Əlaqə Arxiv
news Image
2014.10.02
17:34
| A A A
İlham Əliyev: Son 10 il ərzində Azərbaycan iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkə olub

Azərbaycan iqtisadi sahəyə böyük diqqət göstərir, çünki güclü iqtisadiyyat olmasa, humanitar təşəbbüsləri irəli sürmək də o qədər asan olamayacaq. Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Ona görə çalışırdıq ki, iqtisadi təhlükəsizliyimizi təmin edək, dövlətimizi gücləndirək və eyni zamanda, ağır vəziyyətdə yaşayan soydaşlarımız üçün yeni imkanlar yaradaq. Bizim sosial siyasətimiz məqsədyönlü şəkildə aparılır".


Azərbaycan Prezidenti bildirib ki, son 10 il ərzində pensiyalar, maaşlar dəfələrlə artıb, yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşüb: "Cəmi 10 il ərzində yoxsulluq 49 faizdən 5,3 faizə düşmüşdür. Demək olar ki, yoxsulluqla mübarizə artıq başa çatmaq üzrədir. Hesab edirəm ki, yaxın bir neçə il ərzində yoxsulluq Azərbaycanda tamamilə bir faktor kimi aradan götürüləcək. İşsizliklə mübarizə də ilk növbədə humanitar xarakter daşıyır. Çünki son illər ərzində 1 milyon 200 mindən çox iş yerləri yaradılmışdır və işsizlik də kəskin şəkildə aşağı düşmüşdür, indi 5 faizdən azdır. Artıq Azərbaycana başqa ölkələrdən iş tapmaq üçün miqrantlar gəlir".


Dövlət başçısının sözlərinə görə, bütün bunların təməlində düşünülmüş siyasət dayanır: "Çünki iqtisadi inkişaf çox sürətli idi. Son 10 il ərzində Azərbaycan iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bizim bütün iqtisadi göstəricilərimiz müsbətdir. İqtisadiyyat son 10 ildə 3 dəfədən çox artmışdır. Xarici dövlət borcu çox aşağı səviyyədə - 8 faiz səviyyəsindədir. Büdcə gəlirləri son 10 il ərzində 20 dəfədən çox artmışdır".


İlham Əliyevin sözlərinə görə, budcə gəlirlərinin düzgün bölüşdürülməsi, sosial proqramların icrası, infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin inkişafını təmin edib: "Əlbəttə ki, Azərbaycan dünyada neft-qaz ölkəsi kimi tanınır - bu, bizim böyük sərvətimizdir. Ancaq biz bilirik ki, bəzi ölkələrdə bu böyük sərvət heç də uğur gətirmir, əksinə problemlər gətirir, müharibələrə, cəmiyyətdə təbəqələşməyə yol açır. Azərbaycanda isə biz bunun tam əksini görürük. Bizim təbii sərvətlərimiz hər bir insanın həyatında öz müsbət təsirini göstərib - çəkilən yollar, açılan xəstəxanalar, artan maaşlar, abadlaşan şəhərlər. Neft gəlirlərindən düzgün istifadə edilməsində Azərbaycanda unikal təcrübə toplanmışdır ki, necə biz qara qızılı insan kapitalına çevirək. Artıq biz buna nail olmuşuq. Gələcəkdə bizim iqtisadiyyatımız çoxşaxəli formatda inkişaf edəcək. Bu gün biz yeni texnologiyalara investisiyalara qoyuruq. Bu gün Azərbaycan artıq kosmik sənayeyə malik olan ölkədir, kosmik ölkələrin klubuna daxil edilib. Biz innovasiyalara, yeni texnologiyalara, elmin inkişafına çox böyük önəm veririk. Elmin İnkişafı Fondu yaradılmışdır. İqtisadi inkişaf, sosial məsələlərin həlli, humanitar sahəyə diqqət, deyə bilərəm ki, son illərdə Azərbaycanın uğurlu inkişafını şərtləndirən əsas amillər olmuşdur. İqtisadi sahədə biz öz işimizlə hesab edirəm ki, bölgədə gedən regional əməkdaşlığa da müsbət təsir göstərir. Bir çox hallarda nəhəng regional layihələrin - enerji, nəqliyyat layihələrinin təşəbbüskarı Azərbaycan olmuşdur və əsas iqtisadi riskləri də öz üzərinə götürmüşdür. Deyə bilərəm ki, bizim bütün təşəbbüslərimiz - iqtisadiyyatla, enerji ilə, nəqliyyatla bağlı layihələrimiz uğurla nəticələnir, bir dəfə də olsun uğursuzluq olmamışdır və əminəm ki, olmayacaq".


Prezident qeyd edib ki, Azərbaycan hazırda iqtisadi, siyasi cəhətdən müstəqil bir ölkədir, müstəqil xarici siyasəti var: "Bu siyasət dünyanın əksər ölkələri tərəfindən dəstəklənir və bu sözləri əyani şəkildə təsdiqləmək üçün sadəcə olaraq demək istəyirəm ki, Azərbaycan bir neçə il bundan əvvəl BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və gənc müstəqil Azərbaycan 155 ölkənin dəstəyi ilə bu mötəbər təşkilata üzv olmuşdur. Yəni, bu da bizim dünyadakı rolumuzu, müstəqil xarici siyasətimizi əks etdirir. Çünki dünya birliyinin böyük əksəriyyəti bizə inanır və öz səsini verməklə bizə öz dəstəyini göstərmişdir".


Dövlət başçısı hesab edir ki, əgər hər bir ölkə müstəqil xarici siyasət aparsa, onda dünyada müharibələr də az olar, anlaşılmazlıq da azalar: "Hər bir ölkə o biri ölkəyə hörmətlə yanaşmalıdır. Hər bir ölkə o biri ölkənin seçiminə də hörmətlə yanaşmalıdır. Beynəlxalq müstəvidə həm dinlərarası dialoq, humanitar sahə - bütün bunlar bir-biri ilə bağlıdır. Burada əyləşən nümayəndələr, 60-dan ölkədən gələn qonaqlar müxtəlif ölkələri təmsil edirlər. Amma biz bir yerdə yığışırıq, müzakirə edirik, çalışırıq ki, yol tapaq ki, dünyada gedən prosesləri daha çox müsbət tərəfə istiqamətləndirək. Çünki bu gün gedən proseslər çox narahatedici proseslərdir. Həm müsəlman aləmində, həm Avropada radikalizm, ayrı-seçkilik, irqçilik artır. Bu tendensiyaları biz görürük və bunu narahatlıqla izləyirik".

Dövlət başçısı bildirib ki, bu günlər ərzində Bakıda bu tendenisiyaların qarşısını almaq üçün görüləcək işlərin müəyyənləşdirilməsinə çalışılacaq: "Əsas məsələ bundan ibarətdir. Çünki biz sivilizasiyalararası dialoqdan söhbət açırıq, amma eyni zamanda, bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamafobiyadır, antisemitizmdir. Biz bu təhlükəli tendensiyalara qarşı öz səsimizi ucaltmalıyıq".


İlham Əliyevin sözlərinə görə, əlbəttə ki, bunu ilk növbədə dövlətlər etməlidirlər, amma eyni zamanda, dövlətlərin siyasətini böyük dərəcədə hər bir cəmiyyətin siyasi və ictimai-elmi elitası müəyyən edir, ictimai rəy müəyyən edir: "Heç bir dövlət və hökumət başçısı ictimai rəyi nəzərə almaya bilməz, ona məhəl qoymaya bilməz. Ona görə hesab edirəm ki, birgə səylərimizlə biz bu məsələləri açmalıyıq, danışmalıyıq, narahatedici məsələlər ətrafında öz fikirlərimizi bildirməliyik, lazım gəldikdə irad tutmalıyıq. Biz tərəfdaş kimi, dost kimi bu məsələlərə öz fikrimizi bildirməliyik".


Prezident qeyd edib ki, Azərbaycan çalışır ki, bölgədə regionla əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq güclənsin: "Bizim buna imkanımız var. Çünki bizim keçmişimiz imkan verir ki, bu məsələlərə böyük diqqətlə yanaşaq. Biz bu məsələləri bilirik. Çünki həm Azərbaycan özü çoxmillətli, çoxkonfessiyalı ölkədir, həm bizim keçmişimizdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamışdır, həm bu gün biz, qeyd etdiyim kimi, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi bu missiyanı öz üzərimizə götürmüşük. Biz istəyirik ki, daha da çox əməkdaşlıq olsun, daha da çox qarşılıqlı anlaşma olsun. Öz rolumuzu bundan sonra da bunda görürük. Müsəlman aləmində gedən xoşagəlməz proseslər bizi çox narahat edir, çünki biz müsəlman aləminin bir parçasıyıq. Bu gün müharibələr, qanlı toqquşmalar demək olar ki, ölkələri məhv edir. Bu, çox ciddi prosesdir. Buna biz təcrid edilmiş proses kimi baxa bilmərik. Müasir dünyada biz hamımız bir-birimizlə bağlıyıq. Eyni zamanda, Avropa qitəsində miqrantlara qarşı münasibətin pisləşməsi, "multikulturalizm iflasa uğrayıb" kimi bəyanatların verilməsi və ayrı-seçkiliyə meyilli olan siyasi qüvvələrin daha da böyük səs toplaması, əlbəttə ki, bizim hamımızı narahat etməlidir. Yenə də deyirəm, bu Forumun keçirilməsi də bu məqsədi güdür".

Sizin Reklam Yeriniz