Əlaqə Arxiv
news Image
2014.09.27
09:00
| A A A
Cəbhəboyu patrul dəstələri ilə təhlükəsizlik təminatı güclənəcək
Azad İsazadə: “Cəbhəboyui ərazilərdə patrul dəstələrinin formalaşdırılmasına, təhlükəsizlik tədbirlərinin bununla daha da gücləndirilməsinə ehtiyac var idi” Zahid Oruc: “Könüllü patrullar təhlükəsizlik məsələlərinə dəstək verəcək peşəkar qruplardan formalaşmalıdır”

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncam imzalayıb. Birmənalı şəkildə etiraf olunur ki, sərəncam ölkənin təhlükəsizliyinin təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. Ekspertlər hesab edirlər ki, hərbi sirrn mühafizəsi və informasiya təhlükəsizliyinin qorunması üçün belə bir qanuna ciddi ehtiyac duyulurdu. Sərəncamın icrası hərbi və dövlət sirlərinin, milli təhlükəsizliyə xələl gətirən informasiyaların KİV-lərdə, internet və sosial şəbəkələrdə yayılmasının qarşısnı alacaq. Sərəncama görə cəbhəboyu zonada müdafiənin gücləndirilməsi, əhalinin ayıq-sayıqlığını artırılması məqsədilə cəbhə boyu yaşayış məntəqələrində yaşayan əhali arasından könüllülərdən ibarət patrul dəstəsi yaradılacaq.

Şərhçilər bütün bunları olduqca vacib hesab edirlər.

Hərbi məsələlər üzrə ekspert Azad İsazadə hesab edir ki, bu gün cəbhəboyui ərazilərdə patrul dəstələrinin formalaşdırılmasına, təhlükəsizlik tədbirlərinin bununla daha da gücləndirilməsinə ehtiyac var idi: "Zaman-zaman ermənilərin sərhədi keçməsinin şahidi oluruq. Erməni diversantını da, çobanı da bəzən yerli əhali tutub, hərbi hissəyə təhvil verir. Yəni, həqiqətən də cəbhə xəttində könüllü patrul dəstələrinin köməyinə ehtiyac var. Prezidentin sərəncamı da məhz bu problemin aradan qaldırılmasına hesablanıb. Kənd sakinləri bir-birini yaxşı tanıyırlar. Onlar kənddə yad adam görən kimi şübhələnərlər. Həmin adamın sənədlərini yoxlayıb, buraxacaqlar. Əvvəllər Lənkəran-Astara zonasında patrula oxşar dəstələr fəaliyyət göstərib".

Azad İsazadənin fikrincə, hərbiçilər tərəfindən həmin patrul dəstələrinə təlim keçirilməlidir: "Çünki, sərhədi keçən erməni diversantı peşəkar ola bilər. Bəzən mülki şəxsin onunla bacarması çətin olacaq. Ona görə də patrulun funksiyası məlumatı hərbçilərə vaxtında çatdırmaqdan ibarət olmalıdır. Sərhədi pozanları zərərsizləşdirmək hərbiçilərin işidir".

Millət vəkili Zahid Orucun sözlərinə görə, sərəncam cəbhə bölgələrinə xüsusi status verəcək. "Cəbhəyanı zona kimi işlədilən termin artıq bir hüquqi anlam daşıyacaq. Bundan sonra görüləcək tədbirlər o anlayışın içərisində olacaq. Əslində, cəbhəyanı zonalara fərqli status verməliyik. Sərəncam ilk növbədə bunlara xidmət edir. Yəni bu gün bütün rayonların quruculuğuna eyni yanaşmaq olmaz. Sərəncamın ən önəmli hissəsi vətəndaşların könüllü əsasda patrul dəstələrinə qoşulmasıdır. Bildiyimiz kimi, müharibə gedən bölgələrdə mülki əhalinin qorumadığı ordular bu və ya digər formada dayaqdan məhrum olublar və sonda məğlubiyyətlə üzləşirlər".

Deputatın fikrincə, könüllü patrullar cəbhəyanı kəndlərdə daha çox informasiya sızması və təhlükəsizlik məsələlərinə dəstək verəcək peşəkar qruplardan formalaşmalıdır: "Ancaq patrul xidmətləri sadəcə arzulayan şəxslərdən yox, döyüş şəraitində olmuş, müəyyən hərbi təcrübəyə malik insanlardan formalaşdırılmalıdır. Yəni, silahlı qüvvələrdə fəaliyyət aparmış, lakin bu gün istefada olan adamlar bu işə cəlb oluna bilər. Bunlar lokal toqquşmalar zamanı müxtəlif informasiyaların ötürülməsində aktiv rol oynayan bir qrup kimi formalaşdırılmalıdır. Amma sərəncam hərbi vəziyyətin bütün ölkə boyu deyil də, konkret ərazilərdə tətbiq edilməsi üçün əsas yaradacaq. Başqa məqam isə təminatı çətin olan sosial medianın işinin təşkili, dövlət sirrinin qorunması ilə bağlı məsələlərdir. Biz heç bir qanunda sosial media ilə bağlı məsələni sona qədər müəyyən etməmişik. Yəni, hələlik informasiya təhlükəsizliyi haqqında qanun yoxdur. Xaricdə hardasa oturub, Azərbaycanın hərbi sirrini sosial mediada yayan adama qarşı nə edə biləcəyik? Buna görə də silahlı qüvvələrin və medianın birgə işi təşkil olunmalıdır. Məhz Prezidentin sərəncamı da bu məsələlərə xidmət edir".

Sizin Reklam Yeriniz