Əlaqə Arxiv
news Image
2014.09.24
15:40
| A A A
AZAL uçuşları artırır
Almaniya Bundestaqının deputatları Manfred Qrund və Albert Vaylerin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi Almaniya Federativ Respublikasının Bundestaqına məktubla, Xarici İşlər Nazirliyinə isə nota ilə müraciət edib. Bu barədə Trend-ə Almaniya Bundestaqının deputatlarının və Fransa Senatının nümayəndəsinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə əlaqədar XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev məlumat verib.

H.Hacıyev bildirib ki, səfirliyin notasına cavabında Almaniya XİN-in rəsmisi bildirib ki, AFR hökumətinin Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyi dəyişməyib və AFR Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.

AFR XİN-in rəsmisi əlavə edib ki, Almaniya XİN-i Bundestaqa daim belə səfərlərdən çəkinməyə çağıran və işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfər edənlərə qarşı Azərbaycanın prinsipial yanaşması haqqında məlumatlandıran müraciətlər edir.

Almaniya Bundestaqı səfirliyin məktubuna cavabında bildirib ki, sözügedən deputatların səfəri Almaniya Bundestaqının adından həyata keçirilmiş səfər hesab edilə bilməz və səfərlə bağlı xərclər Bundestaq tərəfindən ödənilməyib.

Həm Almaniya XİN, həm də Bundestaq bu səfərin deputatların şəxsi təşəbbüsü əsasında baş verdiyini bəyan ediblər.

Azərbaycanın Fransadakı səfirliyi tərəfindən də Fransa senatının nümayəndəsinin işğal olunmuş ərazilərimizə səfəri ilə əlaqədar KİV-də 23 sentyabr tarixində verilən məlumat araşdırılacaq və zəruri tədbirlər görüləcəkdir.

Azərbaycan Respublikasının razılığı olmadan işğal olunmuş Azərbaycan ərazilərinə səfərlər Azərbaycan Respublikasının "Dövlət Sərhədi haqqında" qanununun pozulmasıdır. Bu kimi şəxslər Azərbaycan Respublikası tərəfindən "arzuolunmaz şəxslər" siyahısına daxil edilirlər.

Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq hüquqa zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxslər öz məsuliyyətlərini dərk etməlidirlər ki, onlar separatizm, etnik təmizləmə, insaniyyətə qarşı cinayətlər, işğal və təcavüzün təşviqinə rəvac verməkdə rol oynayırlar. Eyni zamanda bu şəxslərin əməlləri humanizm prinsiplərinə və beynəlxalq humanitar hüquqa zidd olaraq, işğal olunmuş ərazilərdən qovulmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hisslərinə və hüquqlarına qarşı hörmətsizlikdir.

Özlərini millət vəkili adlandıran bu kimi şəxslər eləcə də belə qeyri-humanist və hüquqa zidd əməllərinə görə öz ölkələrinin seçiciləri qarşısında daşıdıqları məsuliyyəti dərk etməli və onlara hörmət yanaşmalıdırlar.
Sizin Reklam Yeriniz