Əlaqə Arxiv
news Image
2014.10.16
11:50
| A A A
Dayə və cangüdənlər niyə lisenziyadan imtina edir?

Ölkədə elə xidmət sahələri var ki, həmin sahələrdə çalışan insanların sayı günü-gündən artsa da, onların vergiyə cəlb olunaraq qeydiyyata salınması problemi bu günədək həllini tapmayıb. Dəfələrlə Milli Məclisdə dayə,təmizlik, usta və sair bu kimi işlərdə çalışan insanların qeydiyyata salınaraq lisenziya ilə işləməsi məsələsi gündəmə gəlsə də, bununla bağlı edilən təkliflər təklif olaraq qalıb. Bu barədə Movqe.az-a danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov Movqe.az-a açıqlamasında bildirib ki, sözügedən sahələrdə çalışan şəxslərin lisenziya almadan işləməsi təkcə dövlət büdcəsinə deyil, onların gələcəkdə pensiya təminatına da təsir edəcək: "Öncə qeyd edim ki, qeydiyyata düşməyərək, əmək müqaviləsiz işləyən şəxslərin lisenziya almadan işləmələri, onların özünə zərər verir. Çünki onların əmək hüquqlarını qorumaq olmur. Amma problem təkcə bununla bitmir. Onlar sosial sığorta ödənişi etmədiklərindən, gələcəkdə yüksək həddə pensiya almaq şanslarını da itirirlər. Bu onların özünə dəyən zərərdir. Amma lisenziya almadan müxtəlif xidmət sahəsində çalışanların işsiz kimi qeydiyyata düşməsi, ölkədə real işsizliyin səviyyəsini dəqiq statistika ilə müəyyənləşdirməyə də çətinlik yaradır".

Ş. Xələfov deyir ki, amma müxtəlif xidmət sahələrində çalışanları birmənalı şəkildə lisenziyasız işləməkdə günahlandırmaq da düzgün deyil. Çünki, rəis müavini lisenziya alaraq işləməyin şərtlərinin həmin xidmət sahələrində çalışanların əmək haqqı ilə tərs-mütənasib olduğunu deyir: "Gəlin birmənalı şəkildə onları qınamayaq ki, niyə lisenziyasız fəaliyyıt göstərirsiniz. Nəzərə almaq lazımdır ki, onlar lisensiya aldıqda fəaliyyətləri, gəlirləri ilə bağlı müəyyən hüquqi prosedurları həyata keçirməlidirlər. Dayə və gangüdənlər belə olan halda vaxtı-vaxtında gəlirləri ilə bağlı hesabat göndərməli, özlərinə mühasib tutmalıdırlar. İndi gəlin görək aya 300-350 manat maaşa işləyən dayənin mühasib tutmağa imkanı çatırmı? Təbii ki, verilən cavab "yox" olacaq. Məhz bu səbəbdən də biz sözügedən xidmət sahələrində çalışanların lisenziya şərtlərinin yumşaldılması ilə bağlı Milli Məclisə təkliflər vermişdik. Həmin təkliflərdə nəzərdə tutulurdu ki, həmin xidmət sahələrində çalışanların qeydiyyat məsələsi sadələşdirilsin. Biz təklif vermişdik ki, həmin şəxslər sadəcə hər ay aldıqları əmək haqqından müəyyən məbləğdə sosial sığorta ödəsinlər. Olardan rüblük, illik hesabat tələb edilməsin. Bu onların yaşlaşdıqda təminatlı pensiya almalarına, ölkədə işsizliyin real statistikasını çıxartmağa kömək olardı. Hazırki lisenziya şərtləri ilə hesabat tələbi bu xidmət sahələrində çalışanlara sərf etmədiyindən, onlar heç bir quruma işlədikləri barədə məlumat vermir, işsiz kimi qeydiyyatda qalırlar. Bu isə ünvanlı sosial yardımın ayrılması və təyinatında da çətinliklərə səbəb olur".      

Qeyd edək ki, şəxsi sürücülərin, cangüdənlər və dayələrin, eləcə də bu kimi xidmət sahələrində çalışanların vergiyə cəlb olunması məsələsi dəfələrlə Vergilər Nazirliyi tərəfindən gündəmə gətirilib. Nazirlikdə hesab edirlər ki, əsas məsələ bu peşənin sahiblərinin ödədiyi verginin məbləği deyil. İnsanlar bu işçilərə öz əmlaklarını, hətta övladlarını həvalə etdiyinə görə, onların qeydiyyata alınması vacibdir. Və bu işdə məhz işəgötürənlər özləri maraqlı olmalıdır. Vergilər Nazirliyi fərdi əməklə məşğul olan şəxslərin, daha dəqiqi şəxsi sürücülərin, cangüdənlərin, xidmətçilərin, o cümlədən, dayələrin uçota alınması və vergiyə cəlb edilməsi üçün bu insanların xidmətlərindən istifadə edən vətəndaşlara müraciət edib. 

Vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirib ki, şəxsi sürücülərin, cangüdənlərin, xidmətçilərin və digər növ fərdi əməklə məşğul olan insanların vergiyə cəlb edilməsində bəzi çətinliklər var. Əsas çətinlik ondan ibarətdir ki, bu insanlar şəxsi mülkiyyətdə xidmət göstərdiklərindən, qanunvericilik isə Vergilər Nazirliyinin əməkdaşlarına şəxsi əmlaka daxil olmağa icazə vermədiyindən onların uçotunu aparmaq çətin olur. Natiq Əmirov onu da qeyd edib ki, insanlar bu işçilərə öz əmlaklarını, hətta övladlarını həvalə etdiyinə görə, onların qeydiyyata alınmasında işə götürənlər özləri maraqlı olmalıdırlar. Xüsusilə son vaxtlar dayələrlə bağlı baş verən xoşagəlməz hadisələr bunun nə qədər zəruri olduğunu sübut edib. O, həmçinin onlara qeydiyyata alınmalarına görə hər cür əməli kömək etməyə hazır olduqlarını da bildirib. 

Sizin Reklam Yeriniz