Əlaqə Arxiv
news Image
2014.10.28
17:49
| A A A
Bişkekdə "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin ilk uçuşu təntənəli şəkildə qarşılanıb
Hidayət Orucov: «Azərbaycan Respublikası və Qırğız Respublikası müstəqillik əldə edəndən sonra ilk dəfə olaraq Bakı-Bişkek-Bakı birbaşa aviareysin açılışı möhtəşəm hadisədir»

2014-cü ilin oktyabr ayının 26-da "Azərbaycan Hava Yolları" QSC-nin "Aerobus-320" təyyarəsi Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə ilk uçuşunu həyata keçirmişdir. Movqe.az xəbər verir ki, təyyarəni Bişkek şəhərinin "Manas" Beynəlxalq hava limanında Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov, Qırğız Respublikası Baş nazirinin birinci müavini Tayirbek Sarpaşev, Qırğız Respublikası Hökumətinin digər yüksək vəzifəli təmsilçiləri, "Manas" Beynəlxalq hava limanın rəhbərliyi, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, ictimaiyyətin tanınmış təmsilçiləri və soydaşlarımız qarşılamışdır.

Qırğız milli geyimli qızlar sərnişinləri duz çörəklə qarşılamışlar. Gənclərin əllərində Azərbaycanın və Qırğızstanın bayraqları dalğalanırdı.

Sonra Bakı-Bişkek-Bakı birbaşa hava xəttinin açılması ilə bağlı "Manas" aeroportunun VİP zalında tədbir keçirilmişdir.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının və Qırğız Respublikasının milli himnləri səslənmişdir.

Tədbirdə çıxış edən Qırğız Respublikası Baş nazirinin birinci müavini Tayirbek Sarpaşev bildirmişdir ki, iki qardaş ölkə arasında hava əlaqəsinin yaranması hər sahədə əlaqələrin inkişafına yüksək təkan verəcəkdir.

Qeyd etmişdir ki, Bakı-Bişkek-Bakı aviareysinin vasitəsilə Bakıdan Avropaya və Amerikaya açılan birbaşa hava xəttindən də istifadə ediləcək və bununla sərnişinlər vaxtlarına qənaət edəcəklər.

Sonra çıxış edən Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov vurğulamışdır ki, Azərbaycan Respublikası və Qırğız Respublikası müstəqillik əldə edəndən sonra ilk dəfə olaraq Bakı-Bişkek-Bakı birbaşa aviareysin açılışı möhtəşəm hadisədir.

Keçmişdə bu yolu karvan ilə iki aya gedirdilər, amma buna baxmayaraq əcdadlarımız gediş-gəliş edirdilər.

Avtomobil kəşf olunandan sonra isə Bişkek ilə Bakı arasında olan 3421 km-lik məsafəni Qazaxstan, Özbəkistan, Türkmənistan və İran ərazisindən keçərək həyata keçirirdilər.

Birbaşa aviareysin açılması nəticəsində 2046 km-lik məsafəsi bu məsafəni 3 saat 10 dəqiqə ərzində keçmək olar.


Bu aviareys ölkələrimiz arasında sıx əməkdaşlıq əlaqələrinin inkişafına yüksək töhfə verəcəkdir. Eləcə də İpək Yolunun bərpası işində Qırğızstanın Qərbə, Azərbaycanın isə Şərqə yeni qapısı açılır.

SSRİ-nin dağılmasından sonra bütün ittifaqrespublikalarının hava xəttində olan çətinlik Azərbaycanda da var idi. Ümummilli Lider Heydər Əliyev bu problemi şəxsi nəzarətinə götürərək, mülki aviasiyaya böyük investisiyalar qoyuldu.

Bu gün Azərbaycanın avia parkı ən müasir təyyarələr ilə təmin olunmuş, yeni və möhtəşəm Heydər Əliyev adına hava limanı tikilmişdir.

"Azərbaycan Hava Yolları"na məxsus təyyarələr Avropanın və Asiyanın müxtəlif ölkələrinə, yeni təyyarələr əldə olunandan sonra isə Amerikaya sərnişin daşımaları həyata keçirir.

Bakı-Bişkek-Bakı aviareysi Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin göstərişi ilə açılmış və bu da iki qardaş ölkələr arasında əlaqələrin genişlənməsinə səbəb olacaqdır.

Azərbaycan ilə Qırğızstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və humanitar sahədə deyil, həm də iqtisadi sahədə inkişaf etməkdədir və bu xətt Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Almazbek Atambayevinsiyasətinin prioritet istiqamətlərindəndir.

Sonra təyyarənin ilk sərnişinlərindən olan Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fəttah Heydərov çıxış edərək bildirmişdir ki, iki qardaş dövlət, xalq arasında hava əlaqəsinin yaranması böyük bir hadisə olduğunu və bununla bağlı təbriklərini çatdırmışdır.

Sonda açılış iştirakçılarına ziyafət verilmişdir.

Sizin Reklam Yeriniz