Əlaqə Arxiv
news Image
2014.10.17
18:30
| A A A
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib - FOTO

Bu gün Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Şuradan Movqe.az-a verilən məlumata görə, iclasda Gəncə Ağır Cinayətlər Məhkəməsinin "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində, həmçinin "Azpolitika.info" saytında 2014-cü ilin əvvəlindən başlayaraq gedən bir sıra materiallarla bağlı müraciətinə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İqbal Məmmədovun "dia.az" saytı ilə əlaqədar şikayətinə baxılıb,  "pia.az" saytının fəaliyyətindəki narazılıq doğuran cəhətlər ətrafında müzakirələr aparılıb. İclasda öncə deputat İqbal Məmmədovun "dia.az" saytı ilə əlaqədar şikayəti araşdırılıb. Şikayətlər üzrə Komissiya müzakirələrdən sonra belə rəyə gəlib ki, məsələnin Şuranın "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasında araşdırılması zərurəti yaranır. Eyni rəy "Pia.az" saytı barədə də çıxarılıb.  İclasda müzakirə edilən sonuncu məsələ Gəncə Ağır Cinayətlər Məhkəməsinin "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində, həmçinin "Azpolitika.info" saytında 2014-cü ilin əvvəlindən başlayaraq gedən bir sıra materiallarla bağlı müraciəti olub. Cavabdeh tərəf qismində "Yeni Müsavat" qəzetinin hüquqşünası Vaqif Hüseynov və "Azpolitika.info" saytının rəhbəri Elnur Məhərrəmli iştirak edib. Onların hər ikisi məsələ ilə bağlı mövqelərini bildiriblər. MŞ-nin Şikayətlər üzrə Komissiyası materialları araşdıraraq belə rəyə gəlib ki, hər bir kütləvi informasiya vasitəsi istənilən mövzunu, o cümlədən məhkəmə proseslərini işıqlandırmaqda sərbəstdir. Qeyd olunub ki, məhkəmə prosesi ilə bağlılığı olan şəxs və ya şəxslər bu və ya digər ictimai əhəmiyyət daşıyan vəzifə sahibləridirlərsə, medianın məsələyə daha çox diqqət yetirməsi anlaşılandır. Mövcud xüsusda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş və dövlət başçısının müvafiq sərəncamı ilə vəzifə səlahiyyətlərinə xitam verilmiş Həsən Əkbər oğlu Əliyevin adı keçən cinayət işinə maraq da təbii qarşılanmalıdır. Şikayətlər üzrə Komissiya Gəncə Ağır Cinayətlər Məhkəməsinin Şuraya ünvanladığı məktubda ifadə olunan narahatlığı da təbii qarşılayır. MŞ narazılıq doğuran materialları təhlil edərək bunu da əsas tutur ki, KİV cəmiyyətdə bu və ya digər məsələ ilə bağlı çaşqınlıq yaratma ehtimalı böyük olan materiallardan uzaq durmalıdır. Komissiya belə rəyə gəlib ki, "Azadlıq", "Yeni Müsavat" qəzetləri və "Azpolitika.info" saytı "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" adlı 3-cü prinsipinin 3.10-cu bəndinin "cinayət əməli törətməsi ilə bağlı şəxsə qarşı ittiham irəli sürülübsə, bu mövzuda məhkəmənin obyektivliyinə təsir göstərəcək reportajlar hazırlanmamalı, hazırlanan reportajlarda isə bütün tərəflərin fikirləri əks olunmalıdır" tələbini pozub. Həmçinin bu tələbin gözlənilməməsi AJPDQ-nın "Həqiqətə xidmət, dəqiqlik və obyektivlik" adlı 1-ci prinsipinin "jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır" tələbinin pozulmasına da səbəb olub. Buna görə də  "Azadlıq", "Yeni Müsavat" qəzetlərinə və "Azpolitika.info" saytına MŞ tərəfindən xəbərdarlıq edilib. 

Sizin Reklam Yeriniz