Əlaqə Arxiv
news Image
2014.09.09
19:08
| A A A
İnam Atanın (Asif Atanın) Tolstoyu- İşıqlı Atalı sunur

Ürəyinizdə Ata Günəşi olsun! Mütləqə İnam Fəlsəfəsinin Yaradıcısı, Ruhani Ocaq Atası, Dahi Azərbaycan Filosofu İnam Atanın (Asif Atanın) sunulan (təqdim olunan) "Tolstoyun mənəviyyat fəlsəfəsi" əsəri onun həyata, dünyaya, sənətə, yaradıcıya özünəməxsus yanaşmasından doğub. Ata "Yol. Ata Sözü" Kutsal kitabında yazır: "Şərq Avropalaşmaya qapılan zaman Avropanın Tolstoyları, Şveyserləri Şərq Düşüncəsinə, Bədiiyyatına, Mənəviyyatına üz tutdular…"


"Tolstoyun mənəviyyat fəlsəfəsi" Tolstoyun bəşəri axtarışlarına Ata qiymətidir, onun özünün də ifadə edə bilmədiyi həqiqətlərdir. Ata Tolstoyun görə bilmədiyini görür, deyə bilmədiyini deyir. Ancaq bu bənzərsiz görüm Tolstoyu, eləcə də Ata qiymətini almış insançı yaradıcıların dəyərini gözümüzdə aşağılamır, əksinə, daha da yüksəldir. Ona görə ki, Ata görümü, Ata qiyməti insanlığın – mahiyyətin görümüdür.

Buyurun, oxuyun, özümləşin...

İşıqlı Atalı, İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının Yükümlüsü


***

İnam Ata

(Asif Ata)


Tolstoyun mənəviyyat fəlsəfəsi



(ssenari)


Tolstoy gündəliyə düşüncələrini yazır.

Çaykovskinin simfoniyalarından parçalar.

Tolstoy libasında aktyor oxuyur:

… "Mən hər şeyəm və mən heç nəyəm!

Özümü ruhi varlıq sayanda, özümlə dünya arasında qırılmaz əlaqə görəndə və bu əlaqəni məhəbbət vasitəsiylə ifadə edəndə – mən hər şeyəm!

Özümü yalnız cismani varlıq sayanda, cismani varlığımı dünyadan ayıranda və yalnız öz vücuduma məhəbbət bəsləyəndə – mən bir heçəm!

…. Mənim həyatım dəhşətdir.

Bayağı, şəhvani, bəsit şəraitdə yaşayıram, həm də yaşamıram – yemirəm, içmirəm, israfçılıq etmirəm, məni əhatə edən aləmə lənətlər yağdırıram, ancaq talesizlərlə ünsiyyətdən çəkinirəm. Şərdən qorxuram".


***

… "Mən – ikiüzlüyəm. Çünki "Xeyir üçün yaşayıram", - deyirəmsə də əslində şöhrət üçün yaşayıram. Ona görə də xeyirə əlim çatmır. Qəzetlərdə, jurnallarda imzamı axtarıram, söhbətlərdə özüm haqqında mülahizə gəzirəm.

Ruhumu elə zibilləmişəm ki, xeyirə yaxın düşə bilmirəm. Hər gün özümə deyirəm: şəxsi səadətim, şöhrətim üçün yaşamayacam, yalnız ruhani məhəbbətim üçün yaşayacağam.

Amma sözümə əməl edə bilmirəm.

Ruhumu təmizləməliyəm!

İlahi, mənə kömək et! Kömək et mənə, ilahi!"


***

Aparıcı:

Lev Tolstoy ömrü boyu özüylə vuruşub, özündə heç kəsin görmədiyi hədsiz – nöqsanlar görüb, özünü daim öz gözündən salıb və öz üzərində böyük qələbələr qazanıb.

Ömrünün sonunda o, eybəcər zadəganlıq səlahiyyətindən, minlərin fəlakəti bahasına yaranan səadətdən, dəbdəbəli şövkətdən imtina edib və malikanəsindən uzaq bir məskəndə həyatla vidalaşıb.

Tolstoyun mənəviyyat fəlsəfəsi – onun ömründən qopub! Tolstoyun əsərləri, xüsusilə gündəlikləri çox gərgin daxili dramdan xəbər verir.

Gözəl, ideal, mütləq mənada kamil həyat tərzinə can atan şəxsiyyətin sarsıntıları dəhşətlidir!


***


Bəlkə də hamıdan ülvi olan bir şəxs daxilində nə qədər naqisliklər, çirkinliklər, ziddiyyətlər, natamamlıqlar görə bilərmiş, öz sinəsinə necə dağlar çökərmiş, bəzən necə bəzərmiş!

Çünki tələb, mənəvi imperativ, kamilləşmə ehtirası – sonsuzdur, nəhayətsiz bir siqlətə, miqyasa malikdir.

Əyyaş, səfeh, miskin, ruhsuz kimi tənbehləri Tolstoy öz başına yağdırır, öz sifətinə çırpır.

Çünki dahinin kamillik eşqi dərindir.

Çünki dahi öz daxili aləminə enməkdən qorxmur.

Çünki özü haqqında həqiqət dahidə təlaş duyğusu yaratmır!

Çünki dahi güclüdür, inamlıdır, özünün özündən yüksək mənasını duyandır, bu mənaya mütləq miqyasda inanandır.

Tolstoyun mənəviyyat fəlsəfəsi – insanın özüylə döyüşünü mənalandıran, təsdiq və təbliğ edən bir hikmətdir! Onun fikrincə, İnsan həyatda azı üç mərhələ keçir.


***


Birinci mərhələdə sən ruhu unudursan, bədənin, cismani mahiyyətin tələbləriylə yaşayırsan, dünyadan bacardığını qoparırsan, çirkin ehtiraslarını cilovlaya bilmirsən.

Ürəyinə miskin, alçaq və səfeh bir hiss – istedada, sevilənə, seçilənə qara kin-küdurət dolur: "Niyə o alidir, mən cılız, o qüdrətlidir, mən miskin, o şöhrətlidir, mən görünməz?" - deyə içini didirsən.

Özünə rahatlıq və təskinlik vermək, içini yeyən aciz də qara hiddətdən xilas olmaq üçün filə alabaş nəzəriylə baxırsan. Bu mərhələdə hərcayi həvəslər insanı böyük dünyadan ayırır, ani, kecici duyğular axarında itirir.


***


İkinci mərhələdə insan qəlbini şöhrətpərəstlik ehtirası böyüyür.

İnsan dünyaya həmin ehtirasın işığında baxır, ağlı duyğusu, iradəsi bir niyyətə həsr olunur – şöhrət taxtına çıxmaq, təriflənmək, pərəstişə layiq görülmək.

Bu niyyəti həyata keçirmək üçün lazım gəlsə ən ağır qurbanlardan çəkinməzsən, ən dəhşətli əzablara düçar olmaq belə səni yolundan döndərməz, hər şeyi, öz əsil mahiyyətini, ruhunu belə unudarsan, rəzalətdan çəkinməzsən, duyğularının arxasınca şiddətli bir ardıcıllıqla gedərsən, gözün yeri-göyü görməz, qarşına kim çıxsa, tapdalayarsan, nəhayət arzuna çatarsan, ancaq ruhunu sinəndən çıxarıb cilik-cilik edərsən!

Bu mərhələdə sən insanlara xeyir də verirsən, ancaq bu xeyir öz işığıyla işıqlanmır, şöhrətin işığı ilə işıqlanır.

Ona görə də sən özünə, öz mənəviyyatına, ali mahiyyətinə xəyanət edirsən.

Nəhayət, insan ömrünün ən yüksək, əsil insani mərhələsi yaranır.Bu mərhələdə sən öz ruhuna xidmət edirsən, ruhun ikinci adı isə məhəbbədir.

Məhəbbət vasitəsiylə sən daxili aləmində yaşayan ilahiliyi aşkara çıxarırsan.

Tolstoy üçün dünyanı yaradan, insan taleyini müəyyən edən allah yoxdur. İnsan mənəviyyatında yaşayan, insanı insan edən ülvi bir qüdrət var. O qüdrətə xidmət etmək-ruhu hifz etmək deməkdir.


***

Ruhu hifz etmək, üçüncü mərhələyə çatmaq üçün insan özünü yenidən yaratmalıdır.

Bunun üçün o, özünün əvvəlki mərhələlərini inkar etməlidir, həmin insan – yeni həyatın doğulmasıdır.

Deməli, insan özünü mütləq mənada kamil şəxsə çevirə bilər. Bir şərtlə ki, öz naqisliyindən tam ayrıla bilsin, özünün özündən böyük mənasını anlasın, ona can atsın, onu təsdiq etsin, ömrün son anına qədər daim yaratsın, özünə yaxınlaşsın, özünə çatsın.

"Dirilmə" romanının qəhrəmanı Nexlyudov öz xudpəsəndliyi üzərində qələbə çalır, başqasının, Katerinanın insani ləyaqəti naminə özündən keçir və bu məqamda öz əsil insani mahiyyətinə qayıdır.

Bu anda o özündən yüksək mənanı, insanın insana kömək olması həqiqətini dərk edir və bu həqiqətin işığında öz mənfur qaranlıq keçmişindən ayrılır.


***

SƏHNƏ


Aparıcı:

- İnsanın dünyası ona görə nəhayətsizdir ki, ona təbiət özündən kənara çıxmaq, özünü özündən kənarda tapmaq qüdrəti bəxş edib. Bu baxımdan insan həm sonludur, həm sonsuz.

Sonludur, çünki cismən sonsuz gücə malik deyil və ölümə məhkümdür.

Sonsuzdur, çünki qəlbən, ruhən, fikrən əbədi yaşaya bilir.

Sonludur, çünki öz kecici duyğularına, qeyri-kamilliyinə bağlıdır.

Sonsuzdur, çünki natamlığından, nöqsanından, "mənindən" çıxıb başqasıyla, bütün cahanla, canlılarla bir can ola bilir, öz kiçik "Məni"ni bəşəri "Mənə" çevirə bilir, ruhən başqasında – İnsandan tutmuş adi ağaca qədər hər şeydə – yaşaya bilir.

Sonludur – çünki zəmanədən, şəraitdən, ətrafdakılardan, bəzən dörd divardan, mənfur qaydalardan asılıdır.

Ancaq sonsuzdur, ona görə ki, iradəsi, zəkası, insani mahiyyəti vasitəsiylə hər cür səddləri aşa bilir, ruhən heç vaxt maneələrə ilişib qalmır, daim hüdudlardan kənara çıxır, ədalətsiz zəmanəyə sığmır.


***


Bu mənada ruhun qartal uçuşu bir an da dayanmır.

Bu uçuş bəzən gözə görünmür.

Zəncirləri qırmağın gözə görünməz biçimləri də var.

Ruhun çılğın, narahat və əzmkar təbiətinə eybəcər mühit həmişə darlıq edir, o, bu mühitə heç vaxt sığmır və sonsuzluq adlanan cazibədar aləmin bir hissəsi olur, nəyəsə çevrilir, nəyləsə birgə yaşayır.

Çünki insan təbiətin adi hissəsi deyil, yerə-göyə, kainata ruhən daima qayıdan, həm də bütün maneələrə baxmadan qayıdan hissəsidir.

Bu səbəbdən Tolstoyun mənəviyyat fəlsəfəsində məhəbbət çox böyük yer tutur və əsas mənəvi problem rolunu oynayır.


***


İlk növbədə məhəbbət insanın əsil, doğru yaşamasını müəyyən edən bir müdriklik kimi qiymətləndirilir.

Sevirsənsə , deməli düzgün yaşayırsan, öz xudbin və çirkin cəhətlərindən ayrılırsan. Çünki bu dünyaya sən özünə qapılmaq üçün yox, özündən kənara çıxmaq, öz səadətini özündən kənarda axtarıb tapmaq üçün gəlmisən.

Çünki sənin ruhun özünü ən çox məhəbbətdə tapır.

Başqası üçün yaşayanda – sən dirisən! Təkcə özün üçün yaşayanda – ölüsən!

O vaxta qədər ki, Nexlyudov özü üçün yaşayırdı, yalnız özü haqqında düşünürdü – o, ölmüşdü.

O vaxt ki, Nexlyudov başqası haqqında düşündü, başqasının – Katerinanın həyatıyla yaşadı, o, dirildi, ruhu yenidən doğuldu.


***


Məhəbbətdə insanın daxili "məni" genişlənir, çünki insan təkcəlik məhdudiyyətindən xilas olur.

Bir anda duyursan, dərk edirsən ki, sən özün düşündüyündən böyük və ali bir qüdrət imişsən; sənin mahiyyətin sənin özündən daha böyükdür.

Çünki sən – həm də sevdiyinsən!

Ona görə də məhəbbətdə insan öz əsl mahiyyətinə qovuşur.

Sənin düşüncən, həyatın yalnız özünə xidmət edəndə pozğunluq çirkabına batırdın, kiçilirdin.Yeyirdin, içirdin, əyləncəli məqamların məstiylə nazlanırdın, ancaq burada mənliyinin çox cüzi və bəsit hissəsi iştirak edirdi.

Ancaq sən elə hesab edirdin ki, elə busan: öz miskinliyini mütləqləşdirirdin.

Bilmirdin ki, bu məqamında özündən yerdən göyə qədər uzaqsan.


***


Nəhayət ayıldın! Öz əvvəlki cılız "mənini" rədd etdin.

Əslində heç nədən imtina etmədin!

Sənin rədd etdiyin – heçimiş!

Sənin imtinan – böyüklüyündür!

Tək özünlə olanda xəbis idin – indi ülvisən!

Tək özünlə olanda vücudun üçun yaşayırdın – indi ruhən yaşayırsan.

Tək özünlə yaşayanda – özünə pərcimlənmişdin, indi başqasıyla bir olmusan.

"Mənim özümdən böyük dünyam var!" - həqiqətini yalnız məhəbbət söyləyir.

Yer-göy, kainat, təbiət, insan, gözəllik – dünyada nə varsa, hamısı mənimdir.


***


Andrey Bolkonski ölüm ayağında – dirildi, sonsuz səmaya baxdı və duydu ki, bu ülvi səmanın bir hissəsi olmaqdan ali nemət yox imiş, onun şəxsi arzuları,

şöhrətsevərliyi bu hikmətin yanında mənasız imiş.

Bu məqamda knyaz Andrey özünü misilsiz bir aydınlıq və kamilliklə dərk etdi, ruhən səmaya qovuşdu, ruhunu göyə köçürdü, özünü yenidən kəşf etdi.

Anladı ki, onun qəlbində ali bir ehtiras – dünyaya qovuşmaq, dünyayla bir olmaq ehtirası yaşayırmış.

Lakin həmin ali hiss – xudpəsənd, bayağı meyllərin əsarəti altına düşübmüş.

İndi ürək həmin əsarətdən qurtardı.

Tolstoyun fikrincə, insanlar ona görə pis yaşayırlar ki, ömrün mənasını unudublar, məhəbbətsizlik bəlasına tutulublar.

Heyvani həyat tərzindən beşəlli yapışıblar, ona görə ömürlərində sevinc yoxdur.

Əsil sevinci məhəbbət yaradır.

Dünya məhəbbət işığına boyananda sevincin hüdudu olmur.

Tolstoy – müqəvvaya çevrilmiş mütləq cəmiyyət adamında - ağıllı maneken olan Kareninada belə məhəbbət işığının insanı dirildən, soyuq, daşa belə daxili hərarət verən qüdrətini görür.


***


Aktyor:

…"Mən həyatı dərindən duyanda özümü sonsuz bir vəhdətin hissəsi görürəm.Bu vəhdətdə insanlar, canlılar, bitkilər məhəbbətlə birləşiblər.Onları biri-biriylə sevgi telləri bağlayıb. Yaşadıqca, yaşlandıqca mən özümdə kənarda mövcud olanları: insanları, əşyaları daha çox sevməyə başlayıram. Təkcə özümə aid olanları isə az sevirəm. Bütün qəlbimlə insanları birləşdirən ülvi bir duyğuya – məhəbbətə can atıram.

Əslində həyatım – məhəbbət dünyasına doğru hərəkatdan ibarətdir.Həyatın mənası – bütün hadisələrin məhəbbətlə bəhrələnməsidir, şər dünyasının xeyir dünyasına çevrilməsi, əsil həyatın yaranmasıdır".


Əsil həyat – məhəbbətli həyatdır!


"O vaxta qədər ki, qəlbində nə olduğunu bilməmisən, heyvan kimi yaşamısan. O vaxt ki, qəlbində yaşayanın nə olduğunu duydun – İnsan olursan".

"İnsanın insanla ünsiyyəti –insanın başqasında özünü görməsidir!"

"Bədən yalnız özünü sevir, ruh hamını, bütün canlını sevir".

"Dünyada öz ruhunu digər varlığa göçürməkdən ali heç nə yoxdur!"

"Bu köçürmə isə məhəbbət vasitəsiylə başa gəlir".


***


Özündən imtina!

Əslində insan özündən imtina edirmi?

Bəlkə o özünün naqisliyindən imtina edir? Əslində özündən imtinada şəxsiyyət özünün yalnız "mənindən" imtina edir, öz əsil "mənini" təsdiq edir!

…"Niyə başqası sevinəndə sən sevinir, başqası qəmlənəndə – qəmlənirsən.

Çünki həmin anda sevinən və kədərlənən – sənin başqasında yaşayan ruhundur".

"Milyonlara əzab verən odur ki, insanlar öz vicdanlarına uyğun yaşamırlar, başqasının vicdanıyla yaşayırlar.

Bu səbəbdən də əslində vicdansız yaşayırlar.

İnsanlar üçün ən vacib olan – öz vicdanlarını özləri üçün dərk etmək, aydınlaşdırmaq və vicdanlarıyla yaşamaqdır.

"İnsanlar ya vicdandan yuxarı, ya da vicdandan aşağı yaşayırlar.

Birinci əzablıdır, ikinci iyrəncdir!"

"Yalnız özü üçün yaşamaq – nə dəhşətliymiş!"

Təkcə özün üçün yaşamağın puç və mənasız olduğunu və dünyaya gəlişin əsil mənasını anlayanda – dəhşətə gəlirsən!

Dəhşət ən çox mənasız həyatdan mənalı həyata keçid zamanı yaranır".


***


"Özünü yalnız maddi varlıq sayanda – heç olursan!Yalnız mənəvi mahiyyətini qavrayanda –nəsə olursan. Sənin ruhani mahiyyətin sonsuz məhəbbətinin bir hissəsidir. Nəsə olmaq üçün sən həmin məhəbbətin təzahürü olmalısan!"

"Dərk etmənin ən gözəl üsulu-məhəbbətdir: məhəbbət vasitəsiylə insanlara, canlılara, bitkilərə, hətta daşa belə mənən qovuşursan.

Bu vaxt sən onları daxilən dərk edirsən.

Buna bəzən şairanə istedad da deyirlər, bu isə əslində məhəbbətdir, varlıqlar arasında pozulmuş vəhdətin yenidən bərpa edilməsidir.


***


Aparıcı:

Alman filosofu Hegel deyirdi ki, gerçək olan ağlabatandır.

Fransız filosofu Jan-Jak Russo sübut etməyə çalışırdı ki, insan təbiətən təmiz, pak doğulur, yalnız mühit onu sonradan pozur, daxilən eybəcərləşdirir.

Tolstoyun mənəviyyat fəlsəfəsi bu fikirlərin hər ikisini rədd edir.

Gerçək olan, real olan heç də həmişə mənalı, yaxud kamil olmur.Ona kamilliyi, mənanı insan verir.Əslində insanın dünyada əsas məqsədi elə budur.

İnsan-reallığı ideal aləmə yaxınlaşdırır, gerçəkliyi eybəcərlikdən, bəsitlikdən, məntiqsizlikdən təmizləyir.

Tolstoyda dünya həmişə insandan asılıdır.

İnsan sadəcə olaraq dünyaya uyğunlaşmır, bugünküylə kifayətlənmir, dünyanı kamilləşdirir.

İnsan dünyaya dünyanı kamilləşdirmək üçün gəlib.

Hegelin möhtəşəm fəlsəfi sistemində hər şey, o cümlədən dünya mütləq ruhun təzahürüdür.

İnsan bu dünyada yaşayır, ancaq tarixin gedişini müəyyən etmir, dünya ondan asılı olmur, əksinə o, dünyadan tam asılı olur.Onun özü olsa-olsa mütləq ruhun təzahür formalarından biridir.

Hegel sistemində insanın fəaliyyət meydanı çox dardır, müstəqilliyi yox kimidir!

Mütləq ruhun əzəməti yanında insanın əzəməti sönük görünür. Dünya, tarix, cəmiyyət dənizdir, insan isə onun üzərindəki yük; dəniz yükü istədiyi səmtə aparır, yükün taleyi dənizin əlindədir.


***


Tolstoyda insan dünyanın heykəltəraşıdır.

O, həyatı idealına uyğun kamilləşdirəndir.

O, həm də öz daxili dünyasının heykəltəraşıdır.

Daxili dünyasını da o, yenidən qurur. Bu baxımdan ən murdar, eybəcər mühitdə belə insanın kamil, ülvi yaşaya biləcəyinə Tolstoy tam inanır.

Əgər insan əsildirsə, o, ruhunun eybəcər cəmiyyət tərəfindən çirklənməsinə yol verməz, özünü murdar mühitin sərəncamına tapşırmaz, onun qəlbində şiddətli müqavimət gücü baş qaldırar, o, dişiylə-dırnağıyla öz ruhunu bataqlıqdan qurtarar, mənəvi saflığını hifz edər.


***


Tolstoyun İnsana inamı sonsuzdur.

Sənə - İnsana təbiət ən eybəcər mühitdə belə təmiz, ləyaqətli qalmaq qüdrəti verib. Bunun üçün sən iradəni, ağlını, duyğularını bir səmtə - mənəvi aləmin təmizliyini qorumaq səmtinə yönəltməlisən.

Ömrünün ən dəhşətli anında belə özünə inamını itirmə.

Çünki sən - İnsan yalnız bir cəhətlə səciyyələndirilən varlıq deyilsən.

Sənin daxili imkanların nəhayətsizdir.

Sən yalnız oğru, cinayətkar, pis adam ola bilməzsən. Haradasa sən həm də yaxşısan, doğrusan! Fəqət bu cəhətini görə bilmirsən, çünki naşısan. Əgər sən özündəki imkan müxtəlifliyini görmürsənsə, özündəki gözəlliyi öldürmüsən!

Bu isə böyük cinayətdir!

Səni bu cinayətə görə cəzalandırmaq gərəkdir.

İnsanı cəmiyyət məhv edə bilməz.

İnsanı yalnız özü məhv edə bilər.

Mühitdə yaşamaq və həyatda yaşamaq Tolstoya görə eyni şey deyil.

Eybəcər mühitdə yaşamaq, onun qaydalarına riayət etmək suni və yarımçıq həyatdır.

Burada mənəviyyata yer yoxdur.

Əgər İnsan bu həyatdan kənarda başqa həyat görmürsə, başqa cür yaşamırsa – o, ölüdür.

Fəqət İnsana mühitdən kənarda: məhəbbətdə, dostluqda, təbiətdə, arzularda, xeyir işığında yaşamaq imkanı həmişə verilib. Tolstoy qəhrəmanlarının bir çoxu - mənfur zadəgan mühitindən qaçan, özlərini təbii həyatda axtaran və tapan şəxslərdir.Onların mənəvi əzəməti – mühitindən kənara çıxa bilmələrində, mühitdən kənarda yaşaya bilmələrindəndir.


***


Tolstoy etikasında cəmiyyət və mühit - həmişə insandan zəifdir. Bu baxımdan Tolstoyla fransız klassiki Balzak arasında yerlə göy qədər fərq var.

Balzakda cəmiyyət hər şeydir - insan heç şey: cəmiyyət insanı istədiyi şəklə salır, öz mahiyyətinə bənzədir, eyniləşdirir. İnsanın düşüncələri, duyğuları, ən intim ehtirasları belə cəmiyyət tərəfindən müəyyənləşdirilir, insan öz taleyinin sahibi olmur, cəmiyyət onu oyuncaq kimi yaradır, oynadır, sonra da tullayır.

Balzak realizmində - insan cəmiyyət tərəfindən tam zəbt olunur.

Tolstoyda insan öz mənəvi aləmini cəmiyyət basqınından hifz edib qoruyur.

Balzakda insani tragikomediya yaranır, Tolstoyda insani qəhrəmanlıq meydana çıxır. Çünki Balkaz suni həyatın təbii həyatı məhv etməsinə inanır.Tolstoy isə buna inanmır.


***


Tolstoy üçün Nataşanın öz sevimli Pyerini tapması əslində Napoleonun dünya şahı olmaq iddiasından sonsuz dərəcə əzamətlidir.Çünki Nataşanın niyyəti təbii niyyətdir, ancaq Napoleonun arzusu – suni arzudur.

Tolstoy üçün Napoleon böyüklüyü yoxdur, Napoleon suniliyi, Napoleon aktyorluğu, Napoleon komikliyi var.

Tolstoyun qəti etiqadına görə, insandakı ali təbiliyi ən müdhiş cəmiyyət belə məhv eləyə bilməz.

Eybəcər mühit gözəl mənəviyyata heç vaxt qalib gələ bilməz.



Aktyor:

"Yalnız müqəddəslər tam azaddırlar. Çünki müqəddəs üçün dünya həbsxana olmur, əksinə o, dünyanın sahibinə çevrilir.

Çünki dünya yalnız onun vasitəsiylə özünün nəyə gərək olduğunu anlayır.

"İnsan haqqında mühakimələrimizdə biz insanı ağıllı, səfeh, xeyirxah, xəbis, güclü, zəif deyə səciyyələndiririk, əslində isə insan "hər şeydir, o, özündə bütün imkanları birləşdirir".

Mənim cismani Mənim bir heçdir.

Yalnız mənəvi Mənim nəyinsə ifadəsidir.

Mənim cismim xəstələnir və ölür, ruhum isə xəstələnmir və ölmür.

"Yatmışdım.Birdən elə bil ürəyimdə nəsə qırıldı. Düşündüm ki, ölüm gəlir; - sakitliyimi pozmadım! Əvvəllər isə ölümdən qorxardım".

Nə üçün? Çünki mən əvvəllər bütöv həyatla yaşamırdım, yalnız öz həyatımla yaşayırdım. İndi isə bütöv həyatla yaşayıram".

… "Məni harda ölsəm, orada, ən ucuz qəbirstanlıqda basdırarsınız, ən ucuz məzara qoyarsınız.

Dilənçiləri necə basdırırlar, o cür!

Gül-çiçək dəstələri, çıxışlar gərəksizdir.

Qəzetlərdə ölümüm haqqında heç nə çap etməyin, nekroloq yazmayın!"

"Ölümə başlayan adam özünü buğdaya çevrilməyə başlayan toxum vəziyyətində hiss edir. O, duyur ki, tədricən başqa bir şeyə çevrilir, başqa bir həyatla yaşamağa başlayır".


Aparıcı:

Müdrik şəxs ölümdən qorxmaz.

Çünki özünü dünyanın bir hissəsi sayar. O, ölürsə də dünya qalır. Deməli, əslində o da yaşayır.

Müqəddəs şəxs ölümdən qorxmaz.

Çünki həyatının məqsədini ruhani aləmin təsdiqində görər, məqsədini həyata keçirər və rahat ölər.

O, bu dünyaya iş görmək üçün gəlmişdi…

İş görülüb-qurtarıb, indi sakitcə dünyadan köçmək olar.

Özünü başqalarında tapan kamil şəxsiyyət üçün ölümün şöhrətə ehtiyacı yoxdur.

Çünki ömür boyu o, özündəki xudpəsəndliklə döyüşüb, özünü daxilən təmizləyib, billurlaşıb, öz böyüklüyünü özündən kənarda tapıb.

İndi həmin mənfurluğu yenidən canlatmaq naşılıqdır.

Eksiztensialistlər (M.Haydegger, K.Yaspers, A.Kamyu və s.) deyirlər ki, ölüm-həyatın cəfəng mahiyyətini açıb göstərir, insana deyir ki, aqibətinin əsas mənası budur, sən bir heç imişsən.

Ölüm bu hikməti başa saldı!

"Odur ki, yaşamaq dərsi-əslində ölüm dərsidir" (K.Yaspers).

Tolstoyda ölüm - insan ömrünün zirvəsidir.Ölüm ayağında zirvədən özünə, öz həyatına baxırsan. Ölüm qapısını sən kamil və cəsur şəxs kimi də aça bilərsən, naşı, qorxaq adam kimi də.

Birincidə ölüm sənin təsdiqin, ikincidə isə inkarın olar.

Tolstoyun şəkli görünür, tədricən böyüyür.


Kadr arxasından:

"Dünyaya məna verən insandar".


***


Aparıcı:

Böyüksən, yaxud kiçiksən, məğrursan-yaxud köləsən, əzamətlisən, yaxud miskinsən, xeyirsən, yaxud şərsən-bunun səbəbkarı yalnız sənsən, sən İNSAN.

Heç bir qüvvədə günah səbəbi axtarma. SƏN nəsənsə, elə osan!

Tolstoyun bəşərə söylədiyi ən böyük söz budur!

Sizin Reklam Yeriniz