Əlaqə Arxiv
news Image
2012.07.13
08:45
| A A A
“Deməli, onlar artıq qəbul edilmirlər!”
“Əgər bu gün Azərbaycan müxalifətinin müəyyən qanadları ilə görüş protokollara salınmırsa, artıq bu, onların özünün düşünməsi üçün ciddi bir siqnaldır”

Nüfuzlu dövlətlərin, beynəlxalq təşkilatların rəsmilərinin ölkəmizə səfərləri Azərbaycan daxilində iqtidar, yaxud da müxalifətlə görüşmək üçün deyil, dövlətlə münasibətlər qurmaqdan ötrüdür. Bunu hakim partiyadan olan millət vəkili Aydın Mirzəzadə son bir ay ərzində Azərbaycana rəsmi səfər edən ABŞ dövlət katibinin, Avropa İttifaqı Şurası sədrinin, ATƏT-in baş katibinin müxalifətlə görüşməməsi və bunun həmin düşərgə tərəfindən müxtəlif formada yozumu məsələsini şərh edərkən bildirib.

Millət vəkili bu baxımdan hesab edir ki, bu səfərlər zamanı çox düzgün və protokol qaydası olaraq, ilk növbədə rəsmi şəxslərlə görüşülür:

"Azərbaycan müxalifəti cəmiyyətdə belə bir təəssürat yaratmağa çalışırdı ki, guya Qərb Azərbaycan barəsində məlumatları onlardan alır və onların fikri ilə hərəkət edir. Sonuncu səfərlər göstərdi ki, bu gün Azərbaycana səfər edən insanlar üçün iqtidar-müxalifət yoxdur. Bu gün o dövlətlə münasibətlər qurur".

Eyni zamanda, A.Mirzəzadə qeyd edib ki, əvvəlki səfərlərdə də konkret müxalifətlə deyil, vətəndaş cəmiyyətinin nümayəndələri və yaxud siyasi bölümlə görüş keçirilirdi.

"Demək istədiyim odur ki, əgər bu gün Azərbaycan müxalifətinin müəyyən qanadları ilə görüş protokollara salınmırsa, artıq bu, onların özünün düşünməsi üçün ciddi bir siqnaldır. Deməli, onlar nüfuz sahibi deyillər! Deməli, onlar qəbul edilmirlər! Deməli, onların mövqeləri artıq maraqlı deyil!".
Sizin Reklam Yeriniz