Əlaqə Arxiv
news Image
2014.10.20
14:30
| A A A
Millət vəkilindən məktəblərdə şagird sıxlığına etiraz
Cəsarət Valehov: “Məktəblərdə siniflərdə şagirdlərin sayının optimallaşdırılması ilə bağlı məsələ nazirliyin diqqətindədir” Gülçöhrə Məmmədova: “Belə halda müəllimlər məcbur olur ki, ümumi sual-cavabla şagirdlərin hansının dərsi mənimsədiyini, hansının mənimsəmədiyini öyrənsin”

Yeni dərs ili başlayandan valideynlər əsasən paytaxtın ümumtəhsil müəssisələrindəki siniflərdə sıxlıqdan, şagirdlərin siniflər üzrə say bölgüsündən narazılıq edirlər. Bakının Binəqədi rayon sakini Günel Təhməsova deyir ki, bu il məktəbə ilk qədəmlərini qoyan övladının təhsil aldığı 1 d sinfində 35 şagird təhsil alır. Valideyn paytaxt məktəblərinin demək olar ki, əksəriyyətində xüsusilə 1-ci siniflərdə şagirdlərin sayının çox olduğundan şikayətlənir.  Həmsöhbətimiz deyir ki, 1-ci siniflərdə şagirdlərin say çoxluğu üzündən, məktəblilərin hamısına müəllim dərsi ətraflı izah edə bilmir. Çünki buna vaxt qalmır. Elə yuxarı sinif şagirdlərinin valideynləri də siniflərdə şagirdlərin say çoxluğundan şikayətlənirlər. Onların sözlərinə görə, yuxarlı siniflərdə tədris proqramı daha çətin olduğundan, şagirdlərə dərsi daha ətraflı başa salmaq üçün, daha çox zaman tələb olunur. Amma valideynlər sinifdə uşaqların say çoxluğunun, müəllimə dərsi qavraya bilməyən şagirdə dərsi yenidən izah etməyə maneə olduğunu söyləyirlər. Elə adının çəkilməsini istəməyən müəllim də valideynlərin bu iradının haqlı olduğunu deyir: "Bir dərs saatı 45 dəqiqədir. Bu vaxt müəllim şagirdlərin dərsi mənimsəmə qabiliyyətlərini qiymətləndirməli, həmçinin də yeni dərs keçməlidir. Amma sinifdə uşağın yarısından belə dərs soruşsan yeni dərsi izah etməyə zaman qalmaz".

Həmsöhbətimiz deyir ki, ibtidai siniflərdə isə vəziyyət daha pisdir: "Misal üçün, 1-cilərlə daha çox məşğul olmaq, dərsi bir-bir şagirdə izah etmək lazımdır. Amma mən özüm şahidi olmuşam ki, ibtidai sinif şagirdlərinə nəinki dərsi tək-tək başa salmağa, heç onların biliklərini belə qiymətləndirməyə vaxt qalmır.Ona görə də, müəllim ümumi sual-cavab etmək məcburiyyətində qalır. Bu isə itər-istəməz dərsin keyfiyyətinə, mənimsənilməsinə təsir edir".

Təhsil Nazirliyinin mətbuat xidməti rəhbəri Cəsarət Valehov isə deyir ki, sinifdə şagirdlərin sayı dərsin tədrisinin və mənimsənilməsinin keyfiyyətinə təsir edə bilməz.  C. Valehovun fikrincə, yaxşı müəllim sinifdə 40 şagird olsa belə dərsi şagirdlərə ətraflı izah edə, onların biliyini qiymətləndirə bilər. Amma bununla belə C. Valehov paytaxtda yaxşı müəllim və yaxşı məktəb amilinin hələ də qalmasının bəzi siniflərdə həddən çox şagird sıxlığına səbəb olduğunu deyir. Onun sözlərinə görə, ölkədə peşəkar müəllimlərin sayı, məktəblərin şəraiti və  imkanları genişləndikcə bu problem aradan qalxacaq.  Amma nazirlik səlahiyyətlisi məktəblərdə siniflərdə şagirdlərin sayının optimallaşdırılması ilə bağlı məsələnin nazirliyin diqqətində olduğunu söyləyir.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova isə bu fikirdədir ki, ümumtəhsil müəssisələrində siniflərdə şagird sıxlığı dərsin keyfiyyətinə, mənimsənilməsinə təsir edə bilər: "Doğrudur, yaxşı müəllim sinifdə çox uşaq olsa belə bunun öhdəsindən gələ, dərsi elə izah edə bilər ki, çox az sayda şagird dərsi başa düşməsin. Amma orta məktəblərdə siniflərdə, ali məktəblərdə isə qruplarda şagird və tələbələrin sayının optimal olması ilə bağlı tələb var. Bu rəqən 25-30 arasındadır. Çox təəssüf ki, indi xüsusilə paytaxtın prestijli məktəblərində şagird sıxlığı yaşanır. Hətta elə müəllimlər var ki, valideyinlər onların sinfinə uşağını qoymaq üçün uzun məsafəni belə qət etməyə razı olurlar. Belə hallar siniflərdə şagirdlərin sıxlığına səbəb olur. Doğrudur, yaxşı müəllim sinifdə 40 şagird olsa belə onlara dərsdə maraq oyatmağa nail olur. Amma gəlin görək orta statistik məktəblərdə orta bilik səviyyəsi olan müəllimlər buna nail ola bilirlərmi? Təbii ki, peşəkar və son dərəcə təcrübəsi olmayanlara sinifdə şagird sayının çoxluğu problem yaradır. Həmin sinifdə dərsi başa düşməyən, dərsi necə qavradığı, mənimsədiyi qiymətləndirilməyən çox sayda şagird qalır. Belə halda müəllimlər məcbur olur ki, ümumi sual-cavabla şagirdlərin hansının dərsi mənimsədiyini, hansının mənimsəmədiyini öyrənsin. Bu isə şagirdlərin biliyinə müəyyən mənada öz təsirini göstərir".   

 

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz