Oktyabrın 12-də tarixi Azərbaycan torpaqlarını ikiyə bölən
"Gülüstan" müqaviləsinin ildönümüdür. Ötən müddətdə Azərbaycan
tarixi torpaqlarının 80 faizini itirib. Tarix – tarixdir. Vaxtilə
baş verənlərə millətimiz nə qədər təəssüflənsə də, sonradan
səhvləri düzəltmək çox çətin olur. Millətimizin aqibətində bir
olmaq, bütövləşmək imkanı həmişə olub, ancaq bu imkanımıza yetə
bilməmişik.
Tarix boyunca başımıza gələn çoxsaylı faciələrin içərisində artıq
200 illik müddətdə Azərbaycan-Türk xalqını iki yerə ayıran
"Gülüstan" dəhşətli hadisəyə şahidlik edib.
"Gülüstan" müqaviləsi ilə fars və rus hegemonluğuna, işğalçılığına
qarşı dura bilməyən ulusumuzun aqibətinə hələlik davam edən əbədi
ayrılıq, parçalanma yazıldı. Farslarla ruslar torpaqlarımızı
aralarında dədə malı kimi böldülər. 410 min kvadrat kilometrlik
ərazisi olan dövlətçilik imkanımız, tarixi ərazilərimiz əlimizdən
çıxdı. "Gülüstan" müqaviləsindən sonra ardıcıl olaraq Azərbaycan
böyük faciələrə tuş gəlməkdədir. Müqavilədə bircə dəfə də olsun,
"Azərbaycan" adına rast gəlinmir. Rusiya və İran yurdumuza
sahiblənmək üçün bir-birini didsələr də, sonda törətdikləri
cinayəti gizlətmək üçün Azərbaycanın adını bilərəkdən müqaviləyə
salmayıblar. Sanki bölüşdürdükləri Azərbaycan torpaqları deyilmiş.
11 maddədən ibarət müqavilə ilə bölüşdürülən, parçalanan yurdumuzda
– öz aralarında düşmənçiliyə son qoymaq üçün iki istilaçı ölkə
bundan sonra əbədi dostluq şəraitində yaşayacaqlarına söz
verdilər.
***
"Gülüstan" sülhünün şərtlərinə görə, Talış, Şirvan, Quba, Bakı,
Gəncə, Qarabağ, Şəki xanlıqları Rusiya imperiyası tərkibinə
qatıldı. Beləliklə, Bütöv Azərbaycan iki yerə parçalandı.
Azərbaycandan, yəni məğlub xalqdan heç kəs orada iştirak etmədi.
Abbasqulu Bakıxanov isə həmin müqavilə imzalanan vaxt Rusiya
dövlətinin nümayəndə heyətinin tərkibində sadəcə, tərcüməçi
vəzifəsini yerinə yetirirdi. Olduqca fəlakətli, utancgətirən
məqamdır. Hər bir Azərbaycan vətəndaşı yurdumuzun necə tikə-parça
olduğunu bilməlidir.
"Gülüstan" faciəsini yaradan səbəblər nə idi? Başlıcası, Türk
xalqının bir olmaması! Tarixən qılınca sarılan, ancaq idrakının
gücünə arxalanmayan türkləri dünya təkləyə bildi. Şah İsmayıl
Xətayinin ölümündən sonra onun qurduğu dövlət yavaş-yavaş
farslaşmağa üz qoydu, Şah Abbasın çağında farsçılar istəklərinə
çatdılar. Azərbaycanı bu faciəyə gətirib çıxaran ən başlıca
səbəblərdən biri o dövrdə vahid dövlət əvəzinə xanlıqlar şəklində
mövcudluğumuz idi. Azərbaycanı bir əldə birləşdirən güc olmadı,
təəssüf ki, meydana çıxmadı. Üstəlik, xanlıqların balaca maraqları
(tayfaçılıq, bölgəçilik, hakimiyyətçilik) ucbatından birlik
alınmadı. "Gülüstan"ın yaranmasının ən başlıca səbəbi isə Türk
xalqlarını siyasi, iqtisadi, mənəvi baxımdan birləşdirəcək İnamın –
dünyabaxışın olmaması idi. Hətta Azərbaycan xanları Gəncə xanı
Cavad xanın başına gələn faciədən sonra da ayılmadılar. Təəssüf ki,
tarixin çox dönəmlərində türklər arasında birlik olmayıb. Babək
dövründə, eləcə də sonrakı əsrlərdə, xüsusən Səfəvilər dönəmində
türklərin biri-birinə yadlığının acı nəticələrini görmək mümkündür.
Bu dövrdə Rusiya artıq bir əsrə yaxın idi ki, imperiya kimi
qurulmuşdu, əməlli-başlı oturuşmuşdu. Anlayırdı ki, uzun müddət
ayaqda qalması üçün ona yeni-yeni torpaqların işğalı gərəkdir.
***
İmperiyaçılıq – fürsətcillikdir, qətiyyən insaniliyə, vicdana,
mərhəmətə əsaslanmır. Yurdumuzda, bölgədə erməni məsələsinin
tüğyanı "Gülüstan" faciəsi ilə başlandı. Erməni məkri rus
imperializminin işinə gözəl yaradı, bu gün də yarımaqdadır. Bu
dönəmdə İran da güclənirdi. Azərbaycan aqibəti "Gülüstan" adlı
andlaşmaya birdən-birə gəlib çıxmadı. Heç bir faciə birdən-birə
yaranmır. Xəlqi faciələri mahiyyətcə fərdi faciələr
yaradır.Yüzillərlə babalarımızın buraxdığı səhvlər bir yerə yığışdı
və "Gülüstan" faciəsi yarandı. "Gülüstan" Türkmənçayın faciəvi
başlanğıcı oldu. İllərdir Azərbaycan ictimai mühitini müşahidə
edirəm: demək olar, aydınlarımız "Gülüstan" və "Türkmənçay"
faciələri mövzusunda danışmır, yazmırlar. Azərbaycanın tarixi
torpaqlarının işğal olunaraq Rusiya və İran arasında
bölüşdürülməsinə hələ də Azərbaycan mətbuatında, ümumiyyətlə,
KİV-lərdə əsasən soyuq və laqeyd münasibət davam etməkdədir. Əgər
millət öz tarixi keçmişinə sayğı və qayğı ilə yanaşmırsa, buraxdığı
səhvlərdən dərs almırsa, deməli, bütün hallarda sabahını tam mənası
ilə qura bilməz. Bu gün hər birimiz dünyanın qabaqcıl millətlərinin
necə böyük uğurlara çatdıqlarından heyrətlə danışırıq. Unuduruq ki,
onlar bütün bunlara ardıcıl inadla, çox hallarda başqalarının
tarixi səhvlərindən dərs almaqla, bəhrələnməklə çatıblar.
Azərbaycanın yurd bölünmüşlüyü fəlakəti barədə ilk növbədə
ziyalılarımız car çəkməlidirlər. Milli mənafe şəxsi mənafedən heç
bir halda aşağı ola bilməz. Ancaq aydınlarımız çox hallarda
dedikləri kimi yaşaya bilmir, sözlə iş birliyini pozurlar.
Gurultulu sözlərin arxasındakı milli əməlçilik görünmür. Dərindən
fikirləşməliyik. Görəsən, Azərbaycanın "bölünmüş xalq" statusunu
dünyaya necə anlatmalıyıq? Başqa yandan da siyasi dünya
Azərbaycanın durumunu, tarixi keçmişini, harada səhv etdiyini,
nələri itirdiyini çox gözəl bilir.
***
Ümumiyyətlə, yağılarımız bizi bizdən də yaxşı tanıyırlar. Biz isə
hələ də tarixi düşmənlərimizi yaxşı tanımamışıq. Bircə faktı
diqqətə çatdıraq. 1945-ci ildə Azərbaycanın Güneyində Pişəvərinin
başçılığı ilə hökumət quruldu, ancaq bir ildən sonra amansızcasına
boğuldu, soydaşlarımıza divan tutuldu. Belə bir çağda yaradılan BMT
qarışıq məqamları "qanuniləşdirdi". Bir yandan millətlərin hər
birinin öz müqəddəratını təyin etmək hüququ qorunur, başqa yandan
hər bir dövlətin ərazisinin toxunulmazlığı təsbit edilir.
Azərbaycanın Quzeyinin SSRİ əsarətində olduğu bir dönəmdə səsimizin
çıxmağı mümkün deyildi. Ancaq bu gün müstəqilliyimizin 21 yaşının
tamamında da sözügedən məsələlərə çox hallarda susqun münasibət
bəsləməyi üstün tuturuq. Çoxu deyir ki, Qarabağ dərdimizin olduğu
bir çağda Güney Azərbaycan dərdindən danışmaq yersizdir. Türk
dünyası Güney dərdimizə bələdlik səviyyəsində belə hələ yanaşmır.
Qardaş Türkiyədə bu mövzuda adda-budda kitablar çıxsa da, ciddi
yanaşma hiss olunmur. Bu tarixi fəlakətin özümüzə bilgi
səviyyəsində belə tam aydın olmasını da öz əlimizlə əngəlləyirik.
Çağdaş dünya siyasətində bölünmüş xalqlara münasibət ikilidir. SSRİ
dağılanda Almaniya birləşdirildi. Görəsən, bu gün dünyada bölünmüş
xalqlar içərisində Azərbaycan türkləri kimi 200 ildir ki, ayrılıq
əzabını dadan varmı? Dərinə gedəndə Şimali və Cənubi Koreyanın
birləşməməsi bu xalq üçün dəhşətli fəlakət deyil. Baxmayaraq ki, bu
birləşməyə də əngəl törədilir. Ancaq Bütöv Azərbaycanın yaranması
dünyaya qətiyyən sərf eləmir. Siyasi dünya Azərbaycanın bütövlüyünü
özünün ağalıq iddialarına qarşı ən böyük əngəl hesab edir.
Azərbaycanın bütövləşmək istəyi qarşısıalınmaz olduğu dərəcədə bu
istəkdə, milli iddiada, haqda olan hər birimizdən gərgin, ardıcıl
axtarışlarla dolu millətsevər həyatı yaşamaq tələb olunur.
Hadisələrin gündən-günə gərginləşdiyi bir çağda Bütöv Azərbaycan
idealının ABŞ-İran qovğası selində gerçəkləşəcəyi təbii olaraq baş
vermədi: çünki türkə qarşı bir-birinə düşmən olanlar da
birləşirlər. Azərbaycan dərdinin həll olunması bir günün işi deyil.
Hər şeydən qabaq siyasi gedişat bizdən daha təpərli, ayıq, yetkin
fərdlər olaraq meydana çıxmağımızı tələb edir. Hətta istədiyimiz
səviyyədə fərdlər yetişəsə belə, Azərbaycanın birliyi müəyyən
dövrün nəticəsi kimi gerçəkləşə bilər...
***
Tarix boyunca Azərbaycanın başına gələn faciələrin sayını artıq
unutmuşuq. Ancaq sözün əsl mənasında bir millət olaraq
mövcudluğumuzu təsdiq etmək istəyiriksə, o zaman faciələrimizi
dərindən bilməli və dərs almalıyıq. Faciəsini unudan millət var
olmur.Türklərin tarix boyunca faciələrlə üz-üzə qalması zaman-zaman
dünyanın türkü sevməməsilə bağlıdır. Azərbaycanın başına gələn
faciələr bütün Türk Dünyasının faciəsi hesab olunmalıdır.
"Gülüstan"ın ardınca gələn "Türkmənçay" müqaviləsi ilə
Azərbaycanımızın Arazın güneyindəki 210 min kv.km ərazisi İrana,
130 min kv.km. ərzisi isə Rusiyaya qatıldı. Türkmənçay müqaviləsi
Azərbaycan Türklərinin vahid tarixi torpaqlarının parçalanması
demək oldu. Həmin ədalətsiz bağlaşmadan sonra indi də özümüzə gələ
bilmirik.
"Türkmənçay" müqaviləsi bir xalqın ruhuna, mənliyinə edilən amansız
təcavüzün, yırtıcılığın davamı idi. Bu müddətdə türk xalqlarının
başına çoxlu fəlakətlər gəldi. Nə qədər ki, Bütöv Azərbaycan
yoxdur, mahiyyətcə Türk Dünyasını xilası da olmayacaq. Türk xaqları
bunu gözəl anlamalıdırlar. Əlbəttə, burada ilk növbədə özümüz
məsuliyyətimizi anlamalıyıq. Əgər bu gün Azərbaycanın hər bir
vətəndaşı, ilk növbədə isə türklər xalqımızı iki yerə bölən
"Gülüstan" və "Türkmənçay" fəlakətləri ilə bağlı geniş bilgiyə,
eləcə də bundan çıxan məntiqi nəticəyə malik deyillərsə, o zaman
itirdiklərimizin ölçüsü, mənəvi fəlakətlərimizin sayı daha da
artacaq.
***
"Türkmənçay" müqaviləsi Azərbaycan türklərinin şərə qarşı inadcıl,
bütöv mübarizəsinin olmaması üzündən baş tutdu. Əgər o zaman sözün
böyük anlamında birliyə nail olsaydıq, bu fəlakət başımıza
gəlməyəcəkdi. Bir millət olaraq dərdlərimiz çoxdur. Ancaq hər halda
dünyanın sonu da deyil. Başımıza gələnlər bizə onu deyir ki, bundan
sonra qətiyyən çaşmaq, sarsılmaq olmaz. Dövlətçilik ənənəmizi
dəyərləndirməli, qədimliyimizlə, olmuşlarla yanaşı, həm də
ömrümüzdə daim yeni-yeni ümidli üfüqlər yaratmalıyıq.