Əlaqə Arxiv
news Image
2014.10.16
19:11
| A A A
Azərbaycanın icmal büdcəsinin gəlirləri 22 milyard dolları ötüb

Cari ilin 9 ayında icmal büdcənin gəlirləri 17,73 milyard manat icra edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 817,4 milyon manat və yaxud 4,8 faiz çoxdur. İcmal büdcənin xərcləri 14,65 milyard manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 265,6 milyon manat və yaxud 1,8 faiz coxdur. Movqe.az xəbər verir ki, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin 2014-cü ilin 9 ayında dövlət büdcəsinin icrasına (operativ) dair yaydığı məlumatda deyilir. 2014-cü ilin 9 ayında dövlət büdcəsinin mədaxili 101,2 faiz icra edilərək 14,07 milyard manat, xərcləri isə 12,694 milyard manat olub, 1,38 milyard manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 101,8 faiz icra edilməklə dövlət büdcəsinə 5,324 milyard manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 394 milyon manat və yaxud 8 faiz çoxdur. Həmin vəsaitin 58,3 faizi və yaxud 3,107 milyard manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 376 milyon manat və yaxud 13,8 faiz çoxdur.

2014-cü ilin 9 ayında Dövlət Gömrük Komitəsi proqnoza 100,1 faiz əməl edərək büdcəyə 1,13 milyard manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz və yaxud 123,2 milyon manat çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 155 milyon manat təşkil edib. Sair daxilolmalardan nəzərdə tutulan 27,1 milyon manata qarşı büdcəyə 56,6 milyon manat və yaxud proqnoza nisbətən 2,1 dəfə çox vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 milyon manat və yaxud 16,7 faiz çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 7,4 milyard manat vəsait transfert edilib. İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 31,7 faizi və yaxud 4,2 milyard manatı sosial yönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz və yaxud 521,4 milyon manat çoxdur.

Funksional təsnifata uyğun olaraq 2014-cü ilin doqquz ayında ötən ilin eyni dövrü ilə müqayisədə mənzil və kommunal təsərrüfatı xərclərinə 24,6 faiz (51,0 mln. manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətlə əlaqədar xərclərə 16,0 faiz (29,7 mln. manat), müdafiə xərclərinə 15,2 faiz (141,6 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına 10,7 faiz (71,9 mln. manat), səhiyyə xərclərinə 9,2 faiz (37,8 mln. manat), sosial müdafiə və sosial təminat xərclərinə 8,4 faiz (113,6 mln. manat), təhsil xərclərinə 8,0 faiz (70,4 mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə isə 4,2 faiz (14,8 mln. manat) çox vəsait yönəldilib.

Cari ilin 9 ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 1,401 milyard manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 2,729 milyard manat vəsait yönəldilib.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 44,4 milyon manat vəsait sərf edilib. Dövlət büdcəsinin xərcləri cari ilin iyul-sentyabr ayları üzrə 3,969 milyard manat icra olunub.

Sizin Reklam Yeriniz