Movqe.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılər Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Fətvaya əsasən, Hicri-qəməri təqvimilə 1435-ci il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası nəzərinizə çatdırır ki, yeni hicri 1436-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2014-cü il oktyabr ayının 26-na təsadüf edir. Fətvada deyilir ki, Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir: Bu ay Həzrət Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Müsəlman ümmətinin tarixinə kədərli, lakin, eyni zamanda, insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür:
"Məhərrəm ayının 10-u – Aşura günü 2014-cü il noyabr ayının 4-nə
təsadüf edir. Bu münasibətlə bütün dindarlara dərin hüznlə
başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və
İmam Hüseyn əleyhissəlamın əzadarlığının İmamın şəninə layiq
şəkildə keçirilməsini tövsiyə edirik. Aşura mərasimləri
məscidlərdə, ibadət ocaqlarında, habelə icazəli şəkildə ayrılmış
xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla
keçirilməlidir. Kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının
icazəsi olmaqla təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla
şəhidlərinin şəninə xütbələr oxunmalı, Vətənimiz uğrunda şəhid
olanların əziz xatirəsi yad edilməlidir. Təziyə keçirilən
məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq
zəncir, sinə vurmaqla qan çıxarmaq şəriətə uyğun deyil və qınağa
səbəb olur. Əzadarlar özlərinə xəsarət
yetirməməlidirlər".
Fətvada həmçinin bildirilir ki, son illər təziyə günlərində Qafqaz
Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız
tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin
xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq
nümunəsidir və bu örnək din xadimləri tərəfindən təbliğ
edilməlidir. Ümidvarıq ki, inşallah, dindarlarımız İmam Hüseyn (ə)
təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Din
xadimlərimiz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi
həqiqətləri, Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla bərabər,
torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən, o cümlədən,
Qarabağ, Xocalı şəhidlərinin fədakarlıq nümunəsini təlqin
etməlidirlər: "Dindarlarımız ölkəmizin gün-gündən bölgədə və dünya
miqyasında artan nüfuzunu, din-dövlət münasibətlərinin yüksək
səviyyəsini Uca Allahın Lütfü kimi dəyərləndirirlər. Onlar
bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və dövlət
başçımız İlham Əliyev tərəfindən inkişaf etdirilən milli-mənəvi,
dini dəyərlərə, multikulturalizm ideyalarına ehtiram və qayğının
davamlı olması üçün dualarını əsirgəmirlər. Din xadimlərimiz
moizələrində dindarları Allaha xoş gedən bu səyləri daha artıq
dəyərləndirməyə, Vətən təəssübünü, milli və dövləti mənafelərimizi
uca tutmağa çağırmalıdırlar.
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!"