Əlaqə Arxiv
news Image
2014.10.30
11:52
| A A A
AZƏRBAYCANÇILIQ İDEYASININ TƏBLİQİ
Rusiya - Azərbaycan münasibətlərini tərənnüm edən Ramin Məmmədovun publisistik kitablarına bir nəzər: O, yazdığı çoxsaylı kitablara görə Azərbaycanda bir vətəndaş institutu yaratmmışdır...

VƏTƏNPƏRVƏRLİK HƏR ZAMAN BÖYÜK MƏQSƏDİMİZ,

ALİ AMALIMIZ OLMALIDIR


ÜÇÜNCÜ MƏQALƏ


Mən Ramin Məmmədovla yenidən görüşdüm, bu dəfə onun Rusiya bölgələrinə çoxsaylı səfərləri zamanı əldə etdiyi təəssüratlarından bəzi məqamları oxucularla bölüşməsini, diaspor icmalarımızın işinə dair düşüncələrini açıqlamasını, həmin ölkənin xüsusilə ucqarlarında həmvətənlərimizin gördukləri dəyərli işlərdən danışmasını xahiş elədim.


-Salam, Ramin müəllim!


-Əlihüseyn müəllim, mən də Sizi ürəkdən salamlayır və sizə sağlamlıq, dəyərli fəaliyyətinizdə böyük nailiyyətlər arzulayıram. Bizim indiki görüşümüz Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə iki aydan az qalmış vaxta təsadüf edir. Bu olduqca yaxşı haldır. Mən də məmnuniyyətlə, bütün xalqımızı, xüsusilə də qürbətdə yaşayan, Azərbaycanımız naminə uca amallar uğrunda çalışan yurddaşlarımızı, diaspora hərəkatının inkişafında, təbliğində, güclənməsində, ilhamlanmasında, fəallaşmasında əməyi olan bütün adamları bu bayram münasibətilə ürəkdən təbrik edir, onlara Odlar Yurdunun şanlı ünvanını daha yüksək zirvələrə ucaltmaq naminə fəaliyyətlərində böyük uğurlar arzulayıram.


Sizə deyim ki, onilliklərlə qonşu Rusiyada yaşayan ziyalı soydaşlarımızın axtarışında olmağım, son iyirmi ilə yaxın vaxt ərzində əlavə olaraq bu ölkədə fəaliyyət göstərən diaspor icmalarımızın işini araşdırmağım mənim üçün olduqca maraqlı, fərəhləndirici bir işə çevrilmişdir. Əlbəttə, bu onunla bağlıdır ki, axtarışlarımı genişləndirdikcə Rusiyanın bütün bölgələrində ləyaqətli, bacarıqlı, hər bir çətin şəraitdə düzgün seçim etməyi, doğru, ağılabatan qərar verməyi bacaran həmyerlilərimizə rast gəlirəm. Belə olan halda isə mənim və hamımızın sevincimizin həddi-hüdudu olmur. Sovetlər dövründə deyildiyi kimi biz bundan həvəslənirik, yeni-yeni qələbələrə doğru irəliləyirik.

Bilirsiniz, hörmətli oxucuları maraqlandıran məsələlərdən danışmaq, uzun illər boyu topladığım təcrübəni onlarla bölüşmək mənim üçün də olduqca maraqlıdır, mən özüm də bundan məmnunluq duyuram. Onu da deyim ki, məndən bəzən soruşurlar ki, pis adamlara, şəxsi mənafeyini hər şeydən üstün tutan insanlara da rast gəlməmiş olmaram. Əlbəttə, belə şeylər də az olmur. Elə ünsürlərə də rast gəlirəm ki, ağzından zəhər tökülür, heç bir hərəkətinə, duruşuna-oturuşuna fikir vermir, başqalarının taleyinə biganəlik göstərir. Mənsə onlara ilk növbədə öz şəxsi davranışımla nümunə olmağa çalışıram, sonra isə təcrübəmdən, bildiklərimdən, gördüklərimdən, oxuduqlarımdan düzgün məsləhətlər verirəm. Allahdan arzu edirəm ki, bu adamlar xata-baladan uzaq olsun, düz yola qayıtsın, ümumi problemlərimizin həllində iştirak etsinlər, ən azından adımıza ləkə gətirən çirkin əməllərdən uzaq olsalar bu özü də bir kömək olardı.

İndi də, hesab edirəm ki, həmişə olduğu kimi mən oxucular üçün maraqlı, ibrətamiz, mənəviyyatımızı zənginləşdirən nümunələr açıqlamalıyam. Orada-Rusiyada bizə maneəçilik etmək istəyən, amma qüdrətli ölkəmizin çox hörmətli rəhbərliyinin apardığı irimiqyaslı siyasətinin qarşısında bacarıqsız, aciz olanlar məlumdur. Odur ki, mən insanları ruhlandıran hadisələrdən, ayrı-ayrı vətənpərvərlərdən danışacam, ən ucqarlarda belə azərbaycançılığın təbliği naminə daim qəzet, kitab yaymaqla məşğul olmasından qürurla fəxr edənlərdən nümunələr gətirəcəm.

Belə bir sevindirici amili də qeyd etməliyik ki, bu gün istər ölkəmizin mərkəzi qəzetləri, istərsə də başqa kütləvi informasiya vasitələri qürbətdə yaşayan soydaşlarımıza həsr olunmuş, diaspora icmalarımızın fəaliyyətinə, perspektivlərinə dair materiallara kifayət qədər yer ayırır, bu məsələni daim diqqət mərkəzində saxlayırlar. Oxuculara diaspora hərəkatının tarixinin 200 ildən çox olduğunu açıqlayırlar. Normal hal kimi qəbul olunur ki, diaspor icmalarımızın işindəki çatışmazlıqları da yan keçmirlər. Məsələn, son illərin məqalərində tez-tez həyəcan təbili çalınır ki, bəzi adamlar ancaq öz şəxsi mənafeyini təmin etmək üçün diaspora cəmiyyəti yaradır, saxtakarlıqla məşğul olur, bununla da bütöv bir bölgədə milli mənafelərimizin gerçəkləşməsinə əngəl törədir, minlərlə soydaşlarımızın dəyərli istəklərinin reallaşmasına, onların ümidlərinə zərbə vururlar. Əlbəttə, belə ünsürlərin böyük əksəriyyəti öz çirkin əməllərilə aradan getməli olublar. Təəssüflə bildirməliyəm ki, onlar, o qeyri-normal hərəkət sahibləri ötən əsrin 90-cı illərində Rusiyadakı qəddarlıq, canilik, yaramazlıq, rəngarəngliyi ölcüyə sığmayan fırıldaqçılıq dövründə "silinməz izlər" qoydular. Bu günə kimi həmin qara əllərin törətdikləri əməllərin acı nəticələrini tam aradan qaldırmaq mümkün olmamışdır. 2009-cu ildə Oryol şəhərində yaradıcılıq səfərində olduğum zaman mənə danışdılar ki, elə bir asan yolla varlanmaq istəyən hiyləgərin törətdiyi əməllərin ucbatından o şəhərdə bu günə kimi diaspor icması yaratmaq mümkün olmamışdır. Amma fəxr etmək olar ki, hər yerdə olduğu kimi burda da mütərəqqi düşüncəli soydaşlarımız var. Onlardan biri də Nəriman Qəhrəman oğlu İsakovdur. O, Bakıda Yüngül Sənaye Texnikumunda təhsilini davam etdirib, arada iki il orduda, Moskvada raket hissələrində həqiqi hərbi xidmətdə olub. Təhsilini başa vurduqdan sonra göndərişlə Oryol şəhərinə gəlib, Tikiş fabrikində növbə ustası kimi əmək fəaliyyətinə başlayıb, sonra növbə rəisi, texnoloq vəzifələrində çalışıb. İctimai işlərdən də kənarda qalmayıb, xalq drujinaçıları dəstəsinə rəhbərlik edib, yəni şəhərdə ictimai əsayişin qorunmasında fəal olub. 1993-cü ildən sahibkarlıqla məşğul olub. Bədbəxt hadisə nəticəsində əlil olması ona bu sahədə fəaliyyətini davam etdirməyə imkan verməyib. Nəriman müəllim 2000-ci ildən təqaüdçüdür. Amma ömrü boyu yararlı əməklə məşğul olan adam kimi o, işsiz dayana bilməyib, Tərcüməçilər İttifaqı Oryol Filialında tərcüməci qismində işə başlamaqla həmyerlilərimizin müəyyən problemlərinin həllinə nail olub. Nəriman müəllim deyir ki, şəhərimizdə rəsmi qeydiyyata alınmış diaspor təşkilatı bu günə kimi yoxdur. Amma bu o demək deyil ki, həmyerlilərimizin hüquqlarının müdafiəsilə məşğul olmamalıyıq, yaxud milli adət və ənənələrimizi qorumamalıyıq. O, öz inadkarlığı ilə ətrafına fəlları da toplayır, onlarla birgə milli bayramlarımızı təşkil edir, şəhərdə keçirilən tədbirlərə də qoşulur və lazım gəldikdə soydaşlarımızın hüquqlarını müdafiə etməyi də bacarır. Düşunurəm ki, rəsmi təşkilat olmadığı halda bir adamın başqalarını da ətrafına toplayaraq bu işləri görməsi az xidmət deyil. Buna oxşar, amma tamamilə başqa bir diyarda daha belə bir sevindirici hadisənin şahidi olmuşam. Aşağıda bir neçə kəlmə bu barədə də danışmağına dəyər.

2007-ci ilin sentyabr ayında Tümen vilayətinin müasir və ucqar yaşayış məntəqələrindən biri olan Uray şəhərinə gəlib çıxdım. Deyim ki, Sovetski şəhərində qatardan düşdükdən sonra bura gəlmək üçün tayqa meşələrinin arasilə son otuz-qırx ildə çəkilmiş asfalt yollarla avtobusda uzun-uzadı şütüməli olursan. Amma belə uzaq yerə getməyinə dəyir. Çünki orada Azərbaycan adını yaşadan qiymətli insanlar var. Urayda ilk görüşüm Rusiyanın Fəxri yol mühəndisi Rüstəm Vəli oğlu Eminəliyevlə oldu. Söhbətimiz zamanı o, bildirdi ki, bu şəhərdə hələlik rəsmi diaspor icması yoxdur, amma burda keçirilən tədbirlərdən kənarda qalmırıq. Həmyerlilərimiz Urayda azərbaycançılığı da təbliğ edir, milli mədəniyyətimizi də yaşadırlar. Burada hər il "Milli qonaqpərvərlik", "Milli mədəniyyət", "Neftçi günü", "Sabantuy" və başqa bayramlar təntənəli qeyd edilir. Həmin bayram tədbirlərində bizim azərbaycanlılar da fəal iştirak edirlər. Bədən tərbiyəsi müəllimi, voleybol üzrə idman ustalığına namizəd Kimət Mütəllim oğlu Musayev həyat yoldaşı Şövgiyə xanımla digər həmyerlilərimiz də cəlb olunmaqla fürsətdən səmərəli istifadə edirlər. Kütlələr toplaşan, izdihamlı yerdə Azərbaycanda, onun tərkib hissəsi Qarabağda baş verən hadisələrdən söhbət açır, milli adət-ənənələrimizi, incəsənətimizi, ədəbiyyatımızı, tariximizi, məşhurlarımızı təbliğ edirlər. Urayda sadə əmək adamı-sürücü kimi tanınmış və ədəbiyyatımızın vurğunu, alicənab insan, təşkilatçılığı da bacaran Qurban Saday oğlu Məhərrəmov yaşayır. O, 1991-1994-cü illərdə Azərbaycan Dövlət Texniki Universitetində təhsil almış, lakin maddi vəziyyətinin ağırlığından təhsili yarımçıq qoyub Yakutiyanın Çerski qəsəbəsinə gedib, qaynaqçı, çilingər, sürücü işləyib. 1996-cı ildə Uray şəhərinə gəlib. İndiyə kimi burda sürücü işləyir. Bu bölgədə istifadəyə verilmiş avtomobil yollarının tikintisində onun böyük əməyi var. Bunu layiq görüldüyü çoxsaylı Fəxri fərmanlar və başqa təltiflər bir daha təsdiq edir. Tanıyanlar ona XVI əsrdə Cənubi Azərbaycanda yaşamış məşhur aşığın adı ilə-Qurbani deyə hörmətlə müraciət edirlər. Bu da təsadüfi deyil, Qurban müəllim aşıq sənətini ürəkdən sevir, öyrənir və təbliğ edir. O, azacıq boş vaxtı olanda şeir yazmaqla məşğul olur. Və yuxarıda qeyd olunmuş tədbirlərdə, el şənliklərində aşıq yaradıcılığından ağız dolusu söhbət açır. Özünün belə şair təbiətli olduğundandır ki, onun qızı, Tümen Dövlət Universitetinin tələbəsi Aysel qəzetlərlə yaxından əməkdaşlıq edir, oxunaqlı məqalələr, oçerklər yazıb dərc etdirir.

İndi sizə Kirov şəhərindəki mənzərədən danışım. 2003-cü ildən başlayaraq mən bu şəhərə dəfələrlə getməli olmuşam. Hər dəfə də burdakı gənc fəal Elnur Hüseynovun köməyilə yeni-yeni qabaqcıl adamlarla alimlərlə görüşmüşəm. Amma bir məqamı da gizlətmək istəmirəm-burda rəsmi diaspor icması da var, onun sədri də öz yerindədir. Lakin bu günə kimi bu cəmiyyətin nə işlə məşğul olduğunu aşkar edə bilməmişəm. Xoşbəxtlikdən Allah məni Kirovda həmin 2003-cü ildə Kirovda 23 yaşlı, möhkəm məsləkli, əqidəsindən dönməyən vətənpərvər Elnur Hüseynovla rastlaşdırdı. Mən onun sayəsində müəyyən etdim ki, burda Kirov Dövlət Universitetinin Xarici Dillər fakultəsinin və Moskva Dövlət Hüquq Akademiyasının məzunu, hüquq elmləri namizədi, Treteysk məhkəməsinin sədri Tahir Əli oğlu Məmmədov uzun illərdir elmi, işində səriştəliliyi, əzmkarlığı, aydın məqsədi və alicənablığı, nəzakətliliyi ilə Azərbaycan adını ucaltmaqdan yorulmur, usanmır. Daha sonra Elnur məni dəvət elədi Kirov Şəhər Dİİ-nə. Dedi burda Əli İnətulla oğlu İzzətov xidmət edir. O, nümunəvi milis işçisidir, adı dillərdə gəzir. İndi Əli müəllim həmin idarədə qərərgah rəisinin müavini polis mayorudur. Sonrakı illərdə etdiyim səfərlərim zamanı gördüm ki, qabaqcıl adamlar Elnurun ətrafında birləşir, ona bu işində dəstək olurlar. Elnursa məni 2009-cu ildə dünyasını dəyişmiş kənd təsərrüfatı elmləri namizədi Vaqif Abas oğlu Qurbanovun ailəsi ilə görüşdürdü. Qayğıkeş ailə üzvləri mərhum ailə başçısının həyat yoluna dair səliqəylə saxlanan sənədləri təqdim etdilər, onun haqqında öz xatirələrini də bölüşdülər. Əlbəttə, gətirdiyim nümunələr hamısı kitablarımda öz əksini tapmışlar. Elnur Hüseynov 2010-cu ildən Moskva Hüquq Akademiyasında Təhsil almaqla yanaşı Kirov şəhərinə Bakıdan Azərbaycan həqiqətlərinə dair yeni-yeni nəşrlər gətirir, onların burda yayılmasına başqa soydaşlarımızı da səfərbər edir, bununçün bölgədə keçirdikləri tədbirləri daha əlverişli şərait kimi istifadə edir. Hazırda E.Hüseynov Kirovda fəaliyyət göstərən RAGT-nın yerli bölməsinin sədri 30 yaşlı Qafur Cəlilovla əl-ələ verib bu işləri xeyli genişləndirmək məqsədilə yaxın vilayətlərdəki diaspor icmalarımızla da sıx əlaqələr yaratmışdır. Bu real faktları oxuculara açıqladıqca Həzrət Əlinin bir kəlamı yadıma düşür: "Danışanın özünə yox, sözünə daha çox diqqət et". Dəyərli əməllərilə seçilən, adlarını çəkdiyim bu adamların sözlərinin doğru olduğunu əməllərində görürük.

Daha bir problemi xatırlatmaq yerinə düşər. Belə ki, nəinki icma rəhbəri, eləcə də hər bir fəal savadlı, gündəlik baş verən hadisələrdən məlumatlı olmalıdı. Təəssüf ki, bu məsələ də həmişə arzuladığımız kimi olmur. Onların sayı çox olmasa da, amma elə diaspor rəhbərlərinə rast gəlirik ki, onların nə Azərbaycan tarixindən, nə də mədəniyyətimizdən iki cümlə deməyə bilik ehtiyatı var. Bu acınacaqlı vəziyyətdir. Gizli deyil ki, zəmanəmizdə bütün dünyada informasiya müharibəsi gedir. Biz də hər birimiz dərin zəkalı, savadlı olmağa daim çalışmalıyıq, məmləkətimizi, şanlı tarixi olan xalqımızı layiqincə təbliğ etməyi bacarmalıyıq.

Unutmamalıyıq ki, Ümummilli liderimiz, rəhmətlik Heydər Əliyev Dünya Azərbaycanlılarına dair bütün tədbirlərdə özü şəxsən iştirak və çıxış edirdi, diaspora sahəsini daim diqqət mərkəzində saxlayırdı, bu işə hər cürə qayğı göstərirdi. Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Pezidenti çox hörmətli İlham Əliyev cənabları da bu vacib sahəni bir an belə qayğıdan, diqqətdən kənarda qoymur. Özü şəxsən qurultaylarda, başqa tədbirlərdə çıxış edir. Mən 2004-cü ildə Moskvada ÜAK-ın II qurultayında, 2006-cı ildə Bakıda Dünya Azərbaycanlılarının II qurultayında onun geniş nitq söyləməsinin şahidi olmuşam. Bu çıxışlar hər birimiz üçün vacib sənəddir, əlimizdə proqramdır.

Son on il ərzində ölkə rəhbərliyinin diqqət və qayğısı olaraq azərbaycançılığın təbliği məqsədilə Moskvada da haqqımızda külli miqdarda kitablar buraxılmışdır. Bunlar hamısı olduqca dəyərli, arxiv sənədləri, yəni doğru, obyektiv məlumatlarla təchiz olunmuş nəşrlərdi. Bu kitabları hər birimiz həm oxumalı, yaxşı öyrənməli, eləcə də yayılmasında iştirak etməliyik.

Desəm ki, hər bir peşəni, fəaliyyəti sevən adam lazımdır, millət üçün, məmləkət naminə araya-ərsəyə bir iş gətirib ondan zövq alan insanlar lazımdır yenilik kəşf etmiş olmaram. İnanın, bu gün diaspora hərəkatında bizə ən yüksək biliyə və intellektə malik mütəxəssislər lazımdır.

Bir məsələni də qeyd etməyi lazımlı hesab edirəm. Müxtəlif şəhərlərdə, xüsusən də Moskvada Fəxri xiyabanlarda bir çox görkəmli şəxsiyyətlərimizin məzarları var. Yeri gəlmişkən, mən bunların əksəriyyətinin yerini müəyyən və ziyarət eləmişəm, sözüm bunda deyil. Bildirmək istəyirəm ki, həmin məzarların ziyarət olunması özü diasporaların apardığı vətənpərvərlik işinin bir qoludur.

Götürək Yaroslavl şəhərini, burda Fəxri xiyabanda kimya elmləri doktoru, professor, Beynəlxalq Tarix, Elm və Fəlsəfə Akademiyasının (Paris) ekstraordinar üzvü Yusif Süleyman oğlu Musabəyov (1910-1970) dəfn edilmişdir. Əvvəla bu şəhərdəki diaspor icmasının rəhbərliyinin təşkilatçılığı ilə soydaşlarımız hər il mərhum alimin məzarını ziyarət edirlər. Daha sonra isə Yusif müəllimin bir vaxt elmi və pedaqoji fəaliyyət göstərdiyi Yaroslavl Dövlət Texniki Universitetinin Elmi Şurasıyla Yaroslavl Azərbaycan Milli Muxtriyyatı şəhər Soveti qarşısında vəsadət qaldırmışlar. Bundan sonra Y.Musabəyovun gərgin elmi fəaliyyəti, öz kəşflərilə elmi zənginləşdirməsi əsas götürülərək həmin elm ocağının onun vaxtilə işlədiyi "B" korpusunun fasadında alimin Xatirə lövhəsi quraşdırılmışdır. Bildirməyim yerinə düşər ki, Yaroslavlda Əbədi məşəl var, yenə də diaspora rəhbərliyinin təşəbbüsü ilə həmyerlilərimiz hər il yanvarın 20-də bura toplaşaraq 1990-cı il qanlı yanvar şəhidlərinin əziz xatirəsini yad edirlər. Sonra bu barədə yerli qəzetlərdə yazılar dərc etdirilir.

Bir neçə il öncə Kurqan şəhərinə səfərim zamanı burdakı məşhur Ortopediya və Travmatologiya Klinikasının əsasını qoymuş, böyük həmyerlimiz, mərhum akademik Qavril İlizarovun məzarını şəhərdəki diaspor fəallarilə birgə ziyarət etdik.

Ümummilli liderimiz, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 2001-ci il noyarın 9-10-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında və "Gülüstan" sarayındakı rəsmi qəbulda söylədiyi geniş nitqlərindən fraqmentlər gətirməyi olduqca vacib bilirəm: "Azərbaycançılıq-birliyimizin əsasıdır", "...Hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar və bizim milli adət-ənənələrimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramlarımızı qeyd etsinlər. Təkcə müstəqillik bayramını, Novruz bayramını deyil, bütün başqa bayramları da qeyd etsinlər. Azərbaycan dilini yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris imkanları yaratsınlar. Biz bu barədə kömək edəcəyik ki, bizdən sonra gələn nəsillər, sizin övladlarınız, bizim övladlarımız azərbaycançılığı daha da yüksəklərə qaldırsınlar, Azərbaycan dilini, milli-mənəvi dəyərlərimizi daim yaşatsınlar..."

"Təbiidir ki, demokratik ölkədə ayrı-ayrı adamların müxtəlif siyasi dünyagörüşləri, dünyabaxışları var. Bu, təbiidir və buna heç kəsin etirazı ola bilməz. Ancaq ümummilli məsələlərin həllində, Azərbaycanın milli mənafelərinin qorunmasında Azərbaycanın bütün vətəndaşları həmrəy olmalıdır, bir olmalıdır, bir-biri ilə toqquşmamalıdır. Mən bunu eyni zamanda sizə arzu edirəm. Hər bir Azərbaycan icmasında mehriban əhval-ruhiyyə olsun... Qürbətdə yaşayan insanlar gərək bir-birinə daha da çox dayaq olsunlar, bir-birinə daha da çox əl tutsunlar".

Bu qızıl sözlərin tələblərinin yerinə yetirilməsində hər birimizin qarşısında böyük vəzifələr durur. Həmin tələbləri layiqincə yerinə yetirsək diaspora icmalarımızın fəaliyyətində problemlər həllini tapmış olar. Gəlin işimizi daha da genişləndirək, əl-ələ verək, yumruq kimi birləşək, bir nöqtəyə vuraq, bütün inciklikləri aradan qaldıraq, kin-küdurəti qırağa qoyaq. Bir sözlə vətənpərvərlik yekdil məqsədimiz, ali amalımız olmalıdır. Axı hamımızın bir Vətəni var, o da sevimli Anamız- Azərbaycanımızdır.

Mənim hamıya olan arzularım bynlardır, hər kəsə möhkəm can sağlığı və səadətdir.

Sizin Reklam Yeriniz