Movqe.az milli.az-a istinadən xəbər verir ki, "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının İraqdakı qırğınlarından birindən qurtulan şəxs başına gələnləri danışıb. İraq ordusunun zabiti, 23 yaşlı Əli Hüseyn Kədhim bu ilin iyun ayında İŞİD-in Tikrit şəhərinə hücumu zamanı əsir düşmüşdü.
Kədhim İŞİD terrorçularının əsir aldığı yüzlərlə əsgərdən biri idi.İŞİD terrorçuları 800 iraqlı əsgəri şəhərdə edam etmişdilər.
Kədhim də əlləri bağlanaraq yerə yıxılan və gülləbaran edilənlər arasında olub.
"Onlar bizi yerə yıxdılar, sonra atəş açdılar. Yanımdakıların
hamısı qan içindəydilər. Bir neçəsinin beyinlərini güllə
dağıtmışdı. Mən özümü ölülüyə vurdum, yanımdakı əsgərin qanını
üzümə yaxdım. Terrorçular gülləbarandan sonra dolaşır, yerdəkilərin
başlarına güllə vurub hamının öldüyünə əmin olmaq istəyirdilər.
Mənə yaxınlaşanda nəfəs almadım. Ölmüş bildilər. Sonra getdilər.
Mən də oradan qaçdım", - Əli Hüseyn Kədhim deyib.
3 yaşlı qız atası olan Əlinin sözlərinə görə, güllələrdən biri
gicgahının yanından keçəndə öldüyünü düşünüb.
"Oradan qaçandan sonra üç gün çölləri dolaşdım, kol-kosla qidalandım, gizləndim. İŞİD-in əlinə keçmədim", - Əli Hüseyn Kədhim söyləyib.