Əlaqə Arxiv
news Image
2014.11.03
11:30
| A A A
Bakı məzarlıqlarında dirilərin boş qəbirləri...
Elşad Miri: “Ölüm gününü, yerini heç kəs əvvəlcədən bilmədiyindən, əvvəldən müəyyən bir məzarlıqda bunun üçün yer hazırlatmaq da gərəksiz hesab olunur”

Ölüm haqdır deyirlər. Amma heç birimiz bu hökmün nə zaman və hansı şəraitdə veriləcəyini bilmirik. Bununla belə hələ keçmişdən ölümünə hazırlıq görmək adət-ənənələri olub ki, xüsusilə yaşlı və xəstə insanlar özünə kəfənlik alaraq sandığın bir küncündə saxlayıblar. Amma dövr dəyişdikcə, ölümünə əvvəlcədən, dədə-baba qaydası ilə deyil, gülməli səslənsə də, əməlli-başlı hazırlıq görənlərin sayı artıb. İndi məzarlıqlarda hazır boş qəbir yerlərinə rast gəlmək demək olar ki, adi hal alıb. Əvvəllər bu mənzərəni görüb heybətə gələnlər boş qəbir yerlərinin yanından "Bismillah" deyib keçirdilərsə, indi  bu ölümə hazırlıq kimi qiymətləndirilir. Və getdikcə məzarlıqlarda hazır boş qəbir yerlərinin sayı günü-gündən artır. Məzarlıqlarda nəzarətçilərlə söhbət zamanı öyrəndik ki, Azərbaycanda məzarlıqlarda boş hazır qəbir yerlərinin sahiblərinin çoxu Rusiyada yaşayan həmvətənlərimizdir. Onlar "gəzməyə qərib ölkə, ölməyə vətən" yaxşı məsəli, öz vətənlərində dəfn edilmək arzusu ilə məzarlıqlarda yer alaraq özlərinə qəbir yeri hazırladırlar. Amma elə Azərbaycanda yaşayanlar arasında da, axirət gününə hazırlaşanlar az deyil. Ölümün hər an gözlənildiyini düşünənlər yaxınlarını zəhmətə salmamaq üçün öz əziyyətlərini özləri çəkməyə üstünlük verərək hazır qəbir yerləri sifariş verirlər.  Türkiyə və digər ölkələrdə ailə məzarlıqlarına rast gəlinsə də, hazır qəbir yerlərinin hazırlanması təcrübəsi olmadığından, bu məsələ ictimaiyyət arasında heç də birmənalı qarşılanmır. Bəziləri bunu bədniyyətlik kimi qəbul edir, bəziləri isə insan sağ ikən onun qəbir yerinin boş qalmasının günah olduğunu söyləyirlər. Mövzü ictimai maraq doğurduğundan, Movqe.az-ın əməkdaşı insanın sağ ikən özü üçün qəbir yeri hazırlığı görməsinin nə dərəcədə doğru olduğuna aydınlıq gətirib. Şərqşunas Seyid Camal Əzizbəyli deyir ki, insanların məzarlıqda əvvəlcədən qəbir hazırlığı görməsi xoş olmayan əməl sayılır. Çünki, insan harada, hansı şəraitdə öləcəyini bilmir: "Bəzən insan elə şəraitdə dünyasını dəyişir ki, heç nəşi tapılmır. Yaxud da ona tamamilə başqa ölkədə ölmək nəsib olur. Buna görə də insanların əvvəldən yaxınlarının dəfd olunduğu məzarlıqda özünə qəbir yeri alması, yaxud hazırlatması düzgün sayılmır".

Onun sözlərinə görə, insan öldükdən sonra onun yaxınlarının yaxud əzizlərinin qəbrinin olmadığı yerdə dəfn edilməsi heç bir məna daşımır. Ona görə də, insanara bu barədə ilahiyyatçılar tərəfindən düzgün istiqamət göstərilməlidir: "Bəzən adlarını din adamı qoyan insanlar da bu əməllərə yol verirlər. Amma İslam dininin mənasını dərk edən insan məzarı üzərində dəbdəbəli məzar daşı hazırlatmağın, qəbiristanlıqda belə seçilmək arzusunun  boş, ölən insan üçün heç bir anlamı olmadığını dərk edir. İnsan çalışmalıdır ki, bu dünyada yaxşı əməlləri ilə seçilsin. Yəni, bahalı mərmərdən məzar daşı sifariş verincə, imkansız ailəyə dəstək olmaq daha savab əməl sayılır ki, bu dünyasını dəyişdikdə ona savab əməl kimi yazılır".

Şərqşunas S. C. Əzizbəyli bu kimi halların artmasını dini mühitdə boşluğun yaranmasından irəli gəldiyini söyləyir.

Onun sözlərinə görə, insanların dünyasını dəyişdikdən sonra  bir ölkədən başqa ölkəyə aparılması, nəşini dəfn etmək üçün uzun məsafə qət etməsi də doğru deyil: "İnsan harada dünyasını dəyişdisə, orada da dəfn olunmalıdır. Bəzən insanlar məzar yerini ziyarət etmək üçün ölən insanın nəşini başqa ölkədən gətizdirirlər. Bunu özlərinə asan olsun deyə edirlər. Amma təcrübə göstərir ki, müəyyən müddətdən sonra həmin insanlar ölülərinin məzarını ildə bir dəfə, iki ildə bir dəfə belə ziyarət etmirlər. Ona görə də, ölən insan üçün yaxınlarının ən böyük hörməti onun adına tez-tez Quran oxutdurmaq, onun adına savab əməllərə imza atmaqdır".  

Dini ekspert Elşad Miri də, məzarıqda boş qəbir yerinin ölümündən əvvəl hazırlatmağın düzgün olmadığını deyir. Onun sözlərinə görə, insanın hansı şəraitdə, hansı məkanda öləcəyi ilahi bir sirrdi: "Yəni ölüm gününü, yerini heç kəs əvvəlcədən bilmədiyindən, əvvəldən müəyyən bir məzarlıqda bunun üçün yer hazırlatmaq da gərəksiz hesab olunur. İnsan öldükdən sonra onun kimi yanında, hansı məzarlıqda dəfn olunmasının dünyasını dəyişən insana heç bir  xeyiri yoxdur. İnsanlar vaxtlarını bu işə sərf edincə, yaxşı əməllər ardınca getsələr daha münasibdir".


Sizin Reklam Yeriniz