Əlaqə Arxiv
news Image
2014.10.28
11:55
| A A A
Vəhşi heyvanlardan gələn təhlükə
Yolçu Xanvəli: “25 nümunədən 17-də quduzluq xəstəliyinin daşıyıcı aşkarlanıb”

Ötən axşam Cəlilabad rayonunda dəhşətli hadisə baş verib. Buravar kəndində canavar evə soxulub, bir ailənin 4 uşağını yaralayıb.  Canavar dünən saat 19 radələrində Yusif Şahmarovun evinə soxulub. Onun 3-cü sinifdə oxuyan qızı Aygün evin qapısında əlində vedrə dayanıb həyətə baxırmış. Bu vaxt həyətdən ona tərəf işığın irəlilədiyini görüb. Yaxına gedəndə isə onun canavar olduğunu anlayıb. Aygün qaçaraq evə girmək istəyib, lakin pilləkəndə canavar onun qolundan yapışaraq həyətə sürüyüb. Aygünün evdə televizora baxan qardaş-bacıları qışqırığa bayıra çıxıblar. Aygünün 16 yaşlı qardaşı Vüsal onu canavardan alsa da, digər bacılarını qoruya bilməyib. Canavar iki qızı da bədənlərinin müxtəlif nahiyələrindən dişləyib. Vəziyyəti çətin görən Vüsal canavarı boğmaq üçün sağ qolunu onun boğazına soxub. Qolundan ağır yaralar alsa da canavarı öldürməyə nail olub. Uşaqların dördü də xəstəxanaya çatdırılıblar. Son dövrlər vəhşi heyvanların insanlara hücum etməsi, təsərrüfatlara ziyan verməsi hallarına tez-tez rast gəlinir.Qeyd edək ki, əvvəllər vəhşi heyvanların sayını tənzimləmək üçün müvafiq ov kvotası ayrılmışdı. Amma hazırki qanunvericiliklə vəhşi heyvanların, canavar və caqqalların belə ovlanması qadağandır. Elə kologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev də deyir ki, Azərbaycanda vəhşi heyvanların ov edilməsi qanunvericiliklə tənzimlənir: "Ov etmək istəyənlər, ov mövsümündə rayon  ekologiya idarələrinə müraciət edərək lisenziya alırlar. Amma ümumiyyətlə canavar və çaqqalların ovlanması qanunla qadağandır. Canavarların ovlanmasına o halda icazə verilir ki, insana hücum çəkib təsərrüfata ziyan vursun. Əgər belə hallar varsa, nazirliyin yerli ekologiya idarələrinə müraciət edilməlidir. Həmin idarələr tərəfindən həvəskar ovçular qrupu yaradılaraq canavarın ovlanması göstərişi verilir. Həmin heyvanın quduz olub-olmamasını müəyyən etmək üçün qrupa rayondan baytar həkim də daxil edilir".

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli isə deyir ki, müraciət olduqda vəhşi heyvanlardan quduzluğa qarşı nümunələr götürülərək yoxlanılır: "Bu il yanvar ayının əvvəlindən oktyabr ayınadək respublika üzrə 25 nümunədən 17-də quduzluq xəstəliyinin daşıyıcı aşkarlanıb. Həmin nümunələr ən çox sahibsiz it və çaqqallardan götürülüb. İri və xırda buynuzlu mal-qara, at, sahibli və qeydiyyatda olan it və pişiklər də nümunə götürülən heyvanlar sırasında olub".

Y. Xanvəli bildirib ki,quduzluq faktları ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb: "Ötən ilin müvafiq dövründə daxil olan 49 nümunədən 31-də quduzluq xəstəliyi aşkarlanmışdı".

Qeyd edək ki, hazırda Azərbaycanda vəhşi heyvanların quduzluğa qarşı vaksinasiyası aparılmasa da, bəz ölkələrdə vəhşi heyvanlar da quduzluğa görə oral yolla vaksin edilir. Bu vaksinasiya təyyarələr vasitəsilə, heyvanların yemlərinə qatılaraq meşələrə yerləşdirilir. Y. Xanvəli vaxtlilə Azərbaycanda vəhşi heyvanların oral yolla vaksinasiyası ilə bağlı layihənin olduğunu, amma gerçəkləşmədiyini bildirdi.     

 

Zülfiyyə Quluyeva

 

Sizin Reklam Yeriniz