Əlaqə Arxiv
news Image
2014.09.06
07:05
| A A A
Qərb Qarabağ münaqişəsinin həllində təşəbbüsü ələ alır
Aydın Ağayev: "Postsovet məkanındakı bütün münaqişələrin bu və ya digər şəkildə həllində Rusiya amilini kənara qoymaqla heç nə mümkün olmayacaq" Leyla Əliyeva: "Qərbin Ermənistana qarşı təzyiqlərə başladığını söyləmək hələ ki, tezdir"

Uelsin paytaxtı Kardiffdə, NATO sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirildi. Bu görüş Amerika tərəfinin təşəbbüsü ilə baş tutdu. Con Kerri tərəfləri münaqişə zonasında gərginliyi azaltmaq, qarşılıqlı etimadı möhkəmləndirməyin mexanizmini tapmağa çağırıb. Dövlət katibi həmçinin, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları davam etdirməyin vacibliyini vurğulayıb.

Həmin görüşün ardınca Azərbaycan və Ermənistan prezidentləri ayrı-ayrılıqda Fransa dövlət başçısı ilə görüşüblər. Burada da əsas müzakirə mövzularından biri Qarabağ münaqişəsilə bağlı olub. Bu amil artıq Qərbin Qarabağ münaqişəsinin həllində fəallaşdığını göstərir.

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev isə hesab edir ki, postsovet məkanındakı münaqişələrin həlli Rusiyanın iştirakı olmadan mümkün deyil: "Qərb ölkələrinin Qarabağ münaqişəsinə görə, Ermənistana qarşı təzyiqlərə start verməsi bizim istəyimizdir. Amma reallıq başqadır. Reallıq budur ki, Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün çalışmaq, işləmək lazımdır. Bunu Azərbaycan Prezidenti hər zaman edir. NATO sammiti çərçivəsində dünyadakı təhlükəsizlik problemlərinin ciddi şəkildə müzakirə olunduğu bir fonda münaqişələrin həlli məsələsinə diqqət yetirilməsi aktuallığını saxlayır. O mənada münaqişənin həlli istiqamətində edilən cəhdlər də lazımlıdır. Bununla məsələni gündəlikdə saxlanır, problemin həll olunma zərurətinə əsas oyunçuların münasibəti bir daha ortaya qoyulur. Burada konkretlilikdən danışmaq çətindir. Konkretləşdirməyə çalışsaq, məlumdur ki, hələ bir neçə ay əvvəl Amerikadan Minsk qrupu həmsədri, həm də başqa rəsmilərin dilindən təkliflər səslənirdi. Fransanın da təklifi oldu. Bütün bu fikirləri eşitdik. Təklifi verən Fransa prezidenti də tərəflər arasında görüş təşkil edir. ABŞ-ın dövlət katibi də həmçinin bu istiqamətdə addım atıb. Bu kontaktlar əvvəl qeyd etdiyim görüşlərin keçirilməsi barədə verilən mesajların elə bil ki, praktiki təzahürüdür. Amma detalları bilmirik, bu haqda geniş informasiyaya malik deyilik. Hər bir halda dünya siyasətinin nəbzi NATO sammitində vurulur. Həmin tədbirdə təkcə Rusiya məlum səbəblərə görə iştirak etmir. Azərbaycan Prezidenti oradadır, torpaqlarımızı işğal edən tərəfin dövlət başçısı da oradadır. Yəni, hər bir halda məsələnin gündəlikdə qalmasının vacibliyi vurğulanır. Bir daha qeyd edilir ki, problem həll olunmalıdır. Ümumi şəkildə bilirik ki, burada tərəfləri barışığa, müzakirəyə çağırıblar. Bilirsiniz, Qarabağ münaqişəsi kimi konfliktlərin həllinə yaxşı ki, diqqət ayrılır. İndi dünyanın aparıcı Qərb dövlətlərinin bütün diqqəti Yaxın Şərq və Ukrayna hadisələrinə yönəlib. Sammitin də əsas mövzusu həmin məqamlar olub. Belə şəraitdə Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret nəyisə gözləmək bir qədər çətin məsələdir. Amma hər bir halda həmin görüşləri faydalı hesab edirəm. Çünki, bu münaqişənin həllində Rusiya faktoru kimi bir məsələ var. Rusiya həmin sammitdə iştirak etməsə də, yəqin ki, burada cərəyan edən prosesləri izləyir. Yəqin ki, Rusiya da bu münaqişədə edə biləcəkləri barədə bir daha düşünəcək. Amma yenə də qeyd edirəm, postsovet məkanındakı bütün münaqişələrin bu və ya digər şəkildə həlli məsələsində Rusiya amilini kənara qoymaqla heç nə mümkün olmayacaq. Bunu Qərb də də bilirlər. Ona görə də bu amili nəzərə almalıyıq və alırıq da. Azərbaycan diplomatiyası bu istiqamətdə də nə mümkünsə onu da edir. Qərblə Rusiya arasında qarşıdurma fonunda postsovet münaqişələrinin həlli perspektivi demək olar ki, yoxdur. Çünki orada ziddiyyətlər var, hərə bir tərəfə çəkəcək. Balaca bir işartı belə görünsə, hansısa tərəfə bu sərf etməsə, çalışacaq ki, ona imkan verməsin. Bu, olduqca ağır bir məsələdir. Həmin ağırlığın müqabilində Azərbaycan xarici siyasəti bütün resurslarından istifadə edərək, hərtərəfli, çoxistiqamətli fəaliyyətini davam etdirir. Çünki başqa yolu sadəcə, yoxdur".

Politoloq Leyla Əliyeva da bu qənaətdədir ki, hələlik Qərbin Ermənistana yönəlik təzyiqlər hiss edilmir: "Hələ ki, Qərbin Qarabağ münaqişəsinə görə, Ermənistana qarşı təzyiqlərə başlamasının əlamətləri ortalıqda yoxdur. Uelsdə münaqişə tərəflərinin görüşünün təşkili hələ o demək deyil ki, Qərb işğalçı ölkəyə qarşı təzyiqlərə başlaya bilər. Bu günə qədər Qərb Ermənistana münasibətdə belə bir mövqe tutmayıb; hətta onun işğalçı ölkə olduğunu bilə-bilə. Rusiyaya gəldikdə, ondan bunu gözləmək ümumiyyətlə, yersizdir. Rusiya hər zaman Ermənistanın yanında olub. NATO-nun Uels sammiti sadəcə olaraq, münaqişə tərəflərini bir daha görüşdürmək üçün Qərb tərəfində əlverişli fürsət olub. Başqa bir tərəfdən, həmin görüşün detalları məlum deyil. Ona görə də, Qərbin Ermənistana qarşı təzyiqlərə başladığını söyləmək də hələ ki, tezdir. Lakin hadisələrin gedişi yuxarıda qeyd etdiyim kimi, bunun belə olduğunu düşünməyə təəssüf ki, əsas vermir".

Sizin Reklam Yeriniz