Əlaqə Arxiv
news Image
2014.10.22
14:46
| A A A
Azərbaycanda tarixi seriallar niyə çəkilmir?
Senarist Vüsal Nuru: “. Tarixi serial çəkmək üçün səhnə qurulması, milli geyimlərin alınması xeyli məbləğdə vəsait tələb edir” Nizami Cəfərov: “Əsas olan tarixi, mədəni mövzularda peşəkar senarilərin yazılası, rejissor, aktyor işidir ki, bütün bu problemlər də öz həllini tapmalıdır”

Azərbaycanda serialların səviyyəsi tez-tez müzakirə obyektinə çevrilən mövzu olsa da, serial çəkilişində nəzərəçarpacaq dəyişiklik hələ də müşahidə olunmur. Bu günlərdə  Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli teleseriallarla bağlı daha bir aktual məsələyə, 

serialların məişət mövzusunda çəkiliməsinə  toxunaraq, vətənpərvərlik, milli-mənəvi dəyərlərin kənarda qaldığından şikayətləndi. MTRŞ sədrinin bu iradını haqlı sayan senaristlər telekanallar tərəfindən tarixi, mədəni mövzularda serial çəkilişinin sifariş verilmədiyini söyləyirlər. Məşhur serialların senarisini yazan Vüsal Nuru deyir ki, tarixi, vətənpərvərlik, mədəni mövzularda serial çəkmək üçün külü məbləğdə vəsait tələb olunur: "O qədər vəsait olmadığından, telekanallar daha çox məişət mövzusunda seriallar sifariş edirlər. Tarixi serial çəkmək üçün səhnə qurulması, milli geyimlərin alınması xeyli məbləğdə vəsait tələb edir. Ona görə də, bu mövzulara müraciət edən demək olar ki, yoxdur. Amma biz senaristlərin də arzusudur ki, belə seriallar çəkək". 

Millət vəkili Nizami Cəfərov da MTRŞ sədrinin tövsiyyəsini müsbət qarşıladığını söyləyir: "Bizim Şah İsmayıl Xətaimiz var ki,  çox gözəl yazılmış senari əsasında serial çəkmək olar. Amma çox təəssüf ki, bu xeyli maliyyə tələb edir. Bu gün Türkiyədə belə seriallar çəkilir. Düzdür, o seriallarda da məişət mövzularına, saray intriqalarına  kifayət qədər yer verilsə də, tarixi serial ortaya çıxıb. Əlbəttə, seriallarda da tariximiz, milli düşüncəmiz öz əksini tapmalıdır. Amma gəlin görək bunu çəkməyə telekanallara serial çəkilişi üçün ayrılan vəsait bəs edirmi? Hər iki tərəf haqlıdır. Amma bir şeyi nəzərdən qaçırmaq lazım deyil ki, maliyyənin ayrılması da əsas deyil. Əsas olan tarixi, mədəni mövzularda peşəkar senarilərin yazılası, rejissor, aktyor işidir ki, bütün bu problemlər də öz həllini tapmalıdır". 

Xatırladaq ki, MTRŞ sədri bildirib kiŞ telekanallara tövsiyələr verilir və tövsiyələr də daha çox həm hərbi-vətənpərvərlik mövzusundadır, həm də milli-mənəvi dəyərlərə sadiqlik məsələsindədir: "Hərbi-vətənpərvərlik bir az çətin mövzudur. Çünki bu mövzuda çəkilişlərdə hərbi texnikadan istifadə etmək lazım olduğundan müəyyən çətinliklər yaranır, bizim verdiyimiz vəsait buna bəs etmir. Ancaq teleserialları çəkən qurumların üzərinə böyük məsuliyyət düşür ki, onu elə çəksinlər ki, adi məişət hadisəsində də vətənpərvərlik mövzusu ön planda olsun".

N.Məhərrəmli qeyd edib ki, Azərbaycanda kino sahəsi ilə Mədəniyyət və Turizm Nazirliyi məşğul olur: "Nazirlik kinolar çəkir və həmin kinoların çəkilişində də xüsusi mövzular yer tutur. Serialların adından göründüyü kimi isə, onlar daha çox məişət xaraketrli mövzulara həsr olunur. Azərbaycanda da serialların çəkilişi yenidir və onların da mövzularının seçilməsi sərbəstdir. Hər bir televiziya kanalı hansı mövzuya müraciət edirsə, bu, onların daxili işidir, biz onların işinə qarışmırıq. Seriallar çəkilərkən televiziya kanallarında reytinq məsələsinə baxırlar. Bu da onların müstəqil siyasətidir və biz onlara nəyin necə çəkilməsi barədə göstəriş verə bilmərik. Bizim belə bir səlahiyyətimiz yoxdur".

N.Məhərrəmli əlavə edib ki, əgər MTRŞ televiziya kanallarında gedən verilişlərin məzmununa müdaxilə edə bilmirsə, o zaman serialların da məzmununa müdaxilə edə bilməz.


Sizin Reklam Yeriniz