Əlaqə Arxiv
news Image
2014.10.14
17:56
| A A A
Bakıda 67 min uşaqda müxtəlif xəstəliklər aşkarlanıb
"Uşaqlar arasında ən çox rast gəlinən xəstəlik tənəffüs üzvlərinin, yenidoğulmuşlarda isə həzm sistemlərinin xəstəlikləridir". Movqe.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı, Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bu gün keçirilən mətbuat konfransında deyib. Baş pediatr uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər barədə danışıb. Onun sözlərinə görə, aparılan işlərin ilkin müqayisəsi göstərir ki, tibbi müayinədən keçirilən uşaqlar arasında daha çox tənəffüs üzvlərinin, həzm sistemlərinin xəstəliklərinə, virus və yoluxucu xəstəliklərə rast gəlinir. Daha sonra çıxış edən Baş Səhiyyə İdarəsinin müdir müavini Rauf Nağıyev, Bakı şəhərində yaşayan 67 min uşaqda müxtəlif xəstəliklər aşkar edildiyini söyləyib. Onun sözlərinə görə, paytaxtda uşaq əhalisinin sayı  682 mindən çoxdur: "Onların böyük əksəriyyəti icbari dispanserizasiyaya cəlb edilib. Müayinəyə cəlb olunan uşaqlardan 12%-də, yəni 67 minində müxtəlif xəstəliklər aşkar edilib. Uşaqların 16 mini tam sağalıb və dispanser qeydiyyatdan çıxarılıb. Digər uşaqların isə müvafiq müayinələri davam etdirilir".

R.Nağıyev qeyd edib ki, uşaqlar icbari müayinənin aparılması valideynin məsuliyyətindən asılıdır. Onun sözlərinə görə, bu gün paytaxtda 80-ə yaxın tibb məntəqəsi lazımi avadanlıqlarla təmin olunub və uşaqların icbari dispanserizasiyası aparılır.


Sizin Reklam Yeriniz