Gənc nəslin gələcək karyerasının müəyyən edilməsi və
məşğulluğunun təmin olunmasında onların düzgün peşə seçimi xüsusi
önəm kəsb edir. Gənclərin peşə seçimində isə onların valideynləri
fəal rola malikdirlər. Bununla əlaqədar, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin
(DMX) Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən ümumtəhsil
məktəblərində yuxarı sinif şagirdləri və onların valideynlərinin
iştirakı ilə "Düzgün ixtisas seçimində valideynlərin rolu"
mövzusunda peşəyönümü tədbirlərinə başlanıb.
Nazirlikdən AzərTAc-a bildirdilər ki, ilkin olaraq belə
tədbirlər paytaxtın Sabunçu rayonundakı 107, 310, 68 və 259 saylı
orta ümumtəhsil məktəblərində 9-11-ci sinif şagirdləri və onların
valideynlərinin iştirakı ilə keçirilib.
Tədbirlərdə valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox
tələb olunan ixtisas və peşələr, ixtisas və peşələrin gələcək
perspektivləri haqqında ətraflı məlumatlar verilir. Gələcəkdə
uğurlu əmək fəaliyyətinə nail olunmasında düzgün peşə seçiminin və
iş imkanlarının obyektiv qiymətləndirilməsinin vacibliyi, bu
imkanlardan əmək bazarının tələbləri üzrə düzgün və səmərəli
istifadə olunmasının əhəmiyyəti diqqətə çatdırılır. Habelə
şagirdlərə və valideynlərə peşəyönümünə dair məlumat kitabçaları
paylanır, onların sualları cavablandırılır.
Peşəyönümü tədbirlərinin gələn ayın sonunadək və paytaxtın bütün
rayonları üzrə ümumilikdə 55 ümumtəhsil məktəbində keçirilməsi
nəzərdə tutulub.