa alternativ yoxdur" toplusu son iyirmi il ərzində, xüsusilə də Vladimir Putin hakimiyyətə gəldikdən sonra ölkələrimiz arasında baş vermiş pozitiv reallıqları nümayiş etdirir.

İstəkli oxuculara bildirməliyəm ki, "Dostluğa alternativ yoxdur" kitabı ilə bir cilddə müəllif "Odlar Yurdunun övladları Rusiya tarixində" adlı kitabının yeni – üçüncü nəşrini də təqdim etmişdir. Təbii ki, bu barədə bir qədər sonra müfəssəl açıqlama veriləcək. Hələliksə söhbət birinci kitabdan gedəcək. Yəni istənilən halda hər iki əsərin yazılması, müəllifin bu istiqamətdə uzun illər boyu axtarışlarını genişləndirməsi olduqca ibrətamiz və xoşməramlıdır, böyük şimal qonşumuzla əlaqələrimizin möhkəmlənməsini, siyasi və iqtisadi baxımdan ölkələrimizin sıx bağlılığını, isti münasibətlərimizin yeni müstəvidə inkişafını göstərməkdən ibarətdir.

"Dostluğa alternativ yoxdur"un elə ilk səhifələrindən görünür ki, 1993-cü ildən başlayaraq Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əlaqələr heç zaman kəsilməmişdir. Lakin, məlum olduğu kimi 2000-ci ilə kimi, yəni əvvəlki Rusiya rəhbərliyinin dövründə, ikitərəfli, normal bərabərhüquqlu münasibətlərin lazımi səviyyədə qurulması mümkün olmamışdır.

Vladimir Putinin dövlət rəhbərliyinə gəlişi, bunu ümummilli liderimiz Heydər Əliyev də dəfələrlə qeyd etmişdir, iki qonşu ölkənin münasibətlərinin yaxşıya doğru inkişafında ciddi dəyişikliklər etməyə imkan vermişdir.

Əsərdə siz "İyirmi il yan-yana", "Bakı bəyannaməsi", "Böyük yolun başlanğıcı", "Heydər Əliyev belə demişdi", "Sankt-Peterburqda görüş", "Azərbaycan prezidenti İlham Əliyevin təbriki", "Vladimir Putinin Rusiya xalqına müraciəti", "Putin və Rusiya azərbaycanlıları", "Putin milli məsələ haqqında", "Ruslar Azərbaycan tarixində", "Azərbaycanlılar Rusiya tarixində", "Dostluq və əməkdaşlıq haqqında", "İlham Əliyev Rusiya ilə münasibətlərimiz haqqında", "Mehriban Əliyeva Rusiya ilə münasibətlərimiz haqqında", "Leyla Əliyevanın Rusiyada fəaliyyəti", "Dostluq davam edir" və digər başlıqlar altında konkret faktlarla zəngin yazılara rast gələcəksiniz.

Bu əsərin yazılmasında müəllif rəhmətlik prezidentimiz Heydər Əliyevin, Rusiya prezidenti Vladimir Putinin çıxışlarından, eləcə də başqa nüfuzlu mənbələrdən, Rəfail Hüseynov və Roy Medvedyevin "Medvedyev Putin haqqında" (Moskva-2011), Adıgözəl Məmmədovun "Aydın məqsədli Rusiya lideri" (Bakı-2011), Leonid Mleçinin "Kreml. Rusiya Prezidentləri" (Sankt-Peterburq-2008) kitablarından və başqa nəşrlərdən tutarlı faktiki məlumatlar təqdim etmişdir.

AMEA-nın akademiki, Respublika Ağsaqqallar Şurası sədrinin müavini Teymur Bünyadovun "Dostluğa alternativ yoxdur" toplusunun əvvəlində getmiş "Kitablar xalqlar dostluğunun salnaməsidir" adlı məqaləsində deyilir ki, "Heydər Əliyev öz nüfuzu, sağlam düşüncəsilə, Rusiyaya olan hörmətilə, 20 Yanvar qanlı faciəsindən sonra ruslara qarşı pis münasibəti dəyişə və yaxşı istiqamətə yönəldə bildi". Daha sonra hörmətli akademik qeyd edir ki, Heydər Əliyevin bizim həmvətənimiz olması bütün xalqımızı sevindirir. Ümummilli liderimiz Heydər Əliyevə Rusiya Prezidentinin böyük hörmət bəslədiyini vurğulayaraq Vladimir Putinin sözlərini sitat gətirir: "Mən gözləmirdim ki, belə dərin zəkalı, həssas, diqqətli, ciddi, zəngin siyasətçi ilə qarşıllaşacam. Əlbəttə, Heydər Əliyevin miqyası Azərbaycanın çərçivələrindən kənara çıxır. Bu mənada Azərbaycanın bəxti gətirmişdir. Heydər Əliyev həmişə beynəlmiləlçi, Rusiyanın böyük dostu, Azərbaycanın dahi vətənpərvəri olmuşdur..."

Kitabı oxuduqca asanlıqla dərk edirsən ki, hörmətli prezidentimiz cənab İlham Əliyevin dahi Heydər Əliyev tərəfindən möhkəm təməli qoyulmuş Heydər Əliyev diplomatiyasının inadkarlıqla, düzgün həyata keçirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində, Rusiya Federasiyası ilə dostluq əlaqələrinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi sahəsində mövcud olan danılmaz rolu bir daha oxucu diqqətinə çatdırılır. İlham Əliyevin bu xidmətlərini və dünya arenasında ölkəmizin müstəqil, güclü Respublika kimi tanıdılmasında əvəzsiz xidmətlərini qeyd edərək akademik Teymur Bünyadov yazır: "Heydər Əliyev tərəfindən təməli qoyulmuş möhtəşəm, nəhəng işin ləyaqətli, inadkar davamçısı bu gün onun oğlu – Azərbaycan Respublikasının prezidenti çox hörmətli İlham Əliyevdir. Onun bütün fəaliyyəti xalqımızın rifahının yaxşılaşmasına, qonşu və uzaq ölkələrlə dostluq münasibətlərinin sabit və mehriban şəraitdə inkişafına yönəlmişdir. Dahi atası kimi İlham Əliyevin də qəlbinin bir hissəsi Rusiya ilə bağlıdır – o da, həyat yoldaşı Mehriban xanım da Rusiya ali məktəblərində təhsil almışlar. Hzırda onun hər iki qızı həmin ölkədə yaşayırlar – böyük qızı Leyla xanımsa Rusiya Azərbaycaanlı Gənclər Təşkilatının (RAGT) sədri, Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri, Moskvada nəşr olunan rusca "Baku" jurnalının baş redaktorudur..."

Teymur müəllimin bu yazısında Ramin Məmmədovun kitablarıına da münasibət bildirilir: "Beləliklə bizim dahi liderimiz Heydər Əliyev vəsiyyət etmişdir ki, şimal qonşumuz Rusiya ilə dostluq əlaqələrini həmişə yüksək səviyyədə inkişaf etdirək. R.Məmmədovun kitabları da bu missiyaya xidmət edir. O, iyirmi ildən artıqdır ki, yorulmadan Rusiya Federasiyasının şəhərlərini, bölgələrini gəzərək dəyərli yurddaşlarımıza dair məlumatlar toplayır, yeni-yeni əsərlər yazır. Onun kitabları sadə olduğu qədər də müdrikdir, ayrı-ayrı fərdlərin həyatı nümunəsində xalqlarımız arasında dostluğun salnaməsini ortaya qoyur və əlaqələrin möhkəmlənməsinə xidmət edir".

"Dostluğa alternativ yoxdur"da ölkələrimiz arasında imzalanmış nüfuzlu, vacib sənədlər oxucu diqqətinə çatdırılır. Hələ Rusiya Prezidentinin ölkəmizə ilk rəsmi səfəri zamanı dahi liderimiz Heydər Əliyevin söylədiyi nitqi də burda oxuya bilərik. Həmin çıxışda deyilir: "Rusiya ilə Azərbaycan arasında, rus və Azərbaycan xalqları arasında münasibətlərin tarixi bir çox əlamətdar hadisələrlə səciyyələnir. Biz onu yüksək qiymətləndiririk ki, təxminən iki yüz il ərzində bu dövlətin tərkibində olarkən Azərbaycan xalqı ilə rus xalqı arasında xoş münasibətlər yaranmışdır və bu xoş münasibətlər sıx dostluğa çevrilmişdir. Bir dövlətin tərkibində - keçmişdə çar imperiyasında, sonra da Sovetlər İttifaqının tərkibində birgə həyatın gedişində Azərbaycan xalqının əldə etdiyi nailiyyətləri biz Azərbaycanda yüksək qiymətləndiririk. Bizim üçün ən böyük əhəmiyyəti olan odur ki, rus mədəniyyətinin təsiri altında Azərbaycanda dünyəvi həyat tərzinin xüsusiyyətləri meydana gəlməyə başlamışdır. Azərbaycanlılar Rusiyada təhsil alırdılar, onlar sonradan öz xalqının maarifçiləri olmuş və milli dirçəliş üçün, elmin, təhsilin, mədəniyyətin inkişafı üçün çox işlər görmüşlər..."

Həmin çıxışında Heydər Əliyev xalqımızın qarşılıqlı xidmətlərinə də yüksək qiymət verərək bildirmişdir: "Yəqin Rusiyada bunu qiymətləndirirlər ki, Rusiyanın və bütün Sovetlər İttifaqının İqtisadiyyatının inkişafında, sənayenin inkişafında, sənayeləşdirmədə Azərbaycan öz rolunu oynamışdır. Biz iftixarla deyirik ki, Azərbaycan neftçiləri Rusiya Federasiyasının və o vaxtkı bütün Sovetlər İttifaqının müxtəlif regionlarında bir çox neft və qaz yataqlarının aşkara çıxarılmasının fəal iştirakçıları olmuşlar..."

Həmin səfər zamanı Vladimir Putin də öz çıxışında ölkələrimizin qarşılıqlı əlaqələrinə yüksək qiymət vermiş, bu barədə dəyərli fikir söyləmişdir. Bu görüş zamanı əhəmiyyəti heç də az olmayan Azərbaycan Respublikası və Rusiya Federasiyasının Bakı Bəyannaməsi imzalanmışdır. Amma mən kitabda yer almış başqa maraqlı məsələlərə toxunmaq istəyirəm. Belə ki, təxminən iki ildən sonra, yəni 2002-ci ilin sentyabr ayında Azərbaycan Prezidenti Heydər Əliyev Moskvada Rusiya-Azərbaycan sammitində çıxış edərək Rusiya – Azərbaycan münasibətlərinin yeni mərhələdə inkişafına yüksək qiymət verərək Moskvaya hər gəlişinin bizim üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamış, hər bir belə görüşün, sözsüz, ölkələrimiz arasında qarşılıqlı xoş münasibətlərin möhkəmlənməsinə və inkişaf etməsinə xidmətindən söhbət açmışdır.

Bir çox sənədli mənbələrdən gətirilmiş tutarlı dəlillər iki ölkə arasında qarşılıqlı xoş münasibətlərin, Rusiya və Azərbaycan dövlət başçılarının bir-birinə hörmətinin də təzahürünü ifadə etdirir. Məsələn, R.Məmmədovun Rusiya diplomatı S.İ.Çernyavskinin "Azərbaycanın yeni yolu" (Moskva-2002) adlı kitabından gətirdiyi nümunələrdə bildirilir ki, V.Putin özünün Heydər Əliyevə olan şəxsi hörmətini qeyd edərək onu Rusiya ilə dostluğun qarantı adlandırır.

"Dostluğa alternativ yoxdur"un "Həyat və tale" adl başlığı altında verilmiş materialında Vladimir Putinin həyat yoluna dair məlumatlar öz əksini tapmışdır. Burdan oxuculara məlum olur ki, Vladimir Vladimiroviçin valideynləri sadə əmək adamları olmuşlar. O, özü 18 yaşında Leninqrad Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olaraq oranı fərqlənmə diplomu ilə başa vurmuş, sonralar isə SSRİ DTK-nin Akademiyasında ikinci ali təhsil almışdır. 1996-cı ildən başlayaraq V.Putin Rusiya ali dövlət orqanlarında ən məsul və rəhbər vəzifələrdə fəaliyyətini davam etdirmiş və 2000-ci ilin mart ayında birinci dəfə bu ölkənin prezidenti vəzifəsinə seçilmişdir. Burda qeyd olunur ki, Vladimir Putinin dövlət başçısı seçildiyi vaxt Rusiyada ən ağır, gərgin ictimai-siyasi dövrə təsadüf edir. Onun Rusiyanı sabitliyə, inkişafa, yüksəlişə doğru dəyişə bilməsinin, Çeçen müharibəsinin müsbət həllinə nail olmasının əsas səbəbləri barədə kinorejissor Stanislav Qovoruxin, Dövlət Dumasının sabiq spikeri Boris Qrızlov, yazıçı, tarixçi Roy Medvedyev, politoloq Serqey Markov kimi tanınmış ictimai xadimlərin fikirləri nümunə gətirilir.

Ramin Məmmədov öz kitabında ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinə dair tanınmış müəlliflərin dəyərli yazılarından da hörmət və qayğı ilə istifadə etmişdir. Məsələn, xalq yazıçısı Çingiz Abdullayevin 2012-ci ilin yazında "Literaturnaya qazeta"da getmiş, ədəbi əlaqələrimizə dair geniş məqaləsini, Bakı Slavyan Universitetinin professoru Telman Cəfərovun məşhur yazıçı Rudolf İvanovun 2011-ci ildə çıxmış "XIX əsr Azərbaycan tarixi oçerkləri" kitabına resenziyasını, adlı-sanlı jurnalist Vyaçeslav Sapunovun 2012-ci il Bakı "Avrovirjin" konkursu ərəfəsində "Arqumentı nedeli" qəzetində dərc edilmiş "Bakıya getməyin yeddi səbəbi" adlı irihəcmli publisistik qeydlərini də təqdim etmişdir.

Eləcə də müəllifin topludakı ayrı-ayrı məqalələri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səfərlərinə dair və Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla xanım Əliyevanın Rusiyada göstərdiyi geniş fəaliyyətinə həsr edilmişdir.

Daha sonra R.Məmmədov kitabında dostluq əlaqələrimizin möhkəmləndirilməsində kifayət qədər rolu olmuş məsələlərə toxunaraq son illərdə Bakıda və Moskvada işıq üzü görmüş kitabların siyahısını açıqlamış, keçmişdə və zəmanəmizdə qonşu ölkədə fəaliyyət göstərən çoxsaylı dövlət, hərbçi xadimlərin, alimlərin, yazıçıların adlarını, onların elmi dərəcələrini, başqa titullarını oxucu diqqətinə çatdırmışdır. Rusların Azərbaycan, azərbaycanlıların Rusiyanın iqtisadi-siyasi həyatında, elm sahəsində uğurlarını, elmə töhfələrini konkret nümunələrlə göstərmişdir.

Qeyd etməliyəm ki, 2013-cü ilin yayında, artıq "Dostluğa alternativ yoxdur" kitabı çapa verilməli günlərdə - avqustun 13-də Rusiya prezidenti Vladimir Putin Bakıya rəsmi səfər etmişdir. Bu münasibətlə müəllif toplunun nəşrini məmnuniyyətlə ləngidərək həmin tədbirə dair materialları, iki ölkə rəhbərlərinin bəyanatlarını, görüşə aid fotoşəkilləri, bu rəsmi görüşlərin perspektivlərinə, hansı müsbət nəticələr gözlənilməsi barədə analitiklərin, politoloqların mövqelərini, proqnozlarını və mərasimə dair başqa məlumatları da sözü gedən kitabına əlavə etmişdir.

İndi həmin cilddə getmiş ikinci kitab – "Odlar Yurdunun övladları Rusiya tarixində" adlı əsər haqqında oxuculara açıqlamalar vermək faydalı olar.

Məlumat üçün bildirməliyəm ki, bu toplunun 1-ci və 2-ci nəşrləri ayrıca kitab halında çıxmış və orada Rusiyanın 70-dən çox şəhərində fəaliyyət göstərən ziyalılarımız və diaspor təşkilatlarımızın həyat yolu, gərgin əməyi işıqlandırılmışdır. Bu isə oxucuları sevindirən həmin kitabın 3-cü nəşridir.

Əsərdə müəllif ənənəsinə sadiq qalaraq Moskva şəhəri ilə bağlıliğı olan adamlarımıza həsr oluunmuş hissəni, eləcə də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmvətənlərimizi bu kitabın da özəyi kimi təkrar təqdim etmişdir və Sankt-Peterburq, Dərbənd, Jeleznoqorsk (Kursk vilayəti), Pokaçi, İjevsk, Anapa, Novorossiysk, Krımsk, stanitsa Xolmskaya (Krasnodar diyarı), Krasnodar, Rostov-na-Donu, Novokuznetsk, Tomsk, Çeboksarı, Kemerovo şəhərlərindəki yurddaşlarımızla və onların diaspor cəmiyyətlərilə bağlı materiallar bu nəşrə əlavə edilmişdir.

O da maraqlıdır ki, kitabın əvvəlində Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış və Moskvada ən böyük, nüfuzlu diaspor təşkilatımız olan Ümumrusiya Azərbaycan Konqresi (ÜAK), eləcə də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Rusiya Azərbaycan Gənclər Birliyi, Moskvada nəşr olunan "Bakı" jurnalı kimi dəyərli məsələlərə həsr olunmuş ayrı-ayrı məqalələr də kitabda verilmişdir.

İftixarla bildirirəm ki, təkcə Sankt-Peterburq şəhərində yaşayıb-yaradan və hələ XIX əsrdə burda məşhurlaşmış 66 alim, ixtiraçı, polkovnik, həkim, pedaqoq başqa dövlət işçisi – həmvətənlərimizin hər biri haqqında ayrıca portret-oçerk bu topluda yer almışdır.

Kitabın Sankt-Peterburqla bağlı bölməsinin əvvəlində müəllif XIX əsrə nəzər salaraq Birinci Rusiya Dövlət Dumasının deputatı (1906), Azərbaycan Demokratik Respublikası Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov (1862-1934), Rusiya şərqşünaslığının patriarxı, Sankt-Peterburq Şərq Dilləri fakultəsinin ilk dekanı Mirzə Kazım bəy (1802-1870), publisist, dilçi, şərqşünas-pedaqoq, İkinci Dövlət Dumasının deputatı (1907), "Rossiya" (Peterburq) qəzetinin əməkdaşı Məhəmməd ağa Şahtaxtinski (1846-1931), 1872-1875-ci illərdə Peterburq Əkinçilik İnstitutunda təhsil almış, Paris və Londonda siyasi iqtisada dair mühazirələr dinləmiş İsasultan Şahtaxtinski (1851-1894), 1877-ci ildən Peterburq Texnologiya İnstitutunda təhsil almış, Rusiya-Yaponiya (1904-1905) müharibəsində batalyon komandiri olmuş, polkovnik Əbülfət Şahtaxtinski (1858-1913) kimi o dövrdə xalqımızın məşhurlaşmasında əvəzsiz rolu olmuş adamlarımıza dair yazılar da burda öz əksini tapmışdır. Sonra Böyük Vətən müharibəsi illərini xatırlayaraq Leninqrad uğrunda qanlı savaşlarda qəhrəmanlıq göstərmiş H.Əliyev, H.Bağırov, Səmədov qardaşlar, M.Abbasov, M.Hüseynov, D.Əmirov, T.Tağıyev kimi vətən oğullarının adlarını çəkir. Onu da qeyd edir ki, 900 günlük Leninqrad mühasirəsinin bütün əzablarını görmüş, şəhərin müdafiəsində matros qismində iştirak etmiş Əfrasiyəb Vəkilov çoxsaylı soydaşlarımızdan biri olaraq müharibədən sonra burda qalıb təhsil almış və dissertasiya müdafiə etmiş, ali məktəblərin birində türkoloq-alim kimi dərs demişdir. R.Məmmədov fərəhləndirici nümunə kimi göstərir ki, Sankt-Peterburqun 300 illik (2003-cü il) yubileyi ərəfəsində Əfrasiyab müəllimin "Mühasirədə olan Leninqradda Nizaminin yubileyi" adlı monoqrafiyası işıq üzü görmüşdür. Burdakı qeydlərdən görünür ki, R.Məmmədov ziyalı azərbaycanlıların axtarışı üzrə 1999-2005-ci illərdə Rusiyanın şimal paytaxtı kimi yaddaşlara həkk olunmuş bu şəhərə dəfələrlə getməli olmuş və burda çoxsaylı alimlərlə görüşüb onların həyat yoluna dair, diaspor təşkilatımızın işi haqqında, eləcə də yurddaşlarımızın nəşr etdirdikləri müxtəlif adlı qəzet-jurnallarla bağlı geniş məlumatlar toplayıb kitablarında işıqlandırmımdır. İndi isə texnika elmləri doktoru, professor, ali təhsil üzrə Rusiyanın Əməkdar işçisi Şəmsəddin İsmayılov, fizika-riyaziyyat elmləri doktoru, professor, SSRİ Dövlət mükafatı laureatı, elm və texnika üzrə Rusiyanın Əməkdar xadimi Nazim Qarayev, fizika-riyaziyyat elmləri doktoru, professor, görkəmli pedaqoq, Sankt-Peterburqlu Nobel mükafatçıları, eləcə də həmin şəhərlə taleyi bağlı məşhur azərbaycanlılar haqqında axtarışlar aparıb kitablar yazmış Fəhəm Kəsəmənli, tibb elmləri doktoru, professor, Rusiyanın Əməkdar elm xadimi Aza Rəhmanova, kimya elmləri doktoru, professor, Rusiyanın Əməkdar elm xadimi Azad Abışev, ekstremal və ailə səhiyyəsi üzrə böyük mütəxəssis, polkovnik-alim, Rusiyanın Əməkdar həkimi Rahib Abbasov, tibb elmləri doktoru, professor, Rusiyanın Əməkdar həkimi Rauf Qasımov, oradakı Azərbaycan məktəbinin direktoru, ali dərəcəli müəllim Həsən Məsimov, muğam üzrə elmlər doktoru Faiq Çələbiyev, texnika elmləri doktoru, professor Eldar Hüseynov, "Leyla" kitab nəşriyyatının direktoru Nurəli Həsənov, Leninqradın məşhur müdafiəçilərindən biri Tağı Tağıyevin oğlu polkovnik, Rusiya DİN-nin Fəxri əməkdaşı Rzaqulu Tağıyev, adlı-sanlı sahibkar, təsərrüfat və ictimai xadimi, mesenat İdris Qəhrəmanov, idman ustası, Rusiyanın Əməkdar treneri Məşkur Qasımov, hüquq elmləri doktoru, professor, polis polkovniki Güloğlan Ağayev, Polis şöbəsi rəisi, polkovnik İlham Səlimov, müəssisə rəhbəri, şair Vasif Abdıyev və yuxarıda deyildiyi kimi cəmi 66 alim haqqında oçerkləri bu kitabda cəmləşdirmişdir.

Jeleznoqorsk şəhərində soydaşlarımızın uzun illərdir perspektivli təşkilatlarda çalışmasına dair yazıları da Ramin Məmmədovun bu kitabında oxumaq olar. Müharibədə Kursk tank döyüşilə məşhurlaşan diyarda yerləşən həmin şəhərdə gərgin əməyilə böyük hörmət sahibinə çevrilmiş mühəndislər Qədir Paşayev, Yurdçu Rzayev, Fərhad Hacıyev, vergilər xidməti Hüquq şöbəsinin rəisi Validə Malaxova (Babayeva) haqqında oçerklər ürək açandır.

Pokaşi şəhərindəki adamlarımızdan bəhs edən qeydlərdə kədər doğuran məlumat da var. Əslən Masallı rayonunun Türkoba kəndindən olan praporşik Fədad Quliyev Pokaçi polisinin YPX-də inspektor idi. O, xidməti ezamiyyətdə olarkən Çeçen müharibəsində qəhrəmancasına həlak olub, ölümündən sonra ordenlə təltif edilib, iki qız övladı ilə həyat yoldaşı indi orada yaşayır. Amma bu şəhərdə ləyaqətlə çalışan insanlar, o cümlədən poqon yoldaşı, hüquq elmləri namizədi, ədliyyə kapitanı, baş müstəntiq Çingiz Bağırov, Fəxri neftçi İslam Məmmədov, idman ustası, ali dərəcəli trener, Respublika dərəcəli hakim Ədalət Əliyev onun əziz xatirəsini daim qəlbində gəzdirirlər. Yazılardan görünür ki, Bakıda doğulub boya-başa çatmış, hazırda Pokaçidə Mədəniyyət mərkəzinin direktoru Natalya Qlebova burdakı Azərbaycan diaspor fəalları ilə sıx əlaqə saxlayır, azərbaycançılığın təbliğində onlardan köməyini əsirgəmir.

Udmurtiyanın paytaxtı İjevsk şəhərində yaşayıb-yaradan fizika-riyaziyyat elmləri doktoru, professor, İjevsk Dövlət Texniki Universitetinin kafedra müdiri, Rusiya ali məktəb Əməkdar işçisi Əli Əliyev qonşu ölkədə kifayət qədər tanınmış alimdir. Layiqincə "Odlar Yurdunun övladları Rusiya tarixində" kitabında onun həyat və fəaliyyətinə geniş yer verilmişdir. Bu yazıda qeyd olunduğu kimi Əli müəllim haqqında "Udmurtiya Respublikasının Ensiklopediyası"nda, "Kosmonavtika" ensiklopediyasında da oçerklər dərc edilmişdir. Əli Əliyev hələ 1997-ci ildə Rusiya Milli Elmlər Akademiyası Raket Akademiyasının müxbir-üzvü seçilib, ixtisası üzrə çoxsaylı monoqrafiyaların, ixtiraların müəllifidir.

Ümumiyyətlə kitabdakı materiallardan bəlli olur ki, İjevskdə soydaşlarımızın yaratdığı "Dostluq" adlı Azərbaycan diaspor cəmiyyəti də günü-gündən fəallığını artırır, bu şəhərdə bir çox sahələrdə adamlarımız mövqelərini möhkəmləndirə biliblər. Məsələn, R.Məmmədov yazır ki, İjevskdə nəşr olunan "Tsentr" qəzetinin baş redaktoru Mixail Nikolayeviç Şmıryovla görüşü zamanı ona qəzetin 10 sentyabr 2011-ci il tarixli nömrəsi təqdim olunub. Həmin qəzetdə həmyerlimizin qəhrəmanlığına həsr edilmiş "Podpolkovnik Rafiq Məmmədov üç silahlı soyğunçunu yaxaladı" başlığı altında sənədli oçerk dərc edilib. Udmurtiya DİN-nin aparatında şöbə rəisi işləyən polis polkovniki Eynulla Mustafayevin sinəsini çoxlu medallar bəzəyir, o, peşəkar, ayıq-sayıq əməkdaş kimi bu və başqa təltiflərin laureatına çevrilib. Burda ləyaqəti, səxavəti, sadiq olduğu düzgün prinsiplərindən dönməzliyi ilə tanınmış, əslən Füzuli rayonunun Aşağı Əbdürəhmanlı kəndindən Zülfiqar Rəhim oğlu Mirzəyev haqqında da yazı var. O, həm də "Dostluq" cəmiyyətinin sədr müavinidir. Ramin Məmmədov danışır ki, mən İjevskdən qayıtdıqdan sonra orada polis polkovniki Andrey Qluxov odlu silahdan atəş açaraq qonşuluqda yaşayan, 1967-ci il təvəllüdlü Aslanov Qaflan Əbülfəz oğlunu qətlə yetirib, 37 yaşlı Qasımov Ehtiram Əlibala oğlunu isə ağır yaralayıb. Hüquq mühafizəçiləri hadisəylə bağlı yalan məlumatlar yayaraq cinayət işi açmaqdan boyun qaçırıblar. "Öyrəndim ki, Zülfüqar Mirzəyev Moskvadan müstəqil jurnalist gətirərək hadisənin lazımınca araşdırılmasına və video-lentlərin internetlə nümayiş etdirilməsinə nail olub. Ancaq bundan sonra gözlərinə qan çökmüş polkovnik cinayət məsuliyyətinə cəlb olunub" – deyir Ramin müəllim.

Bu bölmədə daha bir sənədli oçerk könül oxşayır. Oxuyuruq: "Kərimov Tofiq Haqverdi oğlu 1951-ci il iyulun 19-da Cəlilabad rrayonunun Bozayran kəndində anadan olub. Yazıçı-publisist, Rusiya Jurnalistlər ittifaqının üzvü, Udmurtiya Respublikasının əməkdar jurnallisti, SSRİ DİN-nin əməkdar sahə müvəkkili, İjevsk şəhəri Ustinov Rayon Polis Şöbəsinin baş sahə müvəkkili idi". Təəssüf ki, 15 yanvar 2013-cü ildə Tofiq müəllim dünyasını dəyişib. Allah rəhmət eləsin!

Ömrü boyu uzaq diyarda yaşamış T.Kərimov N.Gəncəvi, S.Vurğun, Mir Cəlal...kimi dahilərdən daim qidalanır, onları tez-tez əsərlərində nümayiş etdirirdi. Xalqımızı sevindirən hərəkətlərilə həmişə öncüllər arasında görünürdü. Onun 10-dan çox bədii kitabları (rusca) İjevskdə işıq üzü görmüş, şimal qonşu ölkənin bir çox əyalətlərində oxucu rəğbətini qazanmışdır.

R.Məmmədovun bu əsərində Krasnodar diyarının şəhərlərində yaşayan qabaqcıl soydaşlarımıza dair yazılar da az maraq kəsb etmir. Anapada həkim-stomatoloq, tibb elmləri namizədi, ali dərəcəli stomatoloq-həkim Cəfər Ənağıyev, sambo üzrə məşqçi-müəllim, Respublika dərəcəli hakim, idman ustasına namizəd Vahid Arıxov, Novorossiyskdə motoatıcı diviziya komandirinin müavini, polkovnik Ənvər Məmmədov, ÜAK-ın nümayəndəsi, müəssisə rəhbəri Arif Məhərrəmov, Krımskda Yujnı kənd Dairəsinin deputatı, el ağsaqqalı Həmzə Mustafayev, Xolmskda Abinsk Rayon Soveti sədrinin müavini və həmin Sovetin deputatı, Kuban Əməkdar kommunal təsərrüfatı işçisi Əli Orucov, Krasnodar "Bora-Stroy" tikinti kampaniyasının baş direktoru, Kuban Əməkdar inşaatçısı Nəriman Hüseynov və başqaları haqqında kitabda çap olunmuş məqalələr buna nümunədir.

Eləcə də topluda barələrində söhbət açılmış, Novokuznetsk şəhər Soveti sədri müavinin köməkçisi və rayon dairə seçki komissiyası sədrinin müavini Kərimağa Əmrahov, Şəhər polisinin baş müstəntiqi, ədliyyə podpolkovniki Baloğlan Səfərov, Novokuznetsk rayon xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri, ali dərəcəli həkim-cərrah Rizvan Ağayev, Tomsk şəhər Dumasının deputatı, "Azəri" adlı diaspor təşkilatının sədri Ələkbər Rəhimov, Tomsk vilayəti Seçki komissiyasının sədri, hüquq elmləri namizədi Elman Yusubov, Tomsk İnşaatçılar İttifaqının üzvü, "Azəri" diaspor təşkilatı sədrinin müavini, tikinti firmasının direktoru Eldar Səmədov və başqa şəhərlərdə çalışan soydaşlarımız haqqında yazıları oxuya bilərsiniz. Amma xüsusi vurğulamaq istəyirəm ki, 2004-cü ildə Çeboksarı şəhərində dahi Nizami Gəncəvinin heykəli ucaldılmışdır. Bu sevinc gətirən tədbirin və onun ətrafında keçirilmiş bütün mərasimlərin sponsoru Çeboksarı Avtomobil təmiri zavodunun direktoru, ÜAK Privoljsk Dairə Sovetinin vitse-prezidenti, bir çox fəxri titulların sahibi Elşad Həsənovdur.

İstəkli oxucular, "Dostluğa alternativ yoxdur" və "Odlar Yurdunun övladları Rusiya tarixində" kitablarilə şəxsən tanış olmağınız sizləri Rusiya – Azərbaycan münasibətlərinə, Rusiyada yaşayan həmvətənlərimizə dair ən maraqlı məlumatlarla bəhrələndirəcəkdir.

Sizin Reklam Yeriniz