Əlaqə Arxiv
news Image
2014.10.09
19:50
| A A A
Ceyms Uorlik Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşəcək

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi ilə görüşü nəzərdə tutulur. Bu barədə APA-nın sorğusuna cavab olaraq ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.Səfirliyin mətbuat xidməti C. Uorlikdən sitat gətirib: "Mən yenidən Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşməyi səbirsizliklə gözləyirəm. Həmsədrlər bundan əvvəl Bakıya təşkil olunmuş səfərdə onlarla görüşmüşdülər və mən inanıram ki, biz açıq dialoqu davam etdirə bilərik. Mən münaqişədən zərər görən istənilən qrupla görüşməyə hazıram və münaqişəni sülh yolu ilə həll etmək üçün əlaqə saxladığımız insanların fikirlərini eşitmək imkanını yüksək qiymətləndirirəm".

C. Uorlikin Bakıya səfəri və Dağlıq Qarabağın azərbaycanlı icması ilə keçirəcəyi görüşün vaxtı barədə məlumat verilməyib."Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov isə APA-ya deyib ki, sonuncu dəfə həmsədrlərlə görüş üç ay əvvəl olub: "Ümumiyyətlə, bu görüşlər çox zaman nəticəsiz keçib. Onların fəaliyyətindən narazıyıq. Nə qədər ki, biz öz evimizə qayıtmamışıq, razı olmayacağıq. İstəyirik ki, ilk növbədə qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələsi qabardılsın".

B. Səfərov C. Uorlikin bu yaxınlarda "Dağlıq Qarabağın de-fakto rəhbərliyinin səsini eşitmək lazımdır" sözlərinə də toxunub: "Bizim də səsimiz eşidilməlidir. Amma təəssüf ki, həmsədrlər tərəfindən bu istiqamətdə yetərincə səy görmürük. İcmaların görüşü barədə məsələ gündəmdə idi. Biz bunu çox istəyirik, rəsmi Bakı da dəstəkləyir. Hələ bu cür görüşlər baş tutmur, çünki Ermənistan hakimiyyəti əngəllər törədir. Əgər Ceyms Uorlik bizimlə görüşmək istəyirsə, əvvəlcədən demək istərdim ki, bizim mövqeyimiz dəyişməz qalır və Azərbaycanın siyasətini dəstəkləyirik. Həmsədrlər qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıtmasını gündəmdə saxlamalıdır".

Sizin Reklam Yeriniz