Əlaqə Arxiv
news Image
2014.09.10
08:06
| A A A
Qarabağ məsələsində böyük sülh sazişi
Aydın Ağayev: “Dünya da onun şahididir ki, məsələnin sülh yolu ilə həlli istiqamtində biz nə qədər səy göstərmişik” Ərəstun Baxşəliyev: “Sülh sazişi məsələsində Rusiya öz üstünlüyünü qorumaq istəyir”

NATO-nun Uels sammit və burada qəbul olunan Yekun Bəyannaməni ölkəmiz üçün çox uğurlu hesab etmək olar. Bəyannamədən başqa, sammitdən daha bir nünas açıqlandı. Belə ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, NATO sammiti çərçivəsində Uelsdə prezidentlər səviyyəsində keçirilən görüşdə ABŞ dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ölkəsinin hansı istiqamətdə iş aparmalı olduğunu öyrənmək istəyib. O qeyd edib ki, görüşdə böyük sülh sazişinin layihəsi üzrə işin başlanmasının vaxtının çatdığı bildirilib: "Azərbaycanın mövqeyi belədir ki, görüş xətrinə görüş olmamalı və konkret məsələlər müzakirəyə çıxarılmalıdır. Ən böyük problem Ermənistan qoşunlarının Azərbaycan ərazilərində mövcudluğudur. Onlar işğal etdikləri ərazilərdən çıxmalıdırlar. Onların işğal edilmiş ərazilərdə qalması təhlükəlidir və Azərbaycan bununla heç vaxt razılaşmayacaq". Nazirin sözlərinə görə, ABŞ konkret təklif edib ki, böyük sülh sazişi üzərində iş aparılsın: "Güman ki, bu ay ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik regiona səfər edəcək və Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək".

Milli Məclis Aparatının Analitik informasiya şöbəsinin müdiri Aydın Ağayev "Mövqe"yə bildirdi ki, söylənilən böyük sülh sazişinin müddəaları tam açıqlanmayıb: "Burada "Mardir prinsipləri"nə işarə varsa, eyni zamanda, həm də bir qeyri-müəyyənlik var. Düzdür, bizim üçün Dağlıq Qarabağdan vacib problem yoxdur. Dünya da onun şahididir ki, məsələnin sülh yolu ilə həlli istiqamtində biz nə qədər səy göstərmişik. Sülh sazişi məsələsi bu qədər ciddidirsə, biz də bu informasiyaya ciddi yanaşmalıyıq. Verilən informasiyaları özümüzün milli mənafeyimizə uyğun təbliğ etməliyik. Böyük sülh sazişi məsələsi bizim müvafiq rəsmilər tərəfindən birinci dəfə deyil ki, gündəmə gətirilir. Cənab Prezidentin rəhbərliyi altında Xarici Işlər Nazirliyi çox böyük işlər görürür. Xüsusən NATO sammiti çərçivəsində C. Kerri tərəfindən belə bir ifadələrin səslənirsə, məsələyə ciddi yanaşmalıyıq. Şişirtmələrin ardınca getməməliyik. Biz rəqibin arxasında kimin olduğunu yaxşı bilirik".

Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin elmi əməkdaşı, siyasi şərhçi Ərəstun Baxşəliyev bildirdi ki, sülh sazişi məsələsində Rusiya öz üstünlüyünü qorumaq istəyir: "Digər tərəfdən Qərb də öz hegemoniyasını ortaya qoyur. Bununla da Azərbaycan seçim qarşısında qalır. Amma rəsmi Bakı bu sülh sazişinə gedəcəkmi, bu, onun maraqları kontekstindədirmi? Əsas məsələnin bu hissəsinə baxmaq lazımdır. Rusiya tərəfindən də davamlı olaraq Azərbaycana təkliflər oldu. Amma gördük ki, bu danışıqlar heç də rəsmi Bakının maraqları kontekstində getməyib. Bu gün də Rusiyadan sonra ABŞ məsələni öz nüfuz dairəsinə almağa çalışır. Ancaq Ermənistan Qərbin yürütdüyü məsələyə hansı səviyyədə cavab verəcək ki, Azərbaycan Qarabağ problemini çözmüş ola bilsin? Yəni, məsələ tək ABŞ-ın istəyindən asılı deyil. Ermənistan da Avrasiya İttifaqına qoşulmaq ərəfəsindədir. Ermənistanın siyasəti Rusiyanın yürütdüyü siyasətlə eynidir. Buna görə də ABŞ istəyinə nail olacağı sual altındadır. Əgər təbii ki, üzləşdiyi sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatı zərərə uğrayarsa, bölgədə dəyişiklik ola bilər. Çünki, Rusiya iqtisadiyyatı Ermənistan iqtisadiyyatına təsir göstərir. Qərb isə öz növbəsində daim Ermənistanı Rusiyadan ayrılmağa cəhd edir və başa salır. Əgər bunu Ermənistan dərk edərsə, Qərbin istədiyi sülhə nail olmaq olar. Bakı isə hələlik məsələni sülh danışıqları müstəvisində həlliən çalışır. Yəni, bu gün üçün müharibə bir nömrəli məsələ deyil. Bakı hələ ki, sülh danışıqlarının tükənmədiyini düşünür. Əgər zaman yetişərsə, hərb yoluna əl atılacaq".

Sizin Reklam Yeriniz