Əlaqə Arxiv
news Image
2014.10.14
15:42
| A A A
2015-ci ilin dövlət büdcəsində neftin qiyməti 90 dollardan hesablanıb

2015-ci ilin neft gəlirləri xam neftin 1 bareli üçün 90,0 ABŞ dolları ilə, manatın məzənnəsi isə 0,784 manat olmaqla hesablanıb.

Bu barədə məlumat Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrində əks olunub.

 

2014-cü ilin dövlət büdcəsi ilə müqayisədə 2015-ci ildə neftin qiymətinin 10 dollar az götürülməsi dünya bazarında qara qızılın ucuzlaşması ilə əlaqələndirilir.

 

Təqdimatda bildirilir ki, hazırda dünya bazarında neftin qiymətinin aşağı düşməsinə təsir edən amillərdən biri dünyanın ən böyük neft idxalçısı olan ABŞ-ın öz karbohidrogen hasilatını 29% artırması (gündəlik 11,5 mln. barel) və ölkəyə cari ilin əvvəlindən başlayaraq 71% neft idxalını azaltmasıdır. Layihədə qeyd olunub ki, ABŞ ötən il təbii qaz idxalını dayandırıb, hazırda isə neft idxalını da azaltmağa çalışır.

 

Bununla yanaşı, Avropa Birliyi ölkələrində iqtisadiyyatın zəif inkişafı bu məkanda da neftə olan tələbatın aşağı düşməsinə səbəb olub. Belə olan halda, enerji resurslarının ixracının artmasına yönələn istiqamət Şərqi Asiya (Çin, Hindistan) ölkələridir. Lakin bu ölkələrdə də iqtisadi artım sürəti ötən dövr ərzində proqnoz göstəricilərindən aşağı düşüb ki, bu da son dövrlərdə neftin qiymətinin davamlı olaraq aşağı düşməsinə təsir edən amillərdən hesab olunur. Eyni zamanda, Yaxın Şərqdə və neftin hasilatı ilə məşğul olan bir sıra ölkələrdə geosiyasi stabilliyin olmaması (Qəzza bölgəsi, "İŞİD"in fəaliyyəti, Liviyada baş verən münaqişələr, Suriyada davam edən müharibə və s.), habelə İrana tətbiq edilən sanksiyaların aradan qaldırılmaması neftin qiymətinin yüksək səviyyədə qalmasını şərtləndirməkdədir.

 

Lakin bu proseslərin tədricən stabilləşməsi neftin qiymətinin aşağı düşməsinə təsir edəcək. Şübhəsiz ki, dünyada qeyri-stabil geosiyasi proseslərin davam etməsi, bəzi dövlətlərin qarşılıqlı surətdə tətbiq etdikləri sanksiyalar dünyada iqtisadi inkişafın sürətinin zəifləməsinə və dünya iqtisadiyyatına inteqrasiya olunmuş Azərbaycanın da xarici iqtisadi əlaqələrinə təsir göstərməyə bilməz.

 

Təqdimatda göstərilir ki, Ukraynada gedən proseslər və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar MDB-nin üzvü olan ölkələrin iqtisadiyyatlarına, xüsusilə Rusiya ilə eyni ittifaqa daxil olan Belorusda və Qazaxıstan iqtisadiyyatlarına mənfi təsir göstərməkdədir. 


Sizin Reklam Yeriniz