Əlaqə Arxiv
news Image
2014.10.29
12:00
| A A A
Azərbaycanda kadr böhranı və yaxud universtetlər niyə kadr hazırlaya bilmir?-ARAŞDIRMA

Azərbaycanda ali məktəblərdə təhsilin keyfiyyətinin artırılması istiqamətində müəyyən işlər aparılsa da, hələki istənilən nəticəni əldə etmək mümkün olmayıb. Elə bunun nəticəsidir ki, ölkədə günün tələbinə cavab verən kadrlarla bağlı çatışmazlıq yaşanır. Elə bu günlərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclasındakı çıxışında Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev həm Prezident Administrasiyasının, həm nazirliklərin, həm də yerli hakimiyyət strukturlarının bu gün ciddi kadr böhranı problemi ilə üzləşdiklərini dilə gətirib: "Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni Administrasiya rəhbəri kimi heç cür qane etmir".

Belə vəziyyət ali məktəb məzunlarının hazırladığı kadrların heç də hamısının günün tələbinə cavab vermədiyini göstərir. Anoloji problemlə üzləşən  Ukraynada dünyanın ən nüfuzlu məktəblərin müəllim heyyətini ölkə daxilində təhsilə cəlb etməkləvəziyyətdən çıxmağa çalışırlar.  Bunun üçün Ukraynadan olan tələbələrə distant üsulla təhsil verməsi üçün lazımı hazırlıqlarla bağlı hökmumət tapşırıqlar verib. Qeyd edək ki, müasir tələblərə cavab verən  kadr hazırlığı ilə bağlı artıq Təhsil Nazirliyi tərəfindən bəzi addımlar atılıb. Amma bu heç də ali təhsil müəssisələrində təhsil alan bütün tələbələri əhatə etmir. Bu gün Təhsil Nazirliyinin ali təhsil ocaqlarında yaratdığı "Sabah Qrupları"nın hədəfi yüksək statuslu kadr hazırlığına yönəlib. Təhsil naziri Mikayıl Cabbarov da deyib ki, təhsilin keyfiyyətində tələbə müəllim vəhdəti əsas rol oynayır. Nazirin sözlərinə görə, bu qruplarda dərs keçən müəllimlərin xüsusi nüfuzunun olması əsas prioritetdir: "Xaricdə təhsil almış tələbələrdən bu istiqamətdə istifadə edilməsi də planlaşdırılır. Həmçinin Azərbaycan ali təhsil müəssisələrinə xaricdən tələbə cəlb etmək üçün "SABAH" qrupları mühüm rol oynayacaq. İşəgötürənlərlə görüşdə onlar tələbələrin praktik bacarıqlarında problemin olduğunu bildirirlər. Biz də bu problemdən xəbərdarıq. Hesab edirik ki, ali təhsili uyğurla başa vurmuş tələbələr iş adamları üçün potensial kadr olmalıdır. Bu istiqmaətdə "SABAH" qrupları mühüm rol oynayacaq. Bu məsələdə işəgtürənlərin tələbələrin hazırlığında iştirakı planlaşdırılır. Bu işdə təcrübəli iş adamları, ictimai-siyasi fəaliyyəti olan şəxslər iştirak edəcək".

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da Movqeyə açıqlamasında bildirib ki, gələcəkdə "Sabah Qrupları"nda dərs alan tələbələrə dərs keçmək üçün dünyanın nüfuzlu universitetlərindən müəllimlərin cəlb edilməsi də plandadır. Amma göründüyü kimi bu yalnız "Sabah Qrupları"ndakı tələbələri əhatə edə bilər.

"Xəzər" universitetinin rektoru Hamlet İsaxanlı deyir ki, dünyada elmin bütün sahələri inkişaf edir. Belə bir şəraitdə tələbələrin elmdə baş verən yeniliklərdən xəbərdar olması vacib şərtdir: "O universitetlər ki, elmlə məşğul olur, həmin universitetlər yaxşı təhsil ocaqları hesab edilir. Təbii ki, həmin ali təhsil müəssisələrinin dünyanın elm mərkəzləri ilə bağlı olması, elmi inkişaf etdirə bilməsi üçün dünyanın ünlü təhsil ocaqları ilə əməkdaşlığı vacibdir.  Azərbaycanda da ubiversitetlər çalışmalıdırlar ki, ölkəmizdə hansı sahədə yüksək səviyyəli mütəxəssis qıtlığ varsa, həmin sahədə dünyada elmdəki yeniliklərdən xəbərdar olan, o yenilikləri izləyən mütəxəssisləri xarici ölkələrdən işə cəlb etsin. Təbii ki, maliyyə tələb edən məsələdir. Amma necə ola bilər ki, hər gün inkişaf edən, yeniliklərin olduğu ikt sahəsində yenilikləri izləyə bilməyən, bixəbər müəllim auditoriyaya girərək tələbələrə dərs desin. Ona görə də, biz bəzi sahələr var ki, oraya Amerikadan, Türkiyədən, həta İrandan belə nüfuzlu müəllimlər dəvət edirik".

Ekspert deyir ki, bu gün Azərbaycanda ali təhsil müəssisələrinin daha çox texnologiya və təbiət elmləri ilə bağlı nüfuzlu müəllimlərin xaricdən cəlb edilməsinə zərurət var: "Çox təəssüf ki, bizim Milli Elmlər Akademiyasında elmdəki yenilikləri izləyən belə mütəxəssislər, elmlə məşğul olan müəllimlər azdır. Bir ölkənin ali təhsil ocağında elmlə məşğul olan mütəxəssislərin sayı, həmin universitetin dərc etdiyi elmi məqalələrin sayı ilə müəyyənləşir. İndi təsəvvür edin ki, bizim AMEA-nın çap etdiyi elmi məqalələrin sayı, əhalisinin sayı bizdən az olan Finlandiyanın bir universitetinin çap etdiyi elmi məqalələrin sayından 10 dəfə azdır".

H. İsaxanlı bu gün bu problemi həll etmək üçün xaricdən müəllimlərin virtual, distant təhsilə cəlb edilməsini də elə effektli hesab etmir. Onun fikrincə hazırda elə saytlar var ki, onların vasitəsilə pulsuz dünya şöhrətli müəllimlərdən dərs almaq mümkündür. Amma bu effekt vermir.

"Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi" İB-nin rəhbəri Ülviyyə Mikayılova isə xaricdən nüfuzlu professorların Azərbaycanda ali təhsil müəssisələrinə cəlb edilməsinin maliyyə tutumlu bir məsələ olduğunu söyləyir. Onun sözlərinə görə, bunu ancaq  dövlət ali təhsil müəssisələrinin ödənişli fakultələti üçün etmək olar ki, bu zaman da dövlətin bu barədə proqramı yoxdursa, ödəniş qiyməti bahalaşa bilər: "Əlbəttə, dünyanın nüfuzlu universitetlərindən müəllim cəlb edən ali təhsil müəssisələrinin bunun üçün maliyyəsi olmalıdır. Çünki, başqa ölkəyə müəllim kimi gedən professorlar bunun müqabilində yüksək əmək haqqı tələb edirlər. Buna Azərbaycanda yalnız nüfuzlu ali təhsil ocaqlarının imkanı çatır. Bəziləri isə maddi durumları imkan versə də, özlərini artıq xərcə salmaq istımirlər. Lakin xaricdə universitetlərin reytinqi həm də nüfuzlu professorların işləməsi ilə ölçülür".

O ki qaldı xarici müəllimlərin  distant təhsilə cəlb edilməsinə, Ü. Mikayılova Azərbaycanda bunu tətbiq etmək üçün ilk növbədə texniki sistemin qurulmalı olduğunu söyləyir: "Lakin bizdə distant təhsilə maraq azdır. Heç bizim Mərkəzin təşkil etdiyi pulsuz seminarlara müəllimlər, tələbələr gəlmək istımir. Halbuki biz həmin seminarlara xaridən yüksək səviyyəli təhsil ekspertlərini dəvət edirik". 


Sizin Reklam Yeriniz