Əlaqə Arxiv
news Image
2014.09.30
18:07
| A A A
“Ulduz” şokolad fabriki qapılarını jurnalistlərə açdı
Yaxın illərdə fabrikdə yeni məhsulların istehsalı ilə istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur

Sentyabrın 30-da "Açıq qapı" günü çərçivəsində media nümayəndələri "Veysəloğlu" Şirkətlər Qrupunun "Ulduz" Şokolad Fabrikində olublar. Movqe.az xəbər verir ki, müəssisə barədə məlumat verən fabrikin direktoru Vüsal Şərifov "Ulduz" şokolad fabrikinin 2001-ci ildə fəaliyyətə başladığını bildirib. Məlum olub ki, fabrik yerli bazarla yanaşı Orta Asiya, Rusiya, Gürcüstan kimi xarici bazarlarda da şokolad markaları olan "Ritm", "Rocky", "Tango", "Xonça", "Seasons", "Sema", "Wedding" və bir sıra digər məhsulların müxtəlif çeşidləri ilə tanınır. Fabrik 2014-cü ilin əvvəlindən daha iki yeni xəttin – "Topnut" markalı "Draje" və "Cırtdan", "Freş", "Alpinmilk", "Villi" markalı karamel xətlərinin işə salınması ilə öz fəaliyyət sahəsini genişləndirib. Vüsal Şərifov qeyd edib ki, fabrik uşaqlar üçün keyfiyyət məhsulların istehsalı ilə də məşğul olacaq. Bu məqsədlə müəssisə özünün yeni "Cırtdan" markalı məhsulunu təqdim etməyə hazırlaşır. Fabrikin istehsal gücü saatda 3200 kq-dır. Müəssisənin ixrac potensialı daha da artırılaraq Rusiyanın Moskva, Sankt Peterburq, Ufa, Maxaçkala, Kazan, Krasnodar, Rostov, Çelyabinsk, Yekaterinburq, Kalininqrad, Nijnı Novqorod, Nazran, Qroznı kimi iri şəhərlərinə, eyni zamanda Ukrayna, Belarus, Gürcüstan, Latviya, Litva, Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan, Monqolustan, İsrail, İraq, Fələstin, Yəmən, Əfqanıstan, BƏƏ və digər ölkələrə Azərbaycan məhsullarının ixracına başlanılıb. Bildirilib ki, "Ulduz" fabriki beynəlxalq İSO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemi, İFS (İnternational Food Standart) – Beynəlxalq Qida Standartı, BRC (British Retail Concertium, İngilis Pərakəndəçilər Birliyi Standartı), İSO 10002:2004 (Müştəri Məmnuniyyəti Standartı), OHSAS 18001:2007 (Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik) sertifikatları alıb. 2010-cu ildə "İlin xalq markası" mükafatına layiq görülüb. Fabrik Almaniya, İtaliya və bir çox Avropa ölkələrində fəaliyyət göstərən məşhur şirkətlərin istehsalı olan və beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunub. Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilən məhsullar dünyanın 20-dən çox ölkəsinə ixrac olunur. Mətbuat konfransından sonra jurnalistlər "Ulduz" Şokolad Fabrikilə tanış olublar. "Veysəloğlu" MMC-nin şöbə müdiri İlham Məmmədzadə və Keyfiyyətə nəzarət şöbəsinin müdiri Lalə Eminova istehsalat prosesi barədə məlumat veriblər. Müəssisə rəsmisi Ülvi Əmirli isə jurnalistlərə fabrikdə əməyin mühafizəsinin təşkili barədə danışıb. Qeyd edək ki, yaxın illərdə fabrikdə yeni məhsulların istehsalı ilə istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur.

Sizin Reklam Yeriniz