Əlaqə Arxiv
news Image
2014.09.29
11:02
| A A A
Mehriban Əliyeva: “Həqiqi dostumu tapmışam” - Foto

Sentyabrın 28-də, 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının Heydər Əliyev Fondu tərəfindən təşkil olunan təqdimatlardan biri bu dəfə Afinada "Akropol" muzeyində reallaşıb.Movqe.az AzərTAc-a istinadən xəbr verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da iştirak etdiyi mərasimə Yunanıstan parlamentinin sədri, Baş nazirin müavini, İnzibati İslahatlar naziri, Turizm naziri, millət vəkilləri, idman ictimaiyyətinin nümayəndələri, Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev də qatılıb. Mərasimin aparıcısı Aleksis Kostalas "Bakı-2015" Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı salamladı. 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getdiyini bildirdi. Sonra ilk Avropa Oyunlarına hazırlıqla bağlı film nümayiş etdirildi. Filmdə Avropa Oyunlarının yaranma ideyası və indiyə qədər görülən işlər əksini tapıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışında deyib:

"Hörmətli Yunanıstan Respublikası Parlamentinin sədri!

Hörmətli nazirlər, parlament üzvləri, Avropa Parlamentinin üzvləri, səfirlər!

Hörmətli Yunanıstan Respublikasının Olimpiya Komitəsinin prezidenti, mənim əziz dostum Mariya.

Hörmətli qonaqlar, cənablar, xanımlar və dostlar.

Bu möhtəşəm məkanda sizi salamlayıram və 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının təqdimatına həsr olunmuş şam yeməyinə qoşulduğunuz üçün sizə təşəkkürümü bildirirəm. Yunanıstana yenidən qayıtmaq məndə böyük məmnunluq hissi oyadır və mükəmməl qonaqpərvərliyiniz üçün sizə təşəkkürümü bildirirəm. Dünən biz hamımız tarixi İrodio teatrında gözəl konsertdən həzz aldıq və havanın yağışlı olacağı barədə proqnoza baxmayaraq hava şəraiti çox yaxşı idi. Əlverişli hava şəraitinin olması çox yaxşı işarə idi. Dəyərli töhfəsinə görə əziz dostum Marianna Vardinoyannisə dərin və səmimi təşəkkürümü bildirmək istəyirəm. Çox şadam ki, onun simasında həm UNESCO, həm də ikitərəfli əlaqələrimizdə uzun illərdir ki, yaxın əməkdaşlıq apardığımız həqiqi dostumu tapmışam.

Hörmətli dostlar icazə verin Yunanıstan və Azərbaycan arasındakı münasibətlərdən başlayım. Bu münasibətlər qarşılıqlı hörmət, maraq və dostluğa əsaslanan strateji tərəfdaşlıq münasibətləridir. Baxmayaraq ki, ölkələrimizi ümumi sərhədlər ayırmır, bizim millətlər həmişə bir-birinə qarşı xüsusi simpatiya və isti münasibət bəsləyiblər. Çox şadam ki, ötən bir neçə il ərzində ölkələrimiz arasında münasibətlərdə bir çox sahələrdə, o cümlədən, siyasi, mədəni, iqtisadi və elmi sahələrdə ciddi tərəqqi müşahidə olunub. Azərbaycan iqtisadiyyatının dinamik artımı ikitərəfli əlaqələrimizin bir çox sahələrdə, xüsusilə ticarət və investisiya sahələrində inkişafı üçün əlverişli şərait yaradır. Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamasına və 1 milyondan artıq qaçqın və məcburi köçkünün olmasının fəsadlarına baxmayaraq ötən on ildə ölkəmizin ümum daxili məhsulu üç dəfə artmışdı və bu gün bütün Cənubi Qafqaz regionunun ümum daxili məhsulunun 70 faizdən artığı Azərbaycanın payına düşür. Energetika sektorunda əməkdaşlığımız yeni müstəviyə yüksəldilmişdir. Bu yaxınlarda "Cənub" Qaz Dəhlizi layihəsinə start verməklə Azərbaycan Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini vermişdi. Bu strateji layihənin həyata keçirilməsi bizim ikitərəfli əlaqələrimizin gələcəkdə gücləndirilməsinə xidmət edəcəkdir və Yunanıstan ərazisindən Azərbaycan qazının Avropa bazarına çatdırılacağı ilk Avropa İttifaqı ölkəsi olacaqdır.

Əziz dostlar, bu gün xüsusi ilə humanitar sahədə əməkdaşlığımızı qeyd etmək istəyirəm. Son bir neçə ildə universitet, məktəb, kitabxana, muzey və elmi institutlar arasında əlaqələr daha da intensivləşmişdi. Ümidvaram ki, Gəncə və Saloniki şəhərləri arasında qurulmuş birbaşa əlaqələr ölkələrimizin digər şəhərləri üçün örnək olacaq və xalqlarımızı bir-birinə daha yaxınlaşdıracaqdır. Ölkələrimizin sıx əməkdaşlıq qurduğu digər bir vacib sahə idmandır. Bu gün gənclərimizi olimpiya fənləri üzrə yüksək keyfiyyətli təhsillə təmin edəcək Beynəlxalq Olimpiya Akademiyası ilə tərəfdaşlığımızı da qeyd etmək istəyirəm. Yalnız bu bir neçə nümunə göstərir ki, Azərbaycan və Yunanıstan arasında münasibətlərin güclü potensialı var və ümidvaram ki, bu potensial gələcəkdə tamamilə reallaşacaqdır. Əziz dostlar bildiyiniz kimi, Azərbaycanda ilk Avropa Oyunları keçiriləcəkdir. Baxmayaraq ki, Olimpiya hərəkatı Yunanıstanda, Afinada başlanılmış və bərpa olunmuşdur Avropada digər qitələrdən fərqli olaraq heç vaxt Avropaya məxsus oyunlar keçirilməmişdi. Biz fəxr edirik ki, Azərbaycana bu oyunları ölkəmizdə təşkil etmək üçün tarixi fürsət verilmişdi. 17 gün ərzində davam edəcək oyunlarda 6000-dən çox idmançı 20 idman növündə rəqabət aparacaqdır. Avropa Olimpiya Komitəsinin bu qərarı Azərbaycan xalqı tərəfindən böyük sevinc və dəstəklə qarşılanmışdır. Bu tarixi qərara görə bu gün Yunanıstan Olimpiya Komitəsinin prezidenti və "Bakı 2015" Əlaqələndirmə Komissiyasının sədri cənab Spirius Kapralosun simasında təmsil olunmuş Avropa Olimpiya Komitəsinə təşəkkürümü bildirmək istəyirəm.

Bu gün Azərbaycan idman ölkəsi kimi də yaxşı tanınır. Müstəqilliyimizi bərpa etdikdən sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdu. İdmançılarımız 1996-cı ildən etibarən olimpiya oyunlarında iştirak etmiş və qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlərlə fəxr edə bilərik. Son yay olimpiya oyunlarında idmançılarımız 10 olimpiya medalı qazanmışdı və medal sayına görə ümumi reytinqdə ilk 30 ölkə sırasına daxil olmuşdu. Ötən 10 ildə ölkəmizdə 40-dan çox müasir olimpiya kompleksi tikilmişdi və bu da bir çoxunun idmanı peşəkar karyera kimi seçdiyi gənclərimizin qarşısında yeni üfüqlər və imkanlar açmışdı. Bu yaxınlarda Çində Gənclər arasında keçirilən olimpiya oyunlarında idmançılarımız 12 medal, o cümlədən 5 qızıl medal qazanmışdı və ölkəmiz bütün iştirakçılar arasında 10-cu, Avropa ölkələri arasında isə 6-cı yeri tutmuşdu. Bizim bir çox Avropa və Dünya çempionatlarının keçirilməsində də zəngin təcrübəmiz var və bu yarışların hamısı iştirakçılar və rəsmilər tərəfindən yüksək qiymətləndirilmişdi. Mən nümunə kimi 2014-ci ilin iyun ayında Bakıda uğurla keçirilən bədii gimnastika üzrə Avropa çempionatını qeyd etmək istəyirəm. İdmançılarımızın bütün bu nailiyyətləri, müasir idman infrastrukturu, idmanın inkişafına göstərilən güclü dövlət dəstəyi, habelə ölkəmizin mükəmməl iqtisadi artımı Avropa Olimpiya Komitəsinin qərarına zəmin yaradan əsas amillər idi. Bu qərara təkcə sevinclə yox, həm də məsuliyyətlə yanaşırıq. İlk oyunlar gələcəkdə keçiriləcək oyunlar üçün standartları müəyyən edəcək. Azərbaycan ilk Avropa oyunlarını yay olimpiya oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoyub. "Bakı-2015" Oyunlarının Təşkilat Komitəsinin sədri kimi sizi əmin edə bilərəm ki, oyunların mümkün olan ən yüksək səviyyədə keçirilməsi və idmançılara, rəsmilərə, habelə qonaqlara və yerli vətəndaşlara zəruri şəraitin yaradılması üçün əlimizdən gələni edəcəyik. Bu oyunların keçirilməsi üçün bizə iki il yarım vaxt verilməsinə baxmayaraq bu gün əminik ki, bütün hazırlıq işləri vaxtında tamamlanacaqdır. Biz Avropa Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Federasiyası ilə məhsuldar və güclü əməkdaşlığımızdan məmnunuq və mən həqiqətən də inanıram ki, Bakıda keçirilən oyunlarda olimpiya oyunlarının ədalətlilik, dostluq və həmrəylik dəyərlərinə riayət olunacaqdır. Yekunda əziz dostlar sizin hamınızı bu tarixi oyunlarda iştirak etməyə, zəngin mədəniyyətə və tarixə malik və qədim ölkə olan, Qərb və Şərqin ayırıcında yerləşən, müxtəliflik, tolerantlıq və mehribanlığına görə çox yaxşı tanınan Azərbaycanı kəşf etməyə dəvət edirəm. Yunanıstan və onun dostsevər xalqına xoşbəxtlik, müvəffəqiyyət və çiçəklənmə arzu etmək istəyirəm. Səmimi qonaqpərvərliyinizə görə bir daha təşəkkür edirəm və sizə yaxşı vaxt keçirməyi arzu edirəm.

Diqqətinizə görə çox sağ olun".

***

Sonra çıxış edən Yunanıstanın İnzibati islahatlar naziri Kiriakos Mitsotakis ölkəsinin Azərbaycan ilə əlaqələrinə toxunaraq ikitərəfli münasibətlərin getdikcə inkişaf etdiyini bildirdi. O, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının uğurla baş tutacağına əminliyini vurğuladı və Yunanıstanın dəstəyini ifadə etdi.

Yunanıstan Mədəniyyət nazirinin müavini Angela Gerekoi bildirdi ki, Avropa "Bakı-2015"-i səbirsizliklə gözləyir. "Bu bütün qitənin həyatında mühüm tədbir olacaqdır", - deyən Angela Gerekoi qeyd etdi ki, bu idman tədbiri Avropa xalqları arasında əlaqələri daha da gücləndirəcək.

Yunanıstan Milli Olimpiya Komitəsinin sədri Spirios Kapralos Avropa tarixində ilk dəfə baş tutan bu oyunlara hazırlığın yüksək səviyyədə getdiyini bildirdi. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsinin gərgin işlədiyini və bu prosesə Prezident İlham Əliyevin güclü dəstək verdiyini deyən Spirios Kapralos onu da vurğuladı ki, bütün Avropa kimi Yunanıstan da bu oyunları həvəslə gözləyir.

Yunanıstanın Kanoe idmanı üzrə olimpiya çempionu Voula Kozumbali ilk Avropa Oyunlarının yeni dostlar, yeni tanışlıqlar üçün əla fürsət olacağını dedi, bu idman tədbirində olimpiya və qeyri-olimpiya oyunlarının bir arada təmsil olunmasının mühüm hadisə olduğunu diqqətə çatdırdı.

Çıxışlardan sonra Azərbaycan incəsənət ustaları – cazmen Elçin Şirinovun başçılıq etdiyi trio və balaban ustası Şirzad Fətəliyev milli musiqilərimizdən ibarət maraqlı konsert proqramı təqdim etdilər.

Sizin Reklam Yeriniz