Əlaqə Arxiv
news Image
2014.09.28
12:00
| A A A
Azərbaycan Avropa Şurasının rəsmi tədbirinə ev sahibliyi edəcək

Oktyabrın 1-dən 5-dək Qəbələ rayonunda "Nifrət nitqinə yox hərəkatı" Beynəlxalq Gənclər Forumu keçiriləcək.
Forum Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyiçərçivəsində Xarici İşlər, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), Avropa Şurasının, Avropa Şurasının Gənclər Departamentinin birgə təşkilatçılığı ilə reallaşdırılır.


Movqe.az Azərtac-a istinadən xəbər verir ki , ARGTMŞ-dan bildiriblər ki, Forumda Avropa Şurasının üzvü olan 47 ölkədən 250-yə yaxın nümayəndənin iştirakı nəzərdə tutulur.


Forumun açılış mərasimi oktyabrın 2-də Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində olacaq.
Mərasimdə Azərbaycan hökumətinin və Avropa Şurasının yüksək səviyyəli rəsmilərinin iştirak edəcəkləri gözlənilir.


Forumun məqsədi "Nifrət nitqinə yox hərəkatı" çərçivəsində milli və Avropa səviyyəsində fəal olan gənc insanları və digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə tövhə verməkdir.


Tədbirdə nifrət nitqi və ayrı-seçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılacaq. Müzakirələrdə iştirakçıların fikirləri və təklifləri dinləniləcək.


Forumun gedişatını onun rəsmi saytıwww.nohateforum.az, kampaniya haqqında məlumatı isəwww.nohatespeechmovement.orgünvanından əldə etmək mümkündür.


"Nifrət nitqinə yox hərəkatı" kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır. Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən "Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi" layihəsinin bir hissəsidir.


ARGTMŞ "Nifrət nitqinə yox hərəkatı" kampaniyasının Azərbaycan üzrə əlaqələndiricisidir.


Şura 2013-cü ilin aprelindən Avropa Şurasının "Nifrət nitqinə yox hərəkatı"na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib. Bunların sırasına Beynəlxalq Gənclər Gününə həsr edilən gənclər həftəsi, "Nifrət nitqinə yox hərəkatı" fotosərgisi və bir sıra müxtəlif tədbirlər aiddir. Bundan başqa, kampaniyanın andı Azərbaycan tərəfindən hazırlanıb və Avropa Şurasına təqdim edilib.


Sizin Reklam Yeriniz